13/11/2019 16:03
728 x 90

Rusiyalı həmsədr Aşqabadda Əliyevlə Paşinyanın müzakirə apardıqlarını ilk dəfə təsdiqlədi

Azərbaycanlı icma rəhbəri nəticəsiz danışıqları həmsədrlərə irad tutdu

img

ATƏT-in Minsk Qrupunun Rusiyadan olan həmsədri İqor Popov həmsədrlərin regiona səfərinin nəticələri ilə bağlı məlumat verib.

“Trend”in məlumatına görə, İ.Popov bildirib ki, həmsədrlərin regiona səfəri oktyabrın 17-də yekunlaşır: “Biz srağagün İrəvanda olduq, Xarici İşlər naziri, Müdafiə naziri ilə görüşdük. Bu gün isə Azərbaycan Prezidenti İlham Əliyevə görüşdük, eyni zamanda, gördüyünüz kimi, biz Dağlıq Qarabağın Azərbaycanlı icması ilə görüşürük. Biz görüşlərdə danışıqlar prosesi ilə bağlı vəziyyəti müzakirə etdik, tərəflərin istəklərini dinlədik. Biz, eyni zamanda, Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinin Aşqabadda baş tutan danışıqlarının nəticələrini müzakirə etdik. Hesab edirik ki, nəticələr pis deyil”.

İ.Popov, həmçinin, nazirlər səviyyəsində görüşlərin təşkil edilməsi məsələsinə toxunub: “Biz hələ ki, xarici işlər nazirləri səviyyəsində görüşlərinin təşkil edilməsini davam etdirməyi planlaşdırırıq. Bu görüşləri beynəlxalq tədbirlər çərçivəsində təşkil etmək mümkündür. Dekabr ayında ATƏT-ə üzv olan dövlətlərin xarici işlər nazirlərinin görüşü olacaq. Tərəflər istəklərini ifadə etsələr, biz görüşü təşkil edə bilərik”.

Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyində ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüş keçirilib.

Görüşdə çıxış edən birlik sədri Tural Gəncəliyev bildirib ki, Azərbaycan cəmiyyəti danışıqlar prosesinin nəticəsiz qalmasından narahatdır: “Bizdən danışıqlar prosesinin nəticəsi barədə soruşurlar, ancaq mən onlara konkret cavab verə bilmirəm. Əlbəttə, biz sizin səylərinizi qiymətləndiririk, ancaq nəticəsiz danışıqlar cəmiyyəti narahat edir. Biz konkret nəticələr görmək istəyirik”.

Birlik sədrinin sözlərinə görə, Azərbaycan tərəfi məsələnin sülh yolu ilə həllini tapmasına, sülh şəraitində yaşamağa hazırdır: “Lakin ermənilər buna hazır deyillər. Dağlıq Qarabağın erməni icması birgə sülh şəraitində yaşamaqdan imtina edir”.

Son xəbərlər