Prezident İlham Əliyev Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında iştirakçıların suallarını cavablandırarkən nəqliyyat layihələri və yükdaşımalarla bağlı real vəziyyəti ətraflı şərh edib və bu məsələdə ölkələrin qarşılıqlı asılılıq və bir-birini qarşılıqlı tamamlamasının zəruriliyini diqqətə çatdırıb.
Azərbaycan Prezidenti bildirib: "Mən öz şərhlərimdə demişəm ki, nəqliyyat layihələri yük göndərənlər, yaxud tranzit ölkələr üçün təkcə gəlir qazanmaq üçün əlavə imkanlar yaratmır, bunlar ölkələri qarşılıqlı asılı vəziyyətə salır. İstənilən tranzit ölkə öz qonşuları ilə yaxşı münasibətlərə malik olmalıdır, yoxsa bu tranzit sadəcə baş tutmayacaq. Azərbaycana gəlincə, biz artıq çoxdandır həm müasir nəqliyyat infrastrukturunun, həm də regionumuzda etimad mühitinin yaradılmasına investisiya qoyuruq. Düşünürəm ki, biz tərəfdaş ölkələrin birgə səyləri ilə nadir əməkdaşlıq formatı yaratmağa nail olmuşuq. Həmin format bu gün xalqlarımızın rifahına, eləcə də təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir. Hesab edirəm ki, beynəlxalq təcrübədə qarşılıqlı asılılıq və qarşılıqlı tamamlama bütövlükdə sabitlik və təhlükəsizlik amillərindən biridir. Azərbaycan nəqliyyat infrastrukturuna xeyli vəsait qoyub. Biz Bakı yaxınlığında çox böyük ticarət limanını istifadəyə vermişik. Həmçinin dəmir yolları bizi üç qonşumuzla birləşdirir. Avtomobil yolları da yük axınının artmasına təkan verir. Coğrafi yerləşmə təbii ki, geosiyasi vəziyyətdən asılıdır. Onun həm müsbət, həm də mənfi cəhətləri ola bilər. Fikrimcə, hər bir hökumətin vəzifəsi ölkəsinin coğrafiyasını müsbətə yönəltməkdir. Zənnimcə, biz buna nail olmuşuq. Azərbaycan “Bir kəmər, bir yol” layihəsinin fəal iştirakçısıdır və bu ilin aprelində Pekin konfransında Cənubi Qafqazın yeganə ölkəsi kimi iştirak edib. Biz, həmçinin Şimal-Cənub layihəsinin mühüm tərəfdaşıyıq. Azərbaycan həm Şərq-Qərb, həm də Şimal-Cənub dəhlizlərində iştirak edən yeganə ölkədir. Mən bu gün dedim ki, biz artıq Şimal-Qərb dəhlizinin işə düşməsinə şadıq. Beləliklə, həmin layihələr, təbii ki, regional təhlükəsizliyin möhkəmlənməsinə kömək edəcək".
Ölkə başçısının təklif etdiyi yeni təhlükəsizlik formulunu necə dəyərləndirmək olar? İqtisadçı Elşən Əliyev “Bakı-Xəbər”ə bildirdi ki, bu sahədə olan real vəziyyət ölkə başçısı tərəfindən çox sadə dildə izah edilib: “Bəli, bugünkü reallıqlar tələb edir ki, ciddi layihələr yalnız yaxın qonşularla olan normal münasibətlər kontekstində reallaşdırılsın. Tranzit və yükdaşıma layihələri iqtisadi səmərə verməklə yanaşı, həm də dövlətlərin siyasi əlaqələrini möhkəmlədir. Yaxşı mənada yaranan qarşılıqlı asılılıq ölkələrin yeri gələndə aralarında yaranan xırda problemləri də anlayışla qarşılamasına imkan verir. Ölkə başıçı bu izahı ilə həm də belə imkanlardan özünü təcrid etmiş Ermənistana dolayısı ilə işarə verib. Həmin ölkənin yürütdüyü siyasət Ermənistanın təcrid vəziyyətinin daha da dərinləşməsinə gətirib çıxarır. Ermənistanın yeritdiyi işğalçılıq siyasəti ucbatından düşdüyü blokada vəziyyəti daha da dərinləşir. Elə bir vəziyyət yaranıb ki, Ermənistan Azərbaycanın təşəbbüskarı olduğu bütün regional və beynəlxalq layihələrdən kənarda qalıb. Beləliklə, Azərbaycan regionda güclənir, Ermənistanın təcridi isə dərinləşməkdədir. Fikrimcə, Ermənistanın bügünkü siyasi rəhbərliyi düşünməlidir ki, belə davam edərsə, bu ölkənin iflası son dərəcə real olacaq. Artıq dünya ekspertləri qeyd edirlər ki, Ermənistanın əsas problemi heç də Dağlıq Qarabağ münaqişəsi deyil, onların bir nömrəli problemi bu ölkənin suverenliyinin, müstəqilliyinin əlindən getməsi və iqtisadi tənəzzülüdür. Fikir verdinizsə, biz bu modelin bəhrəsini Gürcüstanla olan münasibətlərdə hiss etdik. Kənar qüvvələr müxtəlif təxribatlarla iki ölkə arasındakı münasibətləri nə qədər qızışdırmağa çalışsalar da, mümkün olmadı. Burda iqtisadi əməkdaşlıq, qarşılıqlı asılılığın da rolu böyük oldu. Bu cür əməkdaşlıqlar ölkələri bir-birinə daha da yaxınlaşdırır. İqtisadi fayda ilə yanaşı, siyasi əməkdaşlıq, mehriban olma perspektivini daha da artırır. Bu sahədə Azərbaycan örnək sayıla bilər. Məhz bu amillərə sadiq olduğumuz üçün artıq dünyanın ən vacib logistika mərkəzinə çevrilmişik”.
Məhəmmədəli QƏRİBLİ