Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasının plenar sessiyasında iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həllində olan maneələrdən danışarkən BMT TŞ-nin qəbul etdiyi və hələ də icra olunmayan 4 qətnaməsinə diqqəti yönəldib:
“...Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətində münaqişə başlayan vaxta qədər azərbaycanlı və erməni əhalinin nisbəti 25-in 75-ə idi. Qarabağ münaqişəsi nəticəsində Dağlıq Qarabağın və ətraf 7 rayonun bütün azərbaycanlı əhalisi qovulub.
Başqa sözlərlə desək, etnik təmizləmə həyata keçirilib və bu gün də işğal olunmuş ərazilərdə azərbaycanlı əhali yoxdur. Həmin ərazilərin böyük hissəsi yandırılmış torpaqlar, dağıdılmış evlər, məktəblər və ictimai obyektlərdən ibarətdir.
Münaqişə nəticəsində Azərbaycan humanitar fəlakətlə üz-üzə gəldi. Dağlıq Qarabağ və işğal olunmuş ətraf rayonlardan 700 mindən çox əhalisi və Ermənistan ərazisində yaşayan 250 min azərbaycanlı öz tarixi torpaqlarından qovuldu.
BMT-nin Təhlükəsizlik Şurası 4 qətnamə, o cümlədən, Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamə qəbul edib ki, onlar da 25 ildən artıqdır yerinə yetirilmirlər.
Burada vacib bir məsələyə - verilən qərarların icrasına gəlirik. BMT Təhlükəsizlik Şurası ən yüksək beynəlxalq orqandır. 25 ildən çoxdur ki, Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarlar yerinə yetirilmirsə, bu qurumun səmərəliliyi ilə bağlı çoxlu sual doğur. Qətnamələrin icrasının seçmə mahiyyəti Azərbaycanı narahat edir. Bəzən onlar gün ərzində həyata keçirilir, bəzən müəyyən hərbi əməliyyatlar üçün ümumiyyətlə tələb olunmur. Bizim vəziyyətimizdə qətnamələr kağız üzərində qalır.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli bütün dünya tərəfindən qəbul edilmiş BMT Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələri və Helsinki Yekun Aktına uyğun Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olmalıdır”.
Göründüyü kimi, İlham Əliyev bir daha BMT TŞ-nin Dağlıq Qarabağla bağlı qəbul etdiyi 4 qətnamənin icra mexanizminin olmamasını yenidən vacib məsələ kimi gündəmə gətirib. BMT vacib olan bu neqativliyi aradan qaldırmaq üçün nələr etməlidir?
Milli İstiqlal Partiyasının beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayev “Bakı-Xəbər”ə bildirdi ki, hər bir dialoq sonda beynəlxalq hüquqa, BMT Nizamnaməsinə əsaslanmalıdır: “Nizamnamənin qarantı BMT Təhlükəsizlik Şurasıdır. Təhlükəsizlik Şurasının ünvanına səslənən iradlarla razılaşmamaq mümkün deyil. BMT Təhlükəsizlik Şurası Azərbaycan torpaqlarının işğaldan azad olunması üçün 4 qətnamə qəbul edib. BMT-də bəzi dövlətlər var ki, Ermənistanı dəstəkləyir, ona görə qətnamələr icra olunmur. Yoxsa, elə qətnamələr var ki, saatlar ərzində icra olunur. BMT, ilk növbədə, beynəlxalq hüququn aliliyini qorumalıdır. Bu cür halların yaşanması onun imicinə də böyük zərbə vurur”.
Ekspertin sözlərinə görə, BMT üçün ciddi problem müxtəlif regionlarda müşahidə edilən münaqişələrin ədalətli həllinə nail olma çətinliyidir: “Buna misal olaraq, Cənubi Qafqazda, Şərqi Avropada, Afrikanın bir sıra bölgələrində, Uzaq Şərqdə mövcud olan münaqişələri göstərə bilərik. Onlardan biri - Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi uzun illərdir həll edilməmiş qalır. Baxmayaraq ki, BMT TŞ bununla bağlı 4 qətnamə qəbul edib, onlar hələ də reallaşmayıb. Həmin sənədlərdə birmənalı göstərilir ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməlidir. Lakin bu baş vermir. Niyə?
Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələrində kənar dövlətin hərbi qüvvələri yerləşdirilib. Bu bölgələr, faktiki olaraq, işğal altındadır. Beynəlxalq təşkilatların həmin ərazilərdə Gürcüstanın suverenliyinin təmin edilməsi barədə dəfələrlə qərar qəbul etməsinə baxmayaraq, heç bir dəyişiklik yoxdur.
Ukraynanın Krım bölgəsi zəbt edilib, ölkənin şərqində silahlı qarşıdurma davam edir. Məsələnin həlli isə hələ ki, görünmür. Suriyada vəziyyət olduqca mürəkkəb olaraq qalır. BMT isə acizliklə nə isə etməyə çalışır, real nəticə yoxdur. Əvəzində böyük dövlətlər istədikləri zaman oraya ordu göndərə bilirlər. Əgər BMT bu prosesin qarşısını ala bilmirsə, o necə effektiv təşkilat sayıla bilər?
Başqa faktları da göstərmək olar. Ancaq BMT-də islahatları zəruri edən bu obyektiv faktorlarla yanaşı, mütəxəssislər başqa məqamlara da diqqət çəkirlər. Burada əsas olaraq böyük dövlətlərin dünya liderliyi iddiası irəli sürülür.
Təcrübə göstərir ki, həqiqətən də burada ziddiyyətli məqamlar kifayət qədərdir. Məsələn, İraq və Liviya ilə bağlı BMT-nin qəbul etdiyi qətnamələr dərhal yerinə yetirildi, çünki onlara ABŞ başçılıq edirdi. Dağlıq Qarabağla bağlı qəbul edilən qətnamələr isə neçə illərdir həyata keçirilməmiş qalıb. Hətta təcavüzkar Ermənistana qarşı heç bir səmərəli addım atılmayıb. Deməli, ortada ikili standartlar var və təəssüf ki, bu fakt hətta BMT-nin rəsmi otaqlarında qəbul edilən qərarlara və onların reallaşması mexanizmlərinə təsir göstərməkdədir”.
Məhəmmədəli QƏRİBLİ