Bu günlərdə Ermənistanda Avrasiya İqtisadi İttifaqının sammiti baş tutdu. Sözügedən sammit həm Ermənistanın, həm də Ermənistanın Baş naziri Nikol Paşinyanın tam nüfuzdan düşdüyünü göstərdi. Tədbirin İrəvanda keçirilməsinə baxmayaraq, Baş nazir Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə görüşü son anda baş tutdu.
Ermənistan mediası da təsdiq edir ki, rəsmi İrəvan bu görüşün baş tutması üçün çox ciddi səylər göstərib, görüş üçün Rusiya tərəfi ilə dəfələrlə əlaqə yaradılıb və qısa da olsa görüşün olması xahişi edilib. Əslində, protokol qaydalarına görə, zirvə görüşünə ev sahibliyi edən ölkənin rəhbəri ayrı-ayrılıqda hər bir dövlət və hökumət başçısı ilə görüşür, bir çox hallarda bu görüş geniş tərkibdə keçirilir, ikitərəfli münasibətlər müzakirə olunur. Məsələn, ortada dəfələrlə bu kimi tədbirlərə evsahibliyi edən Azərbaycanın nümunəsi var. Belə tədbirlərdə Azərbaycan Prezidenti dövlət və hökumət başçıları ilə ayrı-ayrılıqda, geniş tərkibdə görüşlər keçirir.
Amma Putinlə Paşinyan arasında görüş günün sonunda, özü də sammit çərçivəsində baş tutub. İkinci görüş də ayaqüstü olub. Paşinyan qaçaraq özünü aeroporta yetirib ki, Putini yola salsın. Məhz orada ayaqüstü görüşləri olub. Bütün bunlar Ermənistana və onun Baş nazirinə olan münasibətin göstəricisi sayılmalıdır.
Politoloq Yeganə Hacıyeva qəzetimizə bildirdi ki, Avrasiya Samitinin Ermənistanda keçirilməsi göstərdi ki, həmin ölkənin heç bir hörməti yoxdur: “Özünü qərbpərəst göstərməyə çalışan və bütün jurnalist fəaliyyəti boyu Rusiya ilə yaxınlaşmaya qarşı çıxan Paşinyan gördünüz necə Putinin əlinə-ayağına düşmüşdü? Biabırçılıqdır ki, Putin onunla heç masa arxasında əyləşib görüş keçirmədi. Burada açıq görünür ki, Nikol Paşinyan olduqca riyakar siyasətçidir. Özünü nə qədər Qərbə meylli göstərsə də, əslində, başqa addımlar atır. Bu tədbirə də normal evsahibliyi edə bilmədi. Göründü ki, orada iştirak edən dövlət başçıları onu ciddi qəbul etmirlər. ABŞ-da olduğu kimi, burada da Paşinyan yalnız selfi şəkillər çəkməklə yadda qaldı. Heç tədbirin də məntiqi nəticəsi olmadı. Hesab etmək olar ki, bu, iştirakçılar üçün vaxt itkisindən başqa nəsə deyildi. Bu tədbir, eyni zamnda, bizimlə Ermənistan arasındakı fərqi açıq şəkildə üzə çıxardı. Bizdə keçirilən analoji formatda olan tədbirlərdə tamamilə fərqli mənzərənin şahidi oluruq. Burada həm də ölkə rəhbərlərinin şəxsi keyfiyyətləri və hörmətləri, qəbulolunma səviyyələri ortaya çıxır. Mən bu yaxınlarda beynəlxalq tədbirdə oldum. Orada keçirdiyim görüşlərdə də bildirdilər ki, heç kim Paşinyanı qərbpərəst kimi saymır. Bu tədbir həm də onun yönünün, əslində, hansı səmtə olması ilə bağlı aydın təsəvvür yaratmış oldu”.
Məhəmmədəli QƏRİBLİ