Məlum olduğu kimi, Avropa Liqasının “Düdelanj” - “Qarabağ” oyununun 30-cu dəqiqəsində ermənilər tərəfindən stadionda dronla qondarma “DQR”in bayrağı qaldırılıb və Ağdam komandası buna etiraz edərək oyunu dayandırıb.
Daha sonra Lüksemburqun idman naziri “Qarabağ”ın paltardəyişmə otağına gedib və futbolçularımızdan şəxsən üzr istəyib. Nazir ölkəsinin Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi saydığını, təxribatçıların tapılaraq cəzalandırılacağını deyib. D.Kerş üzrxahlığını stadionun diktor otağında da elan etdikdən sonra oyun davam etdirilib.
AFFA rəhbərliyi də baş vermiş erməni təxribatına reaksiya verib. Milli assosiasiya rəsmiləri dərhal UEFA ilə əlaqə saxlayaraq, narazılıqlarını bildiriblər. Təxribat haqda stadionda da elan olunub və oyun davam etdirilib. "Qarabağ" oyunda 4:1 hesabıyla "Düdelanj"a qalib gəlib.
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Lüksemburqda “Qarabağ” və Düdelanj” oyunu zamanı baş verən təxribatla əlaqədar vəziyyəti nəzarətdə saxlayır. XİN-in sözçüsü Leyla Abdullayeva bildirib ki, müvafiq tədbirlər görülür: “Azərbaycanın Lüksemburqa akkreditə olunmuş səfiri təxribata cavabdeh şəxslərin tapılması və müvafiq məsuliyyətə cəlb olunmasına əmin olmaq üçün Lüksemburq Xarici İşlər Nazirliyinə müraciət etmək barədə təlimatlandırılıb”.
O da məlumdur ki, ermənilər zaman-zaman Azərbaycana qarşı buna bənzər təxribatlara əl atıblar. Baş verənlər göstərir ki, ermənilər öz çirkin niyyətlərindən əl çəkmək istəmirlər.
“Həmin dronları Xankəndidə, Ağdərədə ermənilərin təpələrinə endirmək lazımdır ki, bir də belə qələt etməsinlər”
Məsələyə münasibət bildirən millət vəkili Aqil Abbasın sözlərinə görə, ermənilər həmişə idman arenalarında bu cür təxribatlara əl atırlar: “Bu birinci hadisə deyil. İdman yarışlarında dəfələrlə belə hadisələr olub. Əvvəl "Qarabağ"ın bir oyununda da Rəşad Sadıqov erməninin əlindən bayrağı alıb cırdı. Qaldı ki, təxribatın qarşısını almağın da yolları var. Həmin dronları Xankəndidə, Ağdərədə ermənilərin təpələrinə endirmək lazımdır ki, bir də belə qələt eləməsinlər. Lüksemburqda təhlükəsizlik tədbirlərinin çox zəif təşkil olunduğu səbəbindən belə bir hadisə yaşanıb. Bütün ölkələrdə futbol oyunları zamanı təhlükəsizlik xidmətləri var. Doxsan dəqiqə həmin mühafizəçilərin üzü tamaşaçıya tərəf olur. Bir dəfə çevrilib arxaya baxmırlar. Çünki onlara tapşırılır ki, təhlükəsizliyi maksimum təşkil etsinlər. Lüksemburqda isə, demək olar ki, təhlükəsizlik çox zəif təşkil olunmuşdu. O dron yaxın məsafədən idarə olunan drondur. O dronla ora bomba da ata bilərdilər və azarkeşlər də, futbolçular da ölə bilərdilər. Nəticədə böyük faciə yaşanardı. Ona görə də bu, Lüksemburq təhlükəsizlik xidmətinin günahıdır”.
Vidadi ORDAHALLI