12/11/2019 23:24
728 x 90

Türk Şurası Avropa Birliyi kimi söz sahibinə çevrilə bilər...

img

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) VII sammiti sona çatdı.

Zirvə görüşü Türk Şurasının yaradılması haqqında 3 oktyabr 2009-cu il Naxçıvan sazişinin imzalanmasının 10 illiyinə həsr edilib. Xatırladaq ki, o vaxt sazişi Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan liderləri imzalamışdı.

Elə Azərbaycan Prezidenti cənab İlham Əliyev də öz çıxışında ilk olaraq bu məqamdan bəhs etdi:

“Türk Şurasının VII Zirvə Görüşü Naxçıvan Sazişinin imzalanmasının onuncu ildönümünə təsadüf edir. 2009-cu ilin oktyabrında dövlət başçılarının Azərbaycanın qədim şəhəri Naxçıvanda keçirilmiş Zirvə Görüşündə ölkələrimiz arasında əməkdaşlığın təsisatlanmış yeni formatı yaradıldı. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasında Zəngəzur yerləşir. Vaxtilə Zəngəzur bölgəsinin Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Ancaq Naxçıvanda qəbul etdiyimiz qərarlarla və birgə işimizlə biz türk dünyasının birliyini daha da gücləndirdik və qardaşlığımızı davam etdiririk. Bu mənada Türk Şurasının yaradılmasına dair qərarın məhz Naxçıvanda keçirilmiş Zirvə Görüşündə qəbul edilməsi türk dünyası üçün böyük rəmzi əhəmiyyətə də malikdir”.

Prezident daha sonra qeyd edib ki, ötən on il ərzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası bir təşkilat kimi əhəmiyyətli inkişaf yolu keçib. Prezident bildirib ki, Şura ölkələrimiz arasında siyasi, iqtisadi, nəqliyyat, humanitar, turizm, informasiya və kommunikasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın inkişafında mühüm rol oynayır. Hazırda Türk Şurasının mötəbər beynəlxalq təşkilatlarla əlaqələri genişlənir, BMT, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi qurumlarla səmərəli əməkdaşlıq mövcuddur.

Prezident xüsusi vurğulayıb ki, tarixən qədim İpək Yolunun üzərində yerləşən ölkələrimiz arasında nəqliyyat sahəsində əməkdaşlıq, təbii ki, əsas istiqamətlərdən biridir. “Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin fəal iştirakçısıdır. 2017-ci ilin oktyabr ayında istifadəyə verilmiş Bakı-Tbilisi–Qars dəmir yolu tarixi İpək Yolunun bərpasına bizim müştərək töhfəmizdir. Bakı Beynəlxalq Dəniz Limanı 15 milyon ton yük və 100 min konteyner yükaşırma qabiliyyətinə malikdir. Ehtiyac olduğu təqdirdə limanın yükaşırma qabiliyyəti 25 milyon ton yük və 1 milyon konteynerə kimi artırıla bilər. Azərbaycan etibarlı tranzit ölkəsi olaraq türkdilli ölkələrin dünya bazarlarına çıxışı üçün səylərini davam etdirir. 2018-ci ildə türkdilli ölkələrdən 8 milyon ton yük Azərbaycan vasitəsilə daşınıb”.

Zirvə toplantısıyla bağlı fikirlərini açıqlayan politoloq Əziz Əlibəyli deyir ki, Türkdilli dövlətlərin əməkdaşlıq Şurasının Bakı sammitinin yekunlarını yüksək dəyərləndirmək lazımdır. “Özbəkistanın qayıdışı xüsusilə müsbət haldır. Atillanın nəvələrinin – macarların birliyə gəlişi isə olduqca təqdirəlayiqdir. Bu görüşdə Türkiyənin regionda mövqeyi dəstəkləndi, Qarabağla bağlı Azərbaycanın mövqeyi istisnasız qəbul edildi. Macarıstanın təklifi ilə TB ilə AB arasında danışıqlar təklifi olduqca səmərəlidir. Həm də TB ölkələrinin dünya qarşısında vahid mövqe sərgiləməsi, dünyaya bir türk mesajı verməsi olduqca əhəmiyyətli oldu”.

Politoloqun fikrincə, Şura üzvləri konkret iqtisadi layihələdən faydalanmağa başlayandan sonra ideoloji xətt də güclənməyə başlayacaq. “Bu baxımdan Nazarbayev, Ərdoğan və Əliyevin üzərinə daha çox yük düşür. BTC xətti ilə yanaşı, Orta Asiya respublikalarının enerji resurslarının Azərbaycan vasitəsilə dünya bazarına nəqli də gündəmdədir. Xəzərin altı ilə Orta Asiya qazını–neftini nəql etmək mümkün olsaydı, bütövlükdə böyük bir region faydalana bilər, nəticədə Orta Asiya və Qafqaz rifaha qovuşar”.
“Dünyada gedən prosesləri təhlil etdikdə belə bir qənaət əldə olunur ki, gələcəkdə türkdilli ölkələrin əməkdaşlığı daha da möhkəmlənəcək”. Bunu isə millət vəkili Nəsib Məhəməliyev deyib.

Deputat vurğulayıb ki, Türk Şurası perspektivdə Avropa Birliyi kimi güclü söz sahibinə çevrilə bilər:

“Türk ölkələri ilə əməkdaşlıqda ölkəmizin mövqeyi olduqca zəruridir və körpü yolunu oynayır. Türkiyənin terrorçuluğa qarşı apardığı mübarizədə qardaş ölkələrin bir araya gələrək dəstək vermələrinin əhəmiyyəti olduqca böyükdür. Həmçinin, Avropa Parlamentində Türkiyənin əleyhinə qətnamənin qəbul olunmasına imkan verməyən Macarıstan baş naziri Viktor Orbanın iştirakı da sammitin nüfuzunun artması deməkdir. Xüsusi olaraq Özbəkistan prezidenti Şavkat Mirziyoyevin böyük bir nümayəndə heyəti ilə birlikdə Türk Əməkdaşlıq Şurasının işində iştirakını vurğulamaq istərdim. Hamıya bəllidir ki, uzun illər müəyyən səbəblərə görə Özbəkistan Türkdilli Ölkələrin Əməkdaşlıq Sammitlərində iştirak etmirdi. Ancaq yeni prezident cənab İlham Əliyevlə görüşündə səmimi, xeyirxah fikirləri ilə Azərbaycana olan münasibətini tam açıqlığı ilə ortaya qoydu. Adətən MDB dövlət başçıları, hətta türkdilli dövlətlərin rəhbərləri bəzi hallarda ərazi bütövlüyümüzlə bağlı qəti fikir deməkyə ehtiyatlanırdılar. Bu baxımdan Mirziyoyevin qətiyyətli mövqeyi həm ikitərəfli münasibətlərə, həm də türkdilli ölkələrin inteqrasiyasına öz töhfəsini verəcək”.

S.MƏMMƏDLİ

Son xəbərlər