19/11/2019 17:19
728 x 90

Ermənistanın parlament binası dünyanın 10 ən yaraşıqlı binaları sırasında? - Azərbaycana yeni Milli Məclis binası...

Faiq Ələkbərli: “Ermənistan parlamenti binasının həmin reytinqdə yer alması, birmənalı olaraq, siyasi mahiyyət daşıyır”

img

Ermənistan mətbuatının yazdığına görə, “The İndependent” təşkilatının dünyanın ən gözəl parlament binalarının müəyyən edilməsi ilə bağlı keçirdiyi rəy sorğusunda bu ölkənin parlament binası da yer alıb. Macarıstan, Rumınya, Trinidad i toboqo, Anqola, ABŞ, Hindistan, Kanada, Butan, Seyşeli kimi dövlətlərin parlament binalarının da daxil olduğu 10-luqda Ermənistanın parlament binasının 4-cü yerdə qərarlaşması həqiqətən də təəccüb doğurur.

Qeyd edilənə görə, 193 ölkənin parlament binası ilə bağlı açıqlanan müvafiq reytinqdə ancaq bu on dövlətin adı yer alıb.  

Öz möhtəşəmliyi ilə diqqəti çəkən Azərbaycan parlamentinin binasının bu reytinqə düşməməsi təəssüf doğurur. Azərbaycan parlamentinin binasının memarlıq baxımından diqqəti cəlb etməməsi yeni ideyanın meydana çıxmasına səbəb olur. Dünyada yalnız parlament binaları daxilində qəbul edilən qərarlar deyil, həm də bu binaların memarlıq quruluşu önəmli sayılırmış. Azərbaycanda parlament üçün yeni binanın inşasına, memarlıq cəhətdən daha təkmil bir binanın meydana gəlməsinə ehtiyac duyulur.

  • “Milli Məclis üçün daha fərqli memarlıq quruluşuna malik yeni binanın inşa edilməsi arzuediləndir”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Faiq Ələkbərli “Bakı-Xəbər”ə bildirdi ki, Ermənistan parlamenti binasının sözügedən təşkilatın yaydığı reytinq cədvəlində 4-cü yeri tutması qeyri-obyektiv yanaşmanın təzahürüdür. F.Ələkbərlinin sözlərinə görə, ümumiyyətlə, Ermənistan parlamentinin binası elə də gözəgəlimli deyil, onu bir qədər gözəgəlimli edən nə isə varsa, o da bu binanın qırmızı daşlardan tikilməsidir. F.Ələkbərli hesab edir ki, dünyanın bir sıra ölkələrinin parlament binaları Ermənistan parlamenti binasından arxitektura baxımından min dəfə gözəldir. Ermənistan parlamenti binasının qanla suvarıldığını deyən F.Ələkbərlinin dediyinə görə, bu ölkənin parlament binasının həmin onluğa daxil edilməsində xaricdəki erməni lobbisinin böyük rolu var. “Hansısa bir rəy sorğu təşkilatının belə bir reytinq tərtib etməsi və orada Ermənistan parlamenti binasının öz gözəlliyinə görə 4-cü yerdə qərarlaşdığını elan etməsi özündə heç bir həqiqəti ehtiva edə bilməz. Hesab edirəm ki, Ermənistan parlamenti binasının gözəllik baxımından reytinqdə yüksək yer tutması obyektiv yanaşma deyil, bu, siyasi yanaşmanın təzahürüdür. Dünyada məşhur olan Böyük Britaniyanın, Fransanın, Türkiyənin parlament binaları bu onluğa daxil edilsəydi, daha obyektiv yanaşma olardı. Ancaq Ermənistan parlamenti binasının belə bir siyahıya daxil edilməsi yenə dünyanın ermənipərəst qüvvələrinin, erməni lobbisinin Ermənistanı önə çıxarmağa və onu gündəmdə saxlamağa xidmət edir. Bir çox Qərb dövlətinin, Azərbaycan da daxil olmaqla, türk və müsəlman ölkələrinə münasibəti də, Ermənistana bəslədikləri sevgiləri də bəllidir. Ermənistan parlamenti binasının həmin reytinqdə yer alması, birmənalı olaraq, siyasi mahiyyət daşıyır” - deyə bildirən F.Ələkbərli hesab edir ki, müasir Azərbaycan parlamenti binasının bu reytinqdə yer tutmamasının da siyasi səbəbləri yox deyil.

Bununla belə, o hesab edir ki, Azərbaycan parlamenti üçün milli memarlıq üslubuna uyğun yeni binanın inşa edilməsi də vacibdir. “Sözün açığı, Azərbaycan parlamenti binasının görkəmi indiki baxımdan da diqqətçəkəndir. Ancaq Milli Məclis üçün daha fərqli memarlıq quruluşuna malik yeni binanın inşa edilməsi arzuediləndir. Azərbaycan parlamenti üçün də yeni milli memarlıq üslubunda gözəl bir binanın inşa edilməsi vacibdir. Çünki, gördüyümüz kimi, müasir dünya binaların estetik gözəlliyinə də xüsusi önəm verir” - deyə F.Ələkbərli vurğuladı.

İradə SARIYEVA

Son xəbərlər