Ermənistan 2020-ci il üçün dövlət büdcəsini qəbul edib. Erməni KİV-nin yaydığı məlumata görə, ölkənin Nazirlər Kabinetinin təsdiq etdiyi sənədə əsasən, gələn il düşmən ölkənin büdcə gəlirləri 1,697 trilyon dram (3,566 milyard dollar), xərcləri isə 1,88 trilyon dram (3,950 milyard dollar) təşkil edəcək. Ermənistan büdcəsinin kəsiri isə 183 milyard dram (384 milyon dollar) olacaq.
Məlumat üçün qeyd edək ki, gələn il Azərbaycanın büdcə gəlirləri 24,484 milyard manat (14,425 milyard dollar), xərcləri isə 25,627 milyard manat (15,099 milyard dollar) təşkil edəcək.
Dollarla müqayisə etdikdə, Azərbaycanın dövlət büdcəsinin Ermənistanı bütün parametrlərdə üstələyərək 4 qat üstünlüyə malik olduğunu söyləmək olar. Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin inkişafı ilə bağlı populist vədlər verir. Ermənistanın gələcəyi ilə bağlı ağlagəlməz fantaziyalarla çıxış edir. Əvvəlki hakimiyyəti korrupsiyada, talançılıqda ittiham edir. İranla birgə meqalayihələrin həyata keçiriləcəyindən danışır. Azərbaycana yönəlik təhdidedici fikirlər səsləndirir. Bütün bunların fonunda 4 miyard dollarlıq büdcə ilə hansısa inkişafdan, gələcəkdən danışmağın özü gülüncdür.
“Paşinyan ümid edir ki, imkanlı ermənilər yardım edəcək və bu minvalla, büdcəni dolduracaq, amma...”
Məsələyə münasibət bildirən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlunun sözlərinə görə, həmin 4 milyard belə şübhəlidir: “Müstəqil Ermənistan tarixində ən intellektual prezident Levon Ter-Petrosyan olub. O hətta SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda işləyib. Ter-Petrosyan Azərbaycanla barışmaq yolunu təklif etdi. Ondan sonra Ermənistan prezidenti olanlar savadsız olmaları ilə xarakterizə olunub. Ədalət naminə, Köçəryanla Sarkisyan savadsız olsalar da, bir az biclikləri var idi. Ermənistanın hazırkı Baş naziri Paşinyanda o da yoxdur. Gələn il Ermənistanın dövlət büdcəsinin 4 milyard dollar olacağı deyilir. Ancaq bu rəqəmin özü belə şübhəlidir. Fikrimcə, Ermənistan büdcəsi reallıqda bundan da az olacaq. Paşinyan ümid edir ki, imkanlı ermənilər yardım edəcək və bu minvalla, büdcəni dolduracaq. Bu isə mümkün görünmür. Ən azından, ona görə ki, Rusiyadakı erməni əsilli iş adamları Paşinyandan üz döndərib. Qərbdəki ermənilər də əvvəlki kimi yardım etmirlər. Ona görə də Paşinyan rəqəmlərlə manipulyasiya edir. Yəni büdcəni rəqəmlərlə şişirdir. İstənilən halda, bu cür büdcə ilə Ermənistanın gələcəyindən, inkişafından, hansısa layihələrdən danışmaq, sadəcə, gülüncdür. O cümlədən, Azərbaycanla rəqabət aparmaq mümkün deyil. Azərbaycanın müdafiə və hərbi xərcləri Ermənistanın dövlət büdcəsindən çoxdur”.
Vidadi ORDAHALLI