21/11/2019 17:06
728 x 90

Qarabağ məsələsində son durumla bağlı Ermənistanda həyəcan təbili çalınır

img

“Qarabağ Azərbaycandır və nida işarəsi” şüarı Azərbaycan cəmiyyətini Dağlıq Qarabağ münaqişəsi ətrafında daha sıx birləşdirdiyi halda, Ermənistanda çox böyük təşvişə yol açmaqdadır. Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı çıxışı zamanı Prezident İlham Əliyevin səsləndirdiyi bu fikir elə o vaxtdan bəri erməni mediasında, ekspert dairələrində aktual müzakirə predmetinə çevrilib.

Bundan başqa, Prezident İlham Əliyevin  MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilən Zirvə Görüşündəki çıxışı da işğalçı ölkədə geniş rezonans doğurub. Azərbaycan Prezidentinin hər iki qətiyyətli bəyanatı Dağlıq Qarabağ məsələsində Bakının real mövqeyinin nədən ibarət olduğunu bir daha düşmən ölkəyə nümayiş etdirib. Ermənistanda hesab olunur ki, bunlar Azərbaycan torpaqlarının işğaldan azad ediləcəyi günün uzaqda olmadığına dair İrəvana, ümumilikdə erməni cəmiyyətinə verilən aydın  mesajlardır. Məsələyə bu prizmadan yanaşan erməni azərbaycanşünas Anjela Elibekova bildirir: “Əliyevin “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı Azərbaycanda təbliğat və informasiya müharibəsində yeni tezisi ortaya çıxarıb”. Onun sözlərinə görə, bu tezis yavaş-yavaş konstruksiya xarakteri alır, xüsusilə bu istiqamətdə konfranslar və parlament dinləmələri keçirilir, Azərbaycan Müdafiə Nazirliyi bunu əmr kimi qəbul edib, Azərbaycan icması isə gəncləri birləşməyə və bu prinsipi beynəlxalq arenaya çıxarmağa çağırıb: “Yeni konsept formalaşır, əminəm ki, Azərbaycan bu konsepti beynəlxalq cəmiyyətə təqdim edəcək. Narahatlıq rəsmi mövqeyimizdir ki, təbliğat xəttimizi necə aparacağıq. Bu vəziyyətdə Azərbaycandan bizim üçün proqnozlaşdırılan mənzərəmiz varsa, erməni tərəfinin rəsmi mövqeyi haqqında eyni şeyi deyə bilmərik”. Elibekova qeyd edib ki, Ermənistan hakimiyyəti özündən fərqli üç yanaşmanı önə çəkir: “Ermənistan baş naziri Nikol Paşinyan əvvəlcə bildirdi ki, Qarabağdakı rejim danışıqlar masasına qayıdır, çünki məsələnin həlli üçün onun mandatı yoxdur. Sonra ikinci tezis səslənir ki, “Qarabağ Ermənistandır, vəssalam”. Üçüncü həll isə budur ki, Qarabağ məsələsinin həlli həm Azərbaycan, həm Ermənistan, həm də Qarabağ sakinlərinin maraqlarından irəli gəlməlidir. İndi hansı tezisi rəhbər tuturuq? Təbliğat paketi aydınlaşdırılmalı və inkişaf etdirilməlidir. Biz Qarabağın Ermənistan tərkibinə daxil olması yolu ilə gediriksə, o zaman Azərbaycan bildirir ki, müharibə əməliyyatlarına başlamaqdan başqa bir variant yoxdur. Bəs, Ermənistan bu müharibəyə hazırdırmı? Bunu bilmirik, reallıq da müsbət cavab verməyə imkan vermir. Azərbaycanda isə mənzərə tamam başqadır”.

Erməni şərhçi Razmik Akopcanyan isə bildirir ki, Bakı son dövrlərdə geosiyasi vəziyyəti də böyük məharətlə öz lehinə dəyişə bilib. O, bu durumda hətta Rusiyanın da Ermənistanı tərk etməsinin İrəvan üçün böyük fəsadlar yaratdığını vurğulayır. Bildirir ki, yaranmış situasiyada artıq Rusiya-Azərbaycan tandemi birlikdə Ermənistana hücuma keçir və Dağlıq Qarabağ məsələsində Bakının əli daha da güclənir. O, vəziyyətdən çıxış yolu kimi baş nazir Nikol Paşinyanın hakimiyyətdən getməsini təklif edir, hesab edir ki, indiki baş nazir tutduğu posta adekvat deyil: “Paşinyan rəqiblərinin addımlarını hesablaya bilmir. Bəli, məhz rəqiblərinin. Azərbaycan prezidentinin “Valday”dakı çıxışları, xüsusən də “Qarabağ Azərbaycandır və nida işarəsi” kimi fikri göstərir ki, Bakı və Moskva İrəvanı küncə sıxışdırmaq taktikasına start verib. Azərbaycan və Rusiyanın Ermənistana təzyiqi güclənəcək. Xilası Paşinyandan gözləmək lazım deyil, biz Nikolsuz hər şeyin öhdəsindən gələ bilərik”.

Göründüyü kimi, bölgədə proseslərin inkişafı dəyişir və Azərbaycan lideri “Qarabağ Azərbaycandır və nida işarəsi” kimi bir cümlə ilə İrəvana çox ciddi zərbə vurub. “Nikolsuz Ermənistan” fikirlərinin ortaya çıxmasını bu prosesin başlanğıcı hesab etmək olar. Proseslərin inkişafı Ermənistanın vəziyyətinin daha da ağırlaşacağını təxmin etməyə imkan verir. Ermənistan Baş Qərargahının keçmiş rəisi, general-leytenant Norat Ter Qriqoryants qeyd edir ki, Bakının bu vəziyyətdə Qarabağ məsələsini savaş yolu ilə çözmək niyyəti İrəvanın mövqeinə vurlumuş növbəti ciddi zərbə olacaq. O xatırladır ki, Azərbaycan hələ məlum aprel müharibəsində ön cəbhəyə silahlı qüvvələrinin cəmi 20%-ni cəlb etmişdi: “Erməni tərəfi komandirlərini, zabitlərini, əsgərlərini itirdi. Bizim tərəfimizdən aradan qaldırılmalı çatışmazlıqlar vardı. İndi də  Azərbaycan yeni hücum üçün uyğun zaman gözləyir: Azərbaycan  hərbi təlimə başlayanda biz hazır olmalıyıq. Belə ki, onlar qəfildən hərbi fəaliyyətə keçə bilərlər. Bir tərəfdən atəş açıb, digər tərəfdən hücum edə bilərlər. Özü də ordularını gücləndirdikləri bir vaxtda bunu etmələrinə dair ehtimal daha da artır”. Belə vəziyyətdə erməni general ölkəsinin Avrasiya İqtisadi Birliyi və Kollektiv təhlükəsizlik Müqaviləsi təşkilatı üzrə mütəffəiqlərinin bir çoxunun Azərbaycanın yanında olan türk dövlətləri olmasının da kifayət qədər narahatverici fakt olduğunu vurğulayır. Ümumuiyyətlə,  türkdilli ölkələrin Dağlıq Qarabağ məsələsində mövqeyi yetərincə aydın və birmənalıdır. Onlar bildirir ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü bərpa olunmalıdır. Qarabağla bağlı belə ədalətli mövqe və çağırışlar Bakıda keçirilən türkdilli ölkələrin xarici işlər nazirlərinin toplantısında və ardınca keçirilən Türk Şurasının 7-ci zirvə toplantısında da səsləndi. Ekspertlər hesab edir ki, bu, eyni zamanda işğalçı Ermənistana və bölgədə səfərdə olan həmsədrlərə mühüm xəbərdarlıqdır. Erməni siyasi ekspert Aram Amatuni də məsələnin bu tərəfinə diqqət çəkərək qeyd edir ki, Türk Şurasının 7-ci zirvə toplantısı ATƏT-in Minsk Qrupu həmsədrlərinin regional səfəri ilə eyni vaxta təsadüf edib.  Onun sözlərinə görə, zirvə toplantısında səsləndirilən açıqlamalar fonunda Minsk Qrupu həmsədrlərinin səfəri olduqca ziddiyyətli bir şəkil alır: “Həmsədrlər Ermənistandan hansı məzmunda və nə istəyirlər? Üç güc mərkəzinin hazırda Suriyadakı Türkiyənin başlatdığı müharibədən sonra ziddiyyətli mövqeləri var və bu heç də yeni bir xəbər deyil”. Onun sözlərinə görə, həmsədr ölkələrin yeni regional gərginliyə qarşı konsensusunun olması aydın olduğu üçün Qafqaz haqqında da eyni şey demək olmaz: “Ancaq problem ondadır ki, ən azı ortamüddətli dövrdə bu gərginliyin qarşısını almaq və ya susdurmaq baxımından məntiq nəyi ifadə edir? Bu kontekstdə Ermənistanın, o cümlədən Qarabağ da daxil olmaqla nəzərdən keçirdiyi məqam xüsusi hala gəlir. Ermənistan mümkün vasitələrlə dəstəklənən regional təhlükəsizlik və sabitlik bölgəsinin bir hissəsi sayılır, yoxsa Azərbaycan və Türkiyənin qəniməti kimi qiymətləndirilir? Real vəziyyətdə daha çox qənimətə oxşayır. Yəqin ki, Türkiyənin Suriya əməliyyatları başa çatdıqdan sonra diqqət Ermənistana yönələcək”.

Ermənistan “Milli Gündəlik” partiyasının həmtəsisçisi Avetik Çalabyan isə bildirir ki, belə vəziyyətdə Rusiyanın müdaxiləsi olmasa, Azərbaycan və Türkiyə Ermənistanı sözün həqiqi mənasında əzəcək. O qeyd edib ki, Ermənistan gec-tez kürdlərin vəziyyətinə düşmək istəmirsə, özünə bir neçə vacib sualı verməlidir:“1. Niyə bəzi insanlar daim iddia edirlər ki, Gümrüdəki rus hərbi bazasını Ermənistandan çıxarmaq lazımdır və hətta onun yerində yaranmış boşluğu kimin doldurmalı olduğunu izah etmirlər (xatırladım ki, 1918-1921-ci illərdə Türkiyə iki dəfə doldurub). 2.  Niyə bu insanlar qürurla iddia edirlər ki, bizə hərbi büdcəni artırmaq lazım deyil, çünki biz artıq 4 qırıcı təyyarə alırıq. Unudurlar ki, Azərbaycanın buna yaxın sistemdə artıq 16 qırıcısı var, Türkiyə isə ümumilikdə bu sistemin 240 təyyarəsinə malikdir. Əgər bu sualların cavablarını tapmasaz, düşünün ki, bəlkə də bütün bunlar sabah kürdlərin yerini bizim dolurmağımız üçün edilir. Bax onda Azərbaycan “Qarabağda istəyini əldə edəcək, Türkiyə bu prosesdə ona yardımçı olacaq. Rusiyanın isə bizi tək qoyması şərtləri tam şəkildə Azərbaycanın lehinə dəyişir. Bakı geosiyasi durumu tamam başqa rakursda Ermənistana qarşı formalaşdırıb”.

Beləliklə, Ermənistanın təcavüzkarlıq və işğalçılıq siyasəti ilə özü-özünü saldığı çıxılmaz vəziyyətin düşmən ölkəni daha böyük bataqlığa sürəklədiyi aydın görünür. Bu ölkənin Azərbaycanla münasibətləri yoluna qoymadan, genişmiqyaslı regional əməkdaşlığa inteqrasiya olmadan, işğal faktını aradan qaldırmadan xilası mümkün deyil. Bütün bunları yaxşı bilən Ermənistanın indiki rəhbərliyi hələ də məntiqdən uzaq hərəkət edərək  danışıqlar prosesini pozan absurd bir mövqe sərgiləyir. Amma bu durumda erməni cəmiyyətini qorxudan odur ki, Azərbaycanın da səbrinin bir həddi var. O tükənəndən sonra Ermənistan üçün olduqca acınacaqlı bir vəziyyət yaranacaq. Onda erməni separatizminin zəbt olunmuş ərazilərdə tör-töküntülərini heç kim və heç nə xilas edə bilməyəcək. Eləcə də Ermənistan özü hadisələrin bu səpkidə inkişafından çox ciddi zərbə almış olacaq. Hər halda, proseslərin inkişaf axarı indiki şəraitdə elə buna doğru gedir. Özü də bunlar o vaxtda baş verir ki, dünya yaranmış durumda Azərbaycanın mövqeyinə daha çox dəstək verir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.

Son xəbərlər