13/11/2019 15:43
728 x 90

ABŞ Türkiyənin “İncirlik” bazasındakı nüvə silahlarını çıxarır - iki NATO ölkəsi arasında görünməmiş gərginlik... - YENİLƏNDİ

PKK nəzarətində olan bölgələrə sürətlə Əsəd qüvvələrini yerləşdirir

img

Türkiyənin Suriyada ABŞ-ın müttəfiq kimi gördüyü PKK/PYD-YPG terrorçularına qarşı başlatdığı “Barış Pınarı” (Sülh bulağı) əməliyyatı və ardınca sanksiya təhdidləri Ankara-Vaşinqton xəttində gərginliyi getdikcə daha da artırır.

Baki-xeber.com xəbər verir ki, “New York Times” qəzetinin yaydığı bir xəbər isə iki ölkə arasında gərginliyin nə qədər ciddi olduğunu bir daha ortaya qoyur.

Qəzetin iddiasına görə, ABŞ rəsmiləri “İncirlik” hərbi hava bazasındakı təxminən 50 nüvə silahını Türkiyədən çıxarmağa hazırlaşır. "Tramp Suriyada instinktlərinə güvəndi, fəlakət sürətlə gəldi" başlıqlı yazıda iki ABŞ rəsmisinə istinadən qeyd edilir ki, Vaşinqton “İncirlik”dəki təxminən 50 nüvə silahını bu ölkədən çıxarmaq planı üzərində işləyir. Xəbərdə bu silahların “İncirlik”dən çıxarılması Türkiyə ilə ABŞ arasındakı müttəfiqlik münasibətlərinin “rəsmən bitməsi” mənasına gələcəyi kimi şərh edilir.

Adı açıqlanmayan yüksək rütbəli ABŞ rəsmisi “İncirlik”dəki nüvə silahları ilə bağlı "indi onlar Ərdoğanın girovudur" ifadəsini işlədib.

Qəzet sonda Ərdoğanın bir ay əvvəl "Bəzilərinin əlində nüvə başlıqlı raket var, amma mənim əlimdə nüvə başlıqlı raket olmasın! Mən bunu qəbul etmirəm" açıqlamasını xatırladaraq Türkiyənin də nüvə silahlarına sahib olmaq istəyində olduğunu yazıb.

Qeyd edək ki, Türkiyənin 3 naziri və iki nazirliyinə sanksiya tətbiq edən ABŞ Suriyanın şimalında Türkiyə ordusunun “Barış Pınarı” (Sülh bulağı) əməliyyatının əsas hədəfində olan Menbiç bölgəsini Rusiya və Suriya ordusuna verərək əsgərlərini geri çəkib. Menbiç hazırda Rusiya və Suriya ordusunun nəzarətindədir. Moskva bölgədəki rus ordusunun Menbiçdəki vəziyyətlə bağlı Türkiyə ordusu ilə əlaqədə olduğunu bildirib. Suriya ordusunun isə Türkiyənin hücumlarının qarşısını almaq üçün Menbiç ətrafında yerləşdirildiyi bildirilir.

Münbiçi gündəmə gətirən xəbərlərdən biri də YPG-nin əsasını təşkil etdiyi Suriya Demokratik Qüvvələri (SDQ) ilə Əsəd rejim arasında razılaşması iddiasıdır. SDQ-nin, Münbiç və Kobani də daxil olmaqla, nəzarət etdiyi bölgələrə rejim qüvvələrini çağırdığı iddia edilir. Artıq qeyd edildiyi kimi, rejimə aid qüvvələr Münbiçdə nəzarəti ələ keçirib. Türk təhlükəsizlik qüvvələri də, rejim qüvvələrinin Münbiçin cənubunda yerləşdirildiyini deyir.

SDQ ilə Dəməşq rəhbərliyinin tarazlıqda razılaşdıqları iddiası ilə yaradılan fəaliyyət

Fəratın şərqində də hərəkətlilik müşahidə edilir. Əsəd qüvvələrinin Hasekeyə girdikləri və şəhərin şimal-qərbindəki Tel Tamerə yerləşdirildiyinə dair də xəbərlər yayılıb. Rejim qoşunlarının Raqqanın şimalındakı Ayn İsaya da girdikləri iddia edilir.

Qeyd edilir ki, Kamıslının bütün məktəblərində və hökumət idarələrində PYD/YPG bayrağı endirilib və Suriya bayrağı qaldırılıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rejimin Münbiçə girməsi, YPG ilə razılaşdığına dair xəbərlərə münasibət bildirib: "Biz, xüsusilə Münbiçdə olmalıyıq demirik, belə bir problemimiz yoxdur. Bizim yalnız bir problemimiz var, ya Rusiya, ya da rejim, terror təşkilatı YPG/PYD-ni buradan çıxsın. Rejimin YPG ilə razılaşdığını düşünmürəm”.

Ərdoğan başqa bir açıqlamasında isə deyib: "Münbiçdə rejimin olması mənim üçün çox da mənfi hal deyil. O, ərazilər onların öz torpaqlarıdır. Ancaq burada terror təşkilatlarının olmaması mənim üçün çox önəmlidir. Yəni bizim onlara söylədiyimiz “YPG/PYD burada qalacaq ya yox?" Putinə də bunu dedim. Əgər Münbiçi terror təşkilatlarından təmizləyirsinizsə, buyurun buranın bütün təhlükəsizliyini təmin edin və ya rejim etsin. Ancaq bunu belə etməyəcəksinizsə, oradakı qəbilələr bizə “gəlin bizi xilas edin” deyirlər. Çünki Münbiçin 85-90 faizi ərəblərdir. Kürdlər deyil. Ancaq bu günə qədər bunun cavabını nə Putindən almışıq, nə də rejimdən”.

Son xəbərlər