Azərbaycan-Rusiya münasibətləri strateji xarakter daşıyır və zamanın sınağından çıxıb. Bizim Rusiya ilə münasibətlərimiz hər hansı xarici siyasi gündəlikdən azaddır. Bu münasibətlər zamanın sınağından çıxıb. Bu fikirləri oktyabrın 3-də Prezident İlham Əliyev Soçi şəhərinə səfəri zamanı “Valday” Beynəlxalq Diskussiya Klubunun iclası ərəfəsində Rusiyanın “Rossiya” televiziya kanalına müsahibəsində deyib.
Ölkə başçısı bununla bağlı bir sıra məqamlara toxunub: “Hər iki tərəf bu münasibətləri strateji tərəfdaşlıq münasibətləri adlandırır. Bu, həqiqətən də belədir. Çünki biz həm qonşuyuq, həm də mehriban dostlarıq. Son vaxtlar bizim münasibətlərimiz xeyli səmərəli və keyfiyyətli olub. Biz həm beynəlxalq meydanlarda əməkdaşlıq edir, həm də bir-birimizi dəstəkləyirik. Deməliyəm ki, AŞPA-nın iyun sessiyasında Rusiya nümayəndə heyətinin qayıdışı məsələsi həll olunarkən, Azərbaycan nümayəndə heyəti tam tərkibdə Strasburqda Rusiyanın Avropa Şurası Parlament Assambleyasına qayıtmasına səs vermişdi. Biz, həmçinin, BMT, ATƏT, təbii ki, MDB məkanında sıx qarşılıqlı fəaliyyət göstəririk, çox sıx ticari-iqtisadi münasibətlərimiz mövcuddur. Bu il əmtəə dövriyyəsi 20 faizdən çox artıb. Rusiyadan Azərbaycana, Azərbaycandan Rusiyaya çoxmilyardlı investisiyalar qoyulur. Energetika, nəqliyyat, humanitar, hərbi-texniki və turizm sahələrində əməkdaşlıq edirik. Müstəqil xarici siyasət kursu yeridən ölkə kimi Azərbaycan Rusiyanı mühüm tərəfdaşlardan biri, mehriban dost, qonşu hesab edir. Prezident Putinlə bugünkü görüş bunu bir daha təsdiq etdi”.
Görünən odur ki, Rusiya-Azərbaycan strateji tərəfdaşlığı getdikcə inkişaf edir. Bu da hər iki ölkənin maraqlarına uyğundur. Bütövlükdə, Rusiya-Azərbaycan strateji tərəfdaşlıq maraqları regionun taleyində necə rol oynayır?
“Rusiya-Azərbaycan prezidentlərinin münasibətləri çox yüksək səviyyədədir”
Məsələyə münasibət bildirən millət vəkili Elman Nəsirovun sözlərinə görə, iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafı regional sabitliyə, inkişafa töhfə verir: “Əvvəla Prezident İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinin dəvətilə “Valday” Beynəlxalq Diskussiya Klubunun 16-cı toplantısında iştirakı, orada səsləndirdiyi fikirlər artıq dünya mətbuatında çox ciddi müzakirə predmetinə çevrilib. Ölkə başçısının Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qətiyyətli mövqe sərgiləməsi Azərbaycanın bir hökmlü davranşı kimi qarşılanır. Bu davranış, ilk növbədə, Azərbaycanın haqq işindən və beynəlxalq hüquqa söykənən addımlarından irəli gəlir. Bütün bunlarla yanaşı, Rusiya-Azərbaycan prezidentlərinin münasibətləri çox yüksək səviyyədədir. Gör münasibətlər necə yüksək səviyyədədir ki, onlar 4 ay ərzində görüşməmələrini pauza kimi qiymətləndiriblər. Hansı ki, diplomatik qaydalara görə, 4 ay elə də böyük müddət deyil. Eyni zamanda, qeyd olundu ki, bütün bunlara baxmayaraq, iki ölkə arasında əməkdaşlıq dinamik şəkildə inkişaf edir. Prezident İlham Əliyev qeyd etdi ki, Rusiyanın çox böyük sınaqlardan çıxmasında Putin faktoru həlledici rol oynayıb. Rusiya Prezidenti də İlham Əliyev barəsində xoş fikirlər səsləndirdi. Qeyd etdi ki, məhz Azərbaycan Prezidentinin ortaya qoyduğu gündəlik, nəticə etibarilə, bizim münasibətlərin indiki səviyyəsini təmin edib. Bir sözlə, iki dövlət başçısı arasında səmimi dostluq münasibətləri, əlaqələrimizin strateji xarakteri, fundamental məsələlərdə ortaq mövqedən çıxış etməyimiz, iqtisadi və humanitar sahədə əlaqələrimiz regional sabitliyə, inkişafa töhfə verir. Bu münasibətlər ikitərəfli əlaqələrin inkişafına xidmət etməklə yanaşı, həm də regionun taleyində mühüm rol oynayır. Bölgədə sabitliyin qorunmasına töhfə verir”.
Vidadi ORDAHALLI