13/11/2019 15:43
728 x 90

Baş nazir Əli Əsədova iş platforması – hökumətin əsas vəzifələri necə olmalıdır...

Qabil Hüseynli: “Nazirlər Kabinetinə kadr seçəndə birinci onun peşəkarlıq qabiliyyəti nəzərə alınmalıdır”

img

Prezident İlham Əliyev keçirilən iqtisadi müşavirədə Baş nazir vəzifəsinə gətirilən Əli Əsədova verdiyi tapşırıqlardan danışıb. Ölkə başçısı Ə.Əsədovun Baş nazir təyin edilməsi ilə bağlı bir sıra məqamlara toxunub: “Bir neçə gün bundan əvvəl mənim sərəncamımla Ə.Əsədov Baş nazir vəzifəsinə təyin edilib. Ə.Əsədov uzun illər mənim köməkçim kimi fəaliyyət göstərib. Əminəm ki, Baş nazir kimi o, mənim tərəfimdən qarşıya qoyulan vəzifələri icra edəcək. Əsas vəzifə iqtisadi artımı daha da yüksək rəqəmlərə qaldırmaq və islahatları davam etdirməkdir”.

Bununla belə, Prezident çıxışında yeni Baş nazirin qarşısında bir sıra tapşırıqlar qoyub: “Mən Ə.Əsədovu bu vəzifəyə təyin edərkən ona bir çox vəzifələr tapşırdım. Onun qarşısına vəzifə qoydum ki, islahatlar aparılmalıdır, o cümlədən, kadr islahatları. Müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, savadlı gənc kadrlar işə cəlb edilməlidir. Biz XXI əsrdə yaşayırıq, köhnə təfəkkürlə, köhnə biliklərlə gələcəyə necə gedə bilərik? Nə qədər biz təbii resurslara arxalanaraq, necə deyərlər, belə ətalət yolu ilə gedə bilərik? Düzdür, islahatlar aparılır, dediyim rəqəmlər bunun əyani sübutudur. Hər bir ölkə bu nəticələrlə öyünə bilər. Ancaq biz bilirik ki, ehtiyatlarımız çoxdur. Onu da bilirik ki, əgər hər hansı dövlət və ya özəl quruma təmiz, bilikli və Vətənə bağlı kadr gətirilirsə, biz orada dərhal dəyişiklikləri görürük”.

Qeyd edək ki, Ə.Əsədov bu ilin oktyabr ayının 8-də Baş naziri təyin olunub. Prezident İlham Əliyevin məlum fikirləri, bir növ, Nazirlər Kabinetinin yeni simasını müəyyən edir. Əslində, ölkənin Nazirlər Kabineti sırf yuxarıda sadalanan prinsiplər əsasında qurulmalı və fəaliyyət göstərməlidir. O üzdən, belə bir kabinetin formalaşdırılması Baş nazirin başlıca vəzifəsi olmalıdır. İslahatların aparılması ilə yanaşı, müasir dövrün tələblərinə uyğun kadrların seçilməsi Nazirlər Kabinetinin daha çevik və dinamik fəaliyyət göstərməsinə təkan verəcək. Eyni zamanda, qurumun işləkliyini artıracaq. İndiyə qədər əvvəlki baş nazirlərin timsalında bu özünü göstərməyib. Ümid edirik ki, bundan sonra belə olmayacaq.

Maraqlıdır, bəs ekspertlər bunu necə dəyərləndirirlər?

  • “İslahatların taleyini məhz belə kadrlar müəyyən edəcək”

Məsələyə münasibət bildirən sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynlinin sözlərinə görə, Prezident Nazirlər Kabineti ilə bağlı çox önəmli məqamlara toxundu: “Hesab edirəm ki, Nazirlər Kabinetinin effektivliyini artırmaq üçün bir sıra işlər görülməlidir. Birinci növbədə Nazirlər Kabinetinin səlahiyyətləri artırılmalıdır. O mənada ki, sözügedən qurum Prezident Administrasiyasının bir şöbəsi kimi deyil, praktiki olaraq, müstəqil bir struktur kimi fəaliyyət göstərməlidir. Digər tərəfdən, Nazirlər Kabinetinə kadr seçəndə birinci onun peşəkarlıq qabiliyyəti nəzərə alınmalıdır. Nə dərəcədə peşəkardır və işinin öhdəsindən necə gəlir? Ən başlıcası, həm də müəyyən iş təcrübəsi olmalıdır. Xaricdə oxuyan cavan kadrları ucdantutma vəzifəyə yerləşdirmək olmaz. Onlar müəyyən məktəb, təcrübə keçməlidirlər. Ancaq qocalmış, öz dövrünü başa vurmuş kadrlar var ki, hakimiyyətdə ikitirəlik yaradırlar. Cavan kadrların irəli çıxmasına maneçilik törədirlər. Bu nöqteyi-nəzərdən də Baş nazir bir sıra parametrlərə diqqət etməlidir. Sırf peşəkarlıq meyarlarına görə kadrları seçmək lazımdır. İslahatların taleyini məhz belə kadrlar müəyyən edəcək. Belə olduğu halda, Nazirlər Kabineti çevik və effektiv fəaliyyət göstərəcək”.

Vidadi ORDAHALLI

Son xəbərlər