12/11/2019 23:04
728 x 90

Bakı müasir dünya düzəni üçün inqilabi hadisəyə evsahibliyi etdi – Türk Dövlətləri Təşkilatı yaradıldı

Türkmənistan sonuncu türk dövləti kimi təşkilata dəvət aldı...

img

Oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirilib. Prezident İlham Əliyev Zirvə Görüşünü açaraq dövlət və hökumət başçılarını salamlayıb.

Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov çıxış edərək, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyin Azərbaycana keçdiyini bildirib.

Prezident İlham Əliyev Zirvə Görüşündə çıxış edib.

Sonra dövlət başçısı “Türk dünyasının Ali Ordeni”ni Qazaxıstan Respublikasının birinci Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəxri sədri Nursultan Nazarbayevə təqdim edib.

Zirvə Görüşündə Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Macarıstanın Baş naziri Viktor Orban, Türkmənistan Baş nazirinin müavini Purli Aqamuradov, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev çıxış edib.

Növbəti Zirvə Görüşünün Türkiyə Respublikasında keçirilməsi qərara alınıb.

Daha sonra sənədlərin imzalanması mərasimi olub.

Azərbaycan Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünə yekun vurub.

Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında sədrliyi dövründə ölkələr arasında əməkdaşlığın möhkəmlənməsinə səy göstərəcək. Bunu Prezident İlham Əliyev deyib.

“Şura siyasət, iqtisadiyyat, turizm və s. sahələrdə mühüm rol oynayır”, - Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VII Zirvə görüşündə çıxışı zamanı bildirib.

Şuraya sədrlik Qırğızıstandan Azərbaycana keçib.

“Azərbaycan TDƏŞ-də sədrliyi qəbul edir. Biz üzv ölkələri arasında münasibətlərin dərinləşməsi və genişlənməsi üçün daha artıq səy göstərəcəyik”, - Prezident qeyd edib.

Əliyev bəyan edib ki, bu il TDƏŞ-nin yaranmasının 10 ili tamam olur. TDƏŞ-in ilk sammiti Azərbaycanın Naxçıvan Muxtar Rspublikasında keçirilib.

“Bildiyiniz kimi, Naxçıvan Azərbaycanın materik hissəsindən ayrılıb. Onların arasında Zəngəzur yerləşir. Zəngəzurun Ermənistana verilməsi Türk dünyasında coğrafi parçalanma yaratdı”, - prezident vurğulayıb.

İ.Əliyev qeyd edib ki, Azərbaycanın işğal olunmuş ərazilərində məscidləri dağıdan Ermənistan islam dünyasının dostu ola bilməz. “Ermənistan işğal etdiyi ərazilərdə Azərbaycanın tarixi-mədəni irsini məhv edir. Ermənistan beynəlxalq təşkilatların qərarlarına məhəl qoymur və onların yerinə yetirilməsi üzrə öhdəliklərdən boyun qaçırır”, - o vurğulaylıb.

Əliyev əlavə edib ki, 2019-cu ilin 9 ayı ərzində Azərbaycana 2,4 mln. turist səfər edib. “Onların 330 min nəfəri tükdilli dövlətlərin payına düşüb. Bir il öncə həmin ölkələrdən turistlərin sayı 285 min nəfər olub”, - o bildirib.

Sammit çərçivəsində Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev TDƏŞ-in ali ordeni ilə təltif olunub və ordeni İlham Əliyev təqdim edib.

Qazaxıstanın birinci prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) fəxri sədri Nursultan Nazarbayev Şuranı Türk Dövlətləri Təşkilatı adlandırmağı təklif edib.

“İki təklifim var - “Türk Baxışı 2040” proqramının hazırlanması və TDƏŞ-in adının dəyişdirilməsi. Hesab edirəm ki, Şuranı təşkilat səviyyəsinə qaldırmaq mümkündür. Bununla əlaqədar şuramızı Türk Dövlətləri Təşkilatı adlandıra bilərik”, - deyə N.Nazarbayev Bakıda TDƏŞ-in 7-ci Zirvə görüşündə bildirib.

Qırğızıstan prezidenti Soronbay Jeenbekov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələrə İT texnologiyaları və yaşıl iqtisadiyyat sahəsində əməkdaşlığı gücləndirməyi təklif edib.

"İT texnologiyaları və yaşıl iqtisadiyyat sahəsində əməkdaşlığı gücləndirməyi təklif edirəm", - deyə o, TDƏŞ-in 7-ci Zirvə Görüşündə bildirib.

Prezident həmçinin qeyd edib ki, TDƏŞ ölkələri kənd təsərrüfatı sahəsində və nəqliyyat dəhlizləri ilə bağlı əməkdaşlığı genişləndirə bilər.

"Qırğızıstan və Qazaxıstanın Avrasiya İqtisadi Birliyinə üzv olması TDƏŞ-dəki tərəfdaşlarımız üçün 190 mln. nəfəri əhatə edən bazar açır", - deyə S.Jeenbekov əlavə edib.

Türkiyə BMT Təhlükəsizlik Şurasına təqdim olunan plana əsasən Suriyada terrorçulara qarşı əks-terror hərbi əməliyyatı həyata keçirir. Bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan deyib.

“Dövlətimizin şimal sərhədlərində terrorçulara qarşı əməliyyatlara başlarkən mühüm addımlar atmışıq. Əməliyyat BMT Təhlükəsizlik Şurasına təqdim olunan plana əsasən həyata keçirilir”, - Ərdoğan Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VII Zirvə görüşündə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Ankara “terror təhlükəsi tam aradan qalxmayana qədər hərbi əməliyyatları davam etdirəcək”. “Terrorizmlə mübarizədə bizi dəstəkləmənizi xahiş edirəm”, - o əlavə edib.

Türkiyə birinci mərhələdə Suriyaya 1 mln. qaçqını, ikinci mərhələdə - daha 2 mln. nəfəri qaytaracaq. Bunu da prezident Rəcəb Tayyip Ərdoğan deyib.

“İnşallah, qısa zaman ərzində İraqa qədər səhədimizi təhlükəsiz vəziyyətə gətiriləndən sonra ilk mərhələdə 1 mln. qaçqın, ikinci mərhələdə - daha 2 mln. nəfər Suriyaya qayıdacaq”, - Ərdoğan bildirib.

“Türkiyə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllinə kömək etməyə davam edəcək” deyən Ərdoğan “Azərbaycan torpaqlarının - Dağlıq Qarabağ və ona bitişik 7 rayonun Ermənistan tərəfindən işğal olunması nəticəsində 1 milyondan çox insan evlərini tərk etməyə məcbur olub. BMT Baş Assambleyasının iclasında qeyd edildiyi kimi, bu, qəbuledilməz vəziyyətdir", – deyə bildirib.

Onun sözlərinə görə, Ankara Dağlıq Qarabağ probleminin ən qısa müddətdə Azərbaycanın ərazi bütövlüyü əsasında sülh yolu ilə həlli üçün bundan sonra da əlindən gələni edəcək.

Ərdoğan bəyan edib ki, Türkmənistanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olmasına şad olardı:“TDƏŞ-in növbəti sammiti Türkiyədə keçiriləcək. Həmin tədbirdə Türkmənistanı görməyə şad olardıq. Bir xalqın 6 dövlətinin (türk – İF) hər biri tam tərkibdə birlikdə olacaq”. Onun sözlərinə görə, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) 8-ci Zirvə görüşünün 2020-ci ildə keçirilməsi planlaşdırılır.

Son xəbərlər