Prezident İlham Əliyev “Valday” Beynəlxalq Diskussiya Klubundakı çıxışında Ermənistan baş naziri Nikol Paşinyanın səsləndirdiyi bəzi məsuliyyətsiz bəyanatlara da tutarlı cavab verib. Prezident, xüsusilə də Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı etdiyi təkliflər sırasında işlətdiyi “Dağlıq Qarabağ xalqı” ifadəsinin mümkünsüzlüyünə toxunub və bildirib ki, bu gün də işğal olunmuş ərazilərdə azərbaycanlı əhali yoxdur və işğal olunmuş ərazilər, onların böyük bir hissəsi yandırılmış, dağıdılmış torpaqlar, viran qoyulmuş evlər, məktəblər, ictimai binalardır:
“Münaqişə nəticəsində Azərbaycan humanitar fəlakətlə üzləşib. Dağlıq Qarabağdan və Azərbaycanın işğal olunmuş digər ərazilərindən olan 700 mindən çox məcburi köçkün, üstəgəl müasir Ermənistanın ərazisindəki öz tarixi torpaqlarından qovulmuş 250 min azərbaycanlı. BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. İyirmi beş ildən çoxdur ki, bu qətnamələr yerinə yetirilmir. Burada biz mühüm məsələyə - qəbul olunmuş qərarların yerinə yetirilməsinə gəlirik. BMT Təhlükəsizlik Şurası ali beynəlxalq orqandır. Əgər 25 ildən çox müddətdə Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarlar yerinə yetirilmirsə, onda bu, həmin təşkilatın səmərəliliyi ilə bağlı bir çox suallar doğurur. Azərbaycanda bizi qətnamələrin yerinə yetirilməsinin reallaşdırılmasının seçmə xarakteri narahat edir. Bəzən onlar bir neçə gün ərzində yerinə yetirilir, bəzən isə müəyyən hərbi əməliyyatların həyata keçirilməsində onlara, ümumiyyətlə, ehtiyac qalmır. Bizimlə bağlı məsələdə isə qətnamələr kağız üzərində qalır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, BMT-nin bütün dünya tərəfindən qəbul edilmiş Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələri və Helsinki Yekun Aktı çərçivəsində həll olunmalıdır. Ermənistanın baş naziri son vaxtlar tez-tez təkrarlayır ki, münaqişənin həlli Azərbaycan xalqı, Ermənistan xalqı və “Dağlıq Qarabağ xalqı” üçün məqbul olmalıdır. İndi deməliyəm ki, “Dağlıq Qarabağ xalqı” məfhumu mövcud deyil. Dağlıq Qarabağın əhalisi var, münaqişə başlayana qədər bu, bərabər hüquqlara malik olan Azərbaycan və erməni əhalisindən ibarət idi. Azərbaycan üçün hansı həll variantının məqbul olmasına gəldikdə isə, o, Azərbaycanın bütün dünya tərəfindən tanınmış ərazi bütövlüyünün bərpa olunması, qaçqınların və məcburi köçkünlərin öz doğma torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qayıtmasından ibarətdir. Bu, Təhlükəsizlik Şurasının qətnamələrinə və Helsinki Yekun Aktına uyğundur”. Ölkə başçısının mötəbər tribunadan “Dağlıq Qarabağ xalqı” məfhumunun mövcud olmaması ilə bağlı verdiyi izah Paşinyan üçün növbəti dərs sayıla bilərmi?
Təhlükəsizlik məsələləri üzrə ekspert Elşən Həsənov “Bakı-Xəbər”ə bildirdi ki, Paşinyan öz çıxışları ilə siyasi diletant olduğunu dəfələrlə subut etmiş olub: “Onun münaqişənin həllində işlətdiyi “Dağlıq Qarabağ xalqı” ifadəsi də savadsızlıqdan başqa nəsə deyil. Yadnızdadırsa, o hakimiyyətə gələndə deyirdi ki, heç problemin həlli ilə bağlı separatçıların adından danışmaq hüququ yoxdur. Azərbaycan onsuz da separatçıları tərəf kimi tanımır. Sonra isə təklif etdiyi “modellərdə” onları ayrı tərəf kimi prosesə cəlb etmək istədi. Onun belə icadlarından biri “Dağlıq Qarabağ tənzimlənməsi variantının Dağlıq Qarabağ, Ermənistan və Azərbaycan xalqlarının maraqlarına cavab verməlidir” fikridir. N.Paşinyanın bu tezisini ermənilər arasında rəy fomalaşdırmaq cəhdi kimi də başa düşmək olar. Paşinyan ermənilərə aşılayır ki, Azərbaycanın maraqları tanınmadan Dağlıq Qarabağ məsələsi həll olunmayacaq. Ermənilərin əksəriyyətinin fikrincə, Dağlıq Qarabağ yalnız ermənilərin marağı əsasında həllini tapmalıdır. Paşinyanın bu fikrində beynəlxalq ictimaiyyəti aldatmaq, beynəlxalq aləmdə əksəriyyətin məlumatsızlığından sui-istifadə konteksti də var. “Artsax” (Dağlıq Qarabağ) xalqı və yaxud Dağlıq Qarabağ ermənisi adlı xalq yoxdur. Dağlıq Qarabağdakı ermənilər İrandan köçürüldükləri üçün dillərində 15 faiz fars-türk sözləri var. Qərbi ermənilərlə İrəvandakı ermənilər arasındakı fərq təxminən 80 faizdir. Hətta bir-birlərinin dillərini başa düşmürlər. Ermənistan ermənisi ilə diaspor ermənisinin danışması üçün tərcüməçi gərək olur. Görünür, N.Paşinyan vəzifədən getməyi düşündüyü üçün beynəlxalq ictimaiyyətə hörmət anlayışını ağlına gətirmir. ATƏT-in Minsk Qrupu həmsədrlərinin hazırladığı sənədlərdə də “Dağlıq Qarabağ əhalisi” ifadəsi mövcuddur. Dağlıq Qarabağın statusu da daxil olmaqla, bütün vacib məsələləri “Dağlıq Qarabağ əhalisi” müəyyən etməlidir. “Dağlıq Qarabağ əhalisi” dedikdə Dağlıq Qarabağın erməniləri və azərbaycanlıların birgə məcmusu başa düşülür. N.Paşinyan ATƏT-in Minsk Qrupunu qaçırtmaq istəmirsə, “Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi “Dağlıq Qarabağ əhalisinin” maraqlarına xidmət etməlidir” tezisini aktuallaşdırmalıdır. N.Paşinyan ancaq öz-özünü aldada bilər. Bu baxımdan da, ölkə başçısının qeydi çox vacib və tam əsaslı olub”.
Məhəmmədəli QƏRİBLİ