Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan rəhbərliyinə Dağlıq Qarabağ münaqişənin həlli üzrə sənədlərlə diqqətlə tanış olmağı məsləhət görür - bu sənədlərin heç birində “Qarabağ xalq”ı anlayışına rast gəlinmir. Baki-xeber.com xəbər verir ki, bunu XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.
“Ermənistan siyasi rəhbərliyinin münaqişənin həlli çərçivəsində müzakirə olunan sənədlərlə, Minsk Qrupunun həmsədrləri tərəfindən qəbul edilən bəyanatlarla yaxından tanış olmalarına ciddi ehtiyac duyulur. Bu sənədlərin heç birində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əhalisinə münasibətdə “xalq” anlayışına rast gəlinmir”, - Abdullayeva KİV-ə bildirib.
O, hesab edir ki, Ermənistanın hazırkı rəhbərliyinin sərgilədiyi mövqe isə öz-özünü, öz xalqını aldatmaqdan başqa bir şey deyil, “lakin dünya ictimaiyyətini aldatmaq mümkün deyil və mümkün olmayacaq".
“Bununla əlaqədar xatırlatmaq istərdim ki, Ermənistan XİN-in mətbuat xidmətinin özünün istinad etdiyi ATƏT-in Mink Qrupunun həmsədrlərinin birgə bəyanatları və münaqişənin iki tərəfi arasındakı razılaşmalarda aydın şəkildə “əhalilərin sülhə hazırlanmasından” söhbət gedir”, - Abdullayeva vurğulayıb.
“Azərbaycan prezidenti İlham Əliyev hər bir kəsə aydın olacaq şəkildə izah etdi ki, “Dağlıq Qarabağ xalqı anlayışı mövcud deyil, burada söhbət Azərbaycanın sözügedən bölgəsinin azərbaycanlı və erməni icmalarından ibarət əhalidən gedir”, - o əlavə edib.
Abdullayeva bildirib ki, əgər Ermənistan tərəfi həqiqətən bu bölgədə demokratiyanın qələbə çalmasında maraqlıdırsa, o zaman Ermənistan, Azərbaycanın işğal olunmuş əraziləri üzərində faktiki nəzarəti həyata keçirən bir tərəf kimi, ilk növbədə, öz qoşunlarını bu ərazilərdən çıxarmalı və bu torpaqlardan zor gücünə didərgin salınmış azərbaycanlı əhalinin geri dönüşünə, yəni onların qanuni və demokratik hüquqlarının təmin olunmasına əngəl törətməməlidir.