Sentyabrın 30-da Müsavat Partiyasının qurultayına hazırlıq üzrə təşkilat komitəsi oktyabrın 9-da partiya başqanlığına namizədlər arasında debat təşkil etməklə bağlı qərar qəbul edib. Debat Müsavat Partiyasının qərargahında keçiriləcək.
Qeyd edək ki, Müsavat Partiyasının 9-cu qurultayı oktyabrın 12-də keçiriləcək. Partiyanın başqanlığına indiyədək 3 namizəd irəli sürülüb. Bunlar Müsavat Divanının üzvləri Tofiq Yaqublu, Yadigar Sadıqlı və hazırkı başqan Arif Hacılıdır.
İndiki dövrdə Müsavat Partiyası tərəfindən belə bir debatın təşkili təsadüfi deyil. Bu, partiyaya diqqəti cəlb etmək üçün bir taktiki gedişdir. Hərçənd, partiyanın daxili məsələlərini debat müstəvisinə çıxararaq bununla cəmiyyətin diqqətini cəlb etmək real görünmür. Məlum olduğu kimi, son vaxtlar AXCP daxilində yaşananlar sözügedən partiyanı biabırçı bir sonluğa yaxınlaşdırıb. Belə ki, partiya daxilində Əli Kərimliyə qarşı yüksək funksionerlər səviyyəsində artan narazılıqlar, səslənən ittihamlar, Fuad Qəhrəmanlının ailə üzvlərinin səsləndirdiyi fikirlər AXCP-ni sarsıdıb. Bununla belə, partiya sədrinin “troll şəbəkəsi”ni təlimatlandırmasının üzə çıxması AXCP-dən istefaları sürətləndirir. Bir sözlə, AXCP son proseslər timsalında siyasi arenada tamamilə mövqelərini itirib. Bütün bunların fərqində olan Müsavat Partiyası yaranan bu boşluğu doldurmaq üçün partiyadaxili məsələləri debata çıxararaq bununla cəmiyyətin diqqətini özünə çəkmək istəyir. Ancaq nə etmələrindən asılı olmayaraq, bu gün Azərbaycan cəmiyyəti üçün Müsavatın iç məsələləri maraqlı deyil. Debat olmur, nə keçirsələr belə, xeyri yoxdur. Bunu şərtləndirən bir sıra faktorlar var.
Əvvəla Müsavat Partiyasının ictimai rəyə təsir imkanları ötən illər ərzində sıfıra enib. Partiyanın 2014-cü ilin sentyabrında keçirilən sonuncu qurultayından sonra xeyli sayda şəxs Müsavatı tərk edib. Həmin vaxtdan sonra Müsavat Partiyasının az-maz mövcud olan monolitliyi tamamilə dağılıb. Arif Hacılı başqan olandan sonra partiyanı tərk edənlər artıb. Düzdür, ondan əvvəl də partiyadan gedənlər olub, ancaq son bir neçə ildə, ümumiyyətlə, Müsavat Partiyasının təəssübkeşləri kəskin şəkildə azalıb. Belə olan halda, əlbəttə, partiyada gedən proseslər cəmiyyət üçün heç bir maraq kəsb etmir. Bu baxımdan, Müsavat Partiyasında başqanlığa namizədlər arasında debatın keçirilməsi nə mövcud boşluğu dolduracaq, nə də cəmiyyətin diqqətini sözügedən təşkilata cəlb edəcək.
“Müsavat Partiyası daxilində olan məsələlər cəmiyyət üçün maraqlı deyil”
Məsələyə münasibət bildirən İctimai Problemlərin Tədqiqi Assosiasiyasının rəhbəri Məhərrəm Zülfüqarlının sözlərinə görə, bu cür metodların tətbiqi uğursuzluğa məhkumdur: “Ən başlıcası ona görə ki, Müsavat Partiyası daxilində olan məsələlər cəmiyyət üçün maraqlı deyil. Ona görə ki, sözügedən partiyanın ictimai rəyə təsiri yoxdur. Digər tərəfdən, partiya daxilində sədrlik uğrunda mübarizə gedirsə, keçirilən debat birbaşa partiya üzvlərinin gələcəkdə mövqelərinə təsir edə bilər. Bu baxımdan, Müsavat Partiyasında keçiriləcək debat gələcəkdə kimin başqan olmasına təsir göstərə bilər. Ancaq bütün bunların cəmiyyətin digər üzvləri üçün heç bir əhəmiyyəti yoxdur. Ona görə ki, cəmiyyətə maraqlı deyil partiya daxilində nə baş verir. Müsavat Partiyası nüfuzlu bir siyasi təşkilat olsaydı, o zaman keçiriləcək debat hansısa maraq kəsb edə bilərdi. Bu olmadığına görə bunun heç bir mənası yoxdur. Bu, sırf partiya üzvləri üçün xarakterik olan bir şeydir. Başqa heç nə”.
Vidadi ORDAHALLI