12/11/2019 22:13
728 x 90

Bir millətin həqiqətən iki mətbuatı olmaz - Əli Həsənov medialararası inteqrasiyada yeni müzakirə tezisi açdı...

Azər Həsrət: “Bunun, həmçinin, ölkələrimiz arasındakı ünsiyyətin dərinləşməsinə də böyük faydası olacaq”

img

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Qlobal medianın inkişaf trendləri: Risqlər və İmkanlar” Bakı Beynəlxalq Media Konfransında çıxış edib. O qeyd edib ki, Azərbaycanla Türkiyə arasında əlaqələrin təməli sağlam qoyulub: “Ulu öndər Atatürk tərəfindən zamanında bəyan olunan “Türkiyə və Azərbaycanın sevinci də, kədəri də birdir” və Ümummilli lider Heydər Əliyev tərəfindən səsləndirilən “bir millət, iki dövlət” formulası bu gün bizim bütün sahələr üzrə birliyimizə xidmət göstərir.

Tək millətin iki mətbuatı ola bilməz, tək millətin iki diasporu ola bilməz. Biz həm mətbuatımızı, həm diasporumuzu birləşdirməliyik və beynəlxalq aləmdə bizə tuşlanan güclərə qarşı birgə müqavimət göstərməkdə davam etməliyik”.

Göründüyü kimi, Əli Həsənov media sahəsində əməkdaşlığın daha genişlənməsi istiqamətində yeni tezis ortaya qoyub və bəyan edib ki, bir millətin iki mətbuatı ola bilməz. Bu tezisin inkşaf etditilməsinin nə kimi faydaları olar?

  • “Başqa bir xeyri isə düşmənə qarşı mübarizədə vahid mövqeni ortaya qoya biləcəyimizlə bağlıdır”

Media məsələləri üzrə ekspert Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bizim ölkə olaraq Türk dünyasının birliyində oynadığımız rol çox mühümdür: “Azərbaycan bu inteqrasiyada lokomativ rolunu oynayır. Bu yalnız hazırda belə deyil. 100 il əvvəl də Azərbaycan türkləri Türk dünyasının birliyi, bərabərliyi üçün dərindən çalışıblar. Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə kimi böyük şəxsiyyətlərimiz bu yolda əllərindən gələni ediblər. Sevindiricidir ki, müasir Azərbaycan dövləti də bu missiyanı layiqincə yerinə yetirir. Dünyanın hər yerindən olan türklər gəlib Bakıda tez-tez görüşə bilir. Biz bu yöndə olan mühüm tədbirlərə daim evsahibliyi edirik. Bakıdakı mətbuat yarandığının ilk illərində Türk dünyasının hər yerinə ayrıca diqqət yetirib. Bu baxımdan da hörmətli Əli Həsənovun söylədiyi bu fikir yeni deyil. Bunun dərin kökləri var. Bilirsiniz ki, Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin rəsmən varisidir. Biz həmin dəyərlərin daşıyıcısıyıq, onlara söykənən bir dövlətik. Bugünkü Azərbaycan hakimiyyəti də o varisliyə böyük dəyər verir. Bu səbəbdən də Əli müəllim həm diaspor, həm də mətbuatın vahidliyi ilə bağlı bu fikirləri təsadüfən səsləndirmədi. Bir daha sübut olunur ki, Azərbaycan özünü layiqli varis kimi aparır. İllər öncə deyilən tezislərin də həyata keçirilməsində maraqlı olduğunu ifadə edir. Türk dünyasının, bütövlükdə, mediasının birliyi bizim üçün çox gərəklidir. Xüsusən də Azərbaycanın ən ümdə problemlərinin dünyaya çatdırılması baxımından  bu olduqca vacibdir. Bunun, həmçinin, ölkələrimiz arasındakı ünsiyyətin dərinləşməsinə də böyük faydası olacaq. Başqa bir xeyri isə düşmənə qarşı mübarizədə vahid mövqeni ortaya qoya biləcəyimizlə bağlıdır. Çünki, prinsip etibarilə, bizim dostumuz da, düşmənimiz də eynidir”.

Məhəmmədli QƏRİBLİ

Son xəbərlər