Son günlərdə diqqət cəlb edən mühüm hadisələrdən biri Azərbaycan və Ermənistana münasibətdə Rusiyanın tutduğu mövqe, bunun Dağlıq Qarabağ münaqişəsinin gələcəyinə necə təsir edəcəyidir. Hazırda görünən budur ki, Moskvanın İrəvanla münasibətlərinin sürətlə pisləşməyə doğru getdiyi bir vaxtda Bakı ilə tamam əks proses müşahidə olunur. Təbii ki, burada liderlər amili də birbaşa rol oynayır. Hər halda, Rusiya prezidenti Vladimir Putinin Azərbaycan və Ermənistan liderlərinə münasibəti bu xüsusda çox şey ifadə etdi.
Xatırladaq ki, Ermənistan Avrasiya İqtisadi Birlyinin zirvə toplantısına ev sahibliyi edən zaman baş nazir Nikol Paşinyan, protokol qaydalarına görə, Vladimir Putinin onunla görüşəcəyinə ümid edirdi. Amma Putin Ermənistana səfərdən öncə onunla görüşməyəcəyini bildirdi. Düzdür, Paşinyan öz evində yalnız son anda Putinin qəbuluna düşə bildi. Sammitin sonunda Ermənistan baş naziri ilə Rusiya prezidentinin görüşü keçirildi. Ermənistan mediası yazır ki, rəsmi İrəvan bu görüşün baş tutması üçün dəridən-qabıqdan çıxıb, dəfələrlə Moskvaya xahiş zəngləri edilib. Şübhəsiz ki, Rusiya liderinin eyni ittifaqlarda təmsil olunduqları Ermənistanın baş nazirinə soyuq münasibətinin səbəbi Nikol Paşinyanın apardığı etibarsız siyasət, dünyada və regionda mövcud reallıqlardan xəbərsiz olması, yaxud şərtləri nəzərə almaması, bütün fəaliyyətinin populizmdən başqa bir şey olmamasıdır. Rusiya prezidenti İrəvanı tərk edərkən Paşinyanın onu hava limanına qədər ötürməsi və sağollaşarkən qucaqlamağa çalışması, Putinin buna verdiyi reaksiya erməni baş nazirin həqiqətən də gülünc bir duruma düşdüyünü göstərdi. Ermənistanın “lragir” saytı isə yazır ki, Paşinyanı saymayan Putin bunun əvəzində Azərbaycan lideri İlham Əliyevlə görüşə tələsirdi. Rusiya prezidentinin İrəvandan Paşinyanı hava limanında qoyub Azərbaycan lideri ilə görüşə tələsməsi təsadüfi deyil. Elə Prezident İlham Əliyevin dünyanın məşhur “beyin mərkəzləri”ndən biri olan “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasına dəvət olunması da bu kontekstdə diqqət çəkir. Məsələ burasındadır ki, Azərbaycan regionun gələcəyini müəyyənləşdirən, dünyanın siyasi-iqtisadi prosesinə yön verə bilən dövlətdir. Bunu Putin də yaxşı başa düşür.
“Vahid Ermənistan” Partiyasının rəhbəri Artur Qazinyan isə baş verənlər fonunda qeyd edir ki, Ermənistan Rusiyanı itirməkdə, Azərbaycan qazanmaqdadır: “Ermənistan Avrasiya İqtisadi Birliyinin zirvə toplantısında baş verənlər fonunda Rusiyadan uzaq düşdüyünü nümayiş etdirdi. Yeni Ermənistan hakimiyyəti Avrasiya İqtisadi Birlyinin iclasını “erməni inqilabı”nın nailiyyəti kimi təqdim etməyə nə qədər çalışsa da, mən onları məyus etməliyəm, çünki İrəvan görüş yeri olaraq, Avrasiya İqtisadi Birliyinin rəhbərlərinin Paşinyanın əlini sıxmaq istəməsi üçün seçilməyib. Sadəcə ona görə seçilib ki, Ermənistann hazırda bu quruma sədrlik edir və qəbul edilmiş prosedura görə, Ali Şuranın iclasları quruma sədrlik edən ölkədə keçirilməlidir. Buna görə də hökumət təbliğatçılarını vətəndaşlarımıza həqiqəti söyləməyə çağırıram. İran və Sinqapur liderlərinin Ermənistana səfəri əsasən Avrasiya İqtisadi Birlyinin Ali Şurasının iclasında iştirak etməklə əlaqədar olub və bunu Rusiya Federasiyası prezidenti təşkil edib. Yəni Ermənistan hakimiyyətinin yürütdüyü xarici siyasətlə az əlaqəsi olub. Putinin Ermənistana səfəri isə bir əsas səbəbə görə baş verdi: Avrasiya İqtisadi Birliyi Putin üçün çox vacibdir və o, bu təşkilatın beynəlxalq nüfuzuna xələl gətirəcək heç bir addım atmazdı. Bu fonda Ermənistan-Rusiya münasibətləri hazırda ciddi böhran vəziyyətindədir. Bunun bariz sübutu Paşinyanın “Putinlə maraqlı söhbət olub” deməsidir. Qeyd etmək lazımdır ki, dövlət başçılarının “söhbəti” olmur, onlar arasında gündəm mövzularına dair müzakirələr və ya danışıqlar olur. Buradan aydın olur ki, Putinin Ermənistana səfəri ikitərəfli gündəliyə malik deyildi və yalnız Avrasiya İqtisadi Birlyinin Ali Şurasının iclasında iştirakı nəzərdə tutulub. Putin-Paşinyan söhbətinin nəticələri yaxın gələcəkdə məlum olacaq. Amma indidən demək olar ki, bu nəticələr Ermənistann lehinə deyil”.
Rusiyalı politoloq Vadim Dubnov da məsələyə eyni prizmadan yanaşır. O, Paşinyanın Putin üçün indi arxa planda olduğunu vurğulayır: “Elə bu səbəbdən Vladimir Putinlə ölkənin ikinci prezidenti Robert Köçəryanın həyat yoldaşı Bella Köçəryan arasında görüş oldu. Halbuki, Paşinyan bunun əleyhinə idi. Putin Köçəryanın özü ilə görüşmədi, ancaq diplomatik qaydalara riayət olunan və danışdığım trol alternativini tapdı. Düşünmürəm ki, bu görüş çox vacib idi, lakin çox gözlənilməz oldu və yeni bir siqnal oldu”. Rusiyalı analitik bildirib ki, Moskva Paşinyanın bunu necə qəbul etməsində o qədər də maraqlı deyil. Erməni politoloq Sarkis Artsruni isə xatırladır ki, Robert Köçəryanın arvadı ilə görüşməklə Putin eks-prezidentə bir daha şərtsiz siyasi dəstəyini təklif etmiş olub: “Burada həm də Köçəryanın indiki Ermənistan hökumətini devirəcəyinə söz verdiyini unutmayaq. Bütün bunların kontekstində Putinin bu hərəkəti Köçəryanın mühakimə olunmasına və tutulmasına qarşı möhkəm mövqe tutan Ermənistana və onun cəmiyyətinə düşmənçilik münasibətidir. Ancaq Rusiya prezidentinin daha qlobal olan mesajları daha vacibdir. Putin köhnə sistemi bərpa etmək istəyən bütün qüvvələrə, iş adamlarına razılıq mesajı göndərir. Rusiya prezidenti əslində Ermənistandakı “beşinci kolon” fəallığını təşviq edən qüvvəyə çevrilir. Digər tərəfdən, Rusiya prezidenti açıq şəkildə Ermənistanın daxili işlərinə qarışır, bütün hallarda Robert Köçəryana birbaşa və ya dolayı dəstək ifadə edir. Keçmiş müdafiə naziri Mikayel Arutyunyanın və “1 Mart” hadisəsi ilə əlaqədar mühakimə olunan istintaq qrupunun keçmiş rəhbəri Vahan Arutyunyanın Moskvada təhlükəsiz olması faktını da bura əlavə etmiş olsaq, mənzərə daha dolğun görünməyə başlayır”.
Beləliklə, Putinin mövqeyi Paşinyan iqtidarının Putin üçün ikinci planda olduğunu təsdiqləyir. Amma əvəzində Azərbaycan - Rusiya münasibətləri tamam fərqli bir məcrada inkişaf edir. Putinin İrəvana gedişi, ardınca Soçidə Azərbaycan lideri ilə görüşü əslində regionda yeni proseslərin başlanğıcıdır və bu proseslərdə Bakı əsas faktorlardan biridir. Özü də bu proseslərdə yer alan mühüm məqamlardan biri məhz Qarabağ münaqişəsi ilə bağlıdır. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin rusiyalı həmkarı ilə görüşündə toxunduğu əsas məsələlərdən biri məhz bu münaqişə ilə bağlı olub. Prezident Administrasiyasının Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Hikmət Hacıyev də bunu təsdiqləyir: “Dövlət başçılarının görüşündə Dağlıq Qarabağ münaqişəsi də müzakirə olundu. Bildiyiniz kimi, Rusiya ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biridir. Rusiya münaqişənin həlli prosesində yaxından iştirak edir və ona görə də bu müstəvidə də dövlət başçıları tərəfindən ətraflı fikir mübadiləsi aparıldı. Onu da qeyd edim ki, prezidentlər əvvəlcə nümayəndə heyətləri ilə birgə, daha sonra isə təkbətək formatda görüşü davam etdiriblər. Bu məqam xüsusi vurğulanmalıdır. Çünki Prezident İlham Əliyevlə rusiyalı həmkarı Vladimir Putin arasında şəxsi dostluq münasibətləri mövcuddur. Bu məqam iki ölkə arasındakı münasibətlərə müsbət impuls verir”. Bunlar fonunda Paşinyanın Qarabağ münaqişəsi ilə bağlı sərsəmləmələrinin Rusiya tərəfindən də rədd edilməsi təsadüfi sayılmır. Xatırladaq ki, "Valday" klubunun iclasında Rusiya xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı sualı cavablandırarkən bildirdi ki, Qarabağın Ermənistanın olması barədə bəyanatlar münaqişənin həllinə, siyasi prosesin tənzimlənməsinə kömək etmir. Bununla Paşinyanın məlum bəyanatının Rusiya tərəfindən də mənfi qarşılanması bir daha təsdiqini tapdı. Bu məqama toxunan Hikmət Hacıyev qeyd edir: “ Təbii ki, Lavrovun Paşinyanın məlum bəyanatı ilə bağlı bir müddət öncə səsləndirdiyi fikirləri qeydə götürmüşük. Ümumiyyətlə, bu, ATƏT-in Minsk Qrupunun həmsədrlərini və beynəlxalq ictimaiyyəti narahat edən məsələdir. Çünki Ermənistanın rəhbərliyi bu açıqlaması ilə danışıqlar prosesinə çox güclü bir zərbə vurmuşdur. Görünən odur ki, Paşinyanın bu bəyanatı həmsədr ölkələr və beynəlxalq ictimaiyyət tərəfindən ciddi bir narahatlıqla qarşılanıb və burada başqa münaqişələrlə anneksiya xarakteri daşıyan münaqişələr kontekstində analogiyalar da aparılıb…Bütün bunlar göstərir ki, Ermənistanın bugünkü açıqlamaları və fəaliyyəti beynəlxalq ictimaiyyəti ciddi şəkildə narahat etməkdədir. Rusiya da ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olaraq xarici işlər naziri səviyyəsində bu məsələ ilə bağlı öz mövqeyini ifadə edib".
Digər məsələ Azərbaycan Prezidentinin "Valday" klubunun iclasında etdiyi çıxışında Dağlıq Qarabağ münaqişəsindən danışarkən “Qarabağ Azərbaycandır! Nöqtə yox, nida işarəsi!” kimi mühüm fikir səsləndirməsidir. O bunu sıravi insanlara deyil, Vladimir Putinə, tədbirdə iştirak edən dövlət və hökumət başçılarına, siyasi fikir adamlarına bir daha çatdırıb. "Valday" klubunda müasir dövrün aktual məsələlərinin müzakirə olunduğunu nəzərə alsaq, Prezidentin bəyanatını Nikol Paşinyana və onun kimi düşünənlərə kifayət qədər sərrast cavab da adlandırmaq olar. Eyni zamanda bu, "Valday" klubunun iştirakçılarına Azərbaycanın qətiyyətli mövqeyinin növbəti nümayişi oldu. Bunlar fonunda indi maraq doğuran məsələ Qarabağ məsələsində hadisələrin hansı səpkidə inkişaf edəcəyidir. Görünən budur ki, yaranmış vəziyyətdə Ermənistan getdikcə təkləndiyi halda, Azərbaycanın mövqeyini dəstəkləyənlər artır və bura Rusiya da daxildir. Təbii ki, belə vəziyyət öz növbəsində konfliktin həllini də tezləşdirir.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.