Ermənistanın faşizm, nasizm ideologiyasına açıq sahib çıxması və bu təhlükəli ideologiyanı dövlət siyasətinə çevirməsi, faşizm əlaltılarının heykəlləşdirilməsi məsələsini Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilən zirvə görüşündə gündəmə gətirdikdən sonra Ermənistanın iç üzü bir daha dünyaya bəlli oldu.
Məlum olduğu kimi, zirvə görüşündə Prezident İlham Əliyev II Dünya Müharibəsində faşizm üzərində qələbə çalınmasında Azərbaycanın müstəsna rolunu vurğuladı, eyni zamanda, Ermənistanın faşist cəlladlarının xatirəsini əbədiləşdirdiyini, hətta bunu dövlət siyasətinə çevirdiyini, dünya birliyinin buna göz yummalı olmadığını qeyd etdi. Prezident İlham Əliyevin bu çağırışının dünyanın mütərəqqi dövlətlərinin hər biri tərəfinən müsbət qarşılandığı şübhəsizdir. Ekspertlər qeyd edirlər ki, Prezident İlham Əliyevin ortaya qoyduğu faktlar çox ciddi faktlardır və bu da Ermənistanın hansı yolda olduğunun bütün dünyaya çatdırılmasıdır.
Ölkə başçımızın məlum çıxışından sonra Ermənistanın faşizmi, nasizmi dövlət siyasətinə çevirdiyinin sübutu olan digər faktlar da meydana çıxmağa başlayıb. Belə ki, Ermənistanın Respublikaçılar Partiyasının gerbinin faşist simvolikasını əks etdirdiyi meydana çıxıb. Bəli, bu bir daha Ermənistanın faşizmin çiçəklənməsinə açıq dəstək verməsinin nümunəsidir.
“Həm indiki hakimiyyət dövründə, həm də Sarkisyan rejiminin hökumət başında olduğu illərdə Ermənistanda faşizmə, nasizmə açıq dəstək verilib”
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə bildirdi ki, Ermənistanı bürüyən faşizm təsiri Azərbaycan Respublikası Prezidentinin məlum çıxışından sonra artıq bütün dünyadan aydın şəkildə görünür. Q.Hacıyevin sözlərinə görə, Azərbaycan Prezidentinin Ermənistanda faşizmin yayıldığını, burada faşistlərlə əlbir işləmiş insanlıq düşmənlərinə heykəl qoyulduğunu bəyan etməsi çox mətləbə aydınlıq gətirdi. “Həm indiki hakimiyyət dövründə, həm də Sarkisyan rejiminin hökumət başında olduğu illərdə Ermənistanda faşizmə, nasizmə açıq dəstək verilib. Ermənistan faşizm simvolikasını Respublikaçılar Partiyasının gerbində əks etdirməklə faşizm ideologiyasına sahib olduğunu açıq şəkildə ortaya qoyur. Sarkisyan dövründə də faşizm, nasizm simvolikasına yer verilib, faşist əlaltılarına heykəllər qoyulub, onlar “qəhrəman” kimi təqdim edilib. Azərbaycan Prezidenti İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilən zirvə görüşündəki çıxışı bir daha Ermənistan hökumətinin iç üzünü açdı və onun faşizm siyasəti yürütdüyünü meydana çıxardı. Ermənistanın faşizm ideologiyasını dövlət siyasətinə çevirməsi, habelə nasist damğalarından, simvolikalarından partiyaların, təşkilatların gerbdə istifadə etməsi bir reallıqdır. Bilirsiniz, faşizmlə ermənizm arasında heç bir fərqlilik yoxdur, “Daşnaksütyun” və digər erməni partiya və təşkilatları yarandıqları gündən faşizmin yolunu gediblər. Bu gün də o təhlükəli yolu davam etdirirlər. Bir dövlət ki, humanist siyasətin nə olduğunu bilmir, o dövlətin nasizmi, faşizmi dövlət siyasətinə çevirməsi təbiidir. Son illər Ermənistanda faşizmə maraq ciddi şəkildə artıb və hesab edirəm ki, bununla bağlı dünya birliyi ölçü götürməlidir. Yeri gəlmişkən deyim ki, faşizmin yarandığı İtaliyada, çiçəkləndiyi Almaniyada ondan çoxdan imtina edilib. Hətta mən Berlində olarkən orada dövlət xadimləri ilə bağlı olan muzeyə baş çəkdim. Bu muzeydə qədim dövrdən indiyə qədər Almaniyada hakimiyyətdə olmuş bütün dövlət xadimlərinin büstləri, əşyaları olsa da, orada Hitlerin yalnız karikaturasını görə bildim. Ermənistanın hitlerçiləri, faşistləri qəhrəmanlaşdırması çox zərərli tendensiyadır və bu onun yalnız zərərinə işləyəcək bir məsələdir”-deyə Q.Hacıyev vurğuladı.
İradə SARIYEVA