Fransa Prezidenti Emmanuel Makron Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasında sualları cavablandırarkən mühacir statusu ilə alver edən şəbəkələr və onlarla mübarizənin zəruriliyindən danışıb.
Onun sözlərinə görə, Avropada qaçqın statusu "arzusu"nu satan şəbəkələr fəaliyyət göstərir: "Onlar Avropa ölkələrində qaçqın statusu almaq üçün heç bir hüququ olmayan insanları aldadaraq qitəyə gəlmələrinə şərait yaradırlar. Biz belə qruplaşmalara qarşı tədbirlərimizi genişləndirməli və birgə mübarizə aparmalıyıq".
E.Makron deyib ki, mühacir axını ölkələrə ziyan vurur: "Qaçqın statusu almaq hüququ olmayan insanların ölkəmizə axını miqrantların çoxluğundan əziyyət çəkən sistemin fəaliyyətini zəiflədir. Beləliklə, həqiqətən, sığınacaq hüququna layiq olan insanların işinə baxılması yubanır. Hətta onların işinə baxılması bəzən 3-4 il çəkir. Belə hallar da onları yoxsulluğa məhkum edir".
Əslində, Makron çox ciddi olan bir problemə toxunub və mühacir alverilə mübarizə üçün bir əməkdaşlıq modeli təklif edib. Bu həm də o anlama gəlir ki, Makronun rəhbərlik etdiyi ölkə saxta mühacirlər sarıdan əziyyət çəkir. Fransa Prezidentinin səsləndirdiyi fikirlər bizim üçün çox tanışdır. Çünki zaman-zaman Azərbaycanda bu problemlər qaldırılıb və Avropa ölkələrinə müvafiq müraciətlər olunub. Hətta Azərbaycanın özündə belə bu məsələ açıq müzakirələrə çıxarılıb. Bir sıra müxalifət partiyalarının funksionerləri öz üzvləri tərəfindən saxta mühacir biznesi ilə məşğul olmaqda ittiham edilib. Ortaya konkret faktlar, yazışmalar, səs yazıları qoyulub. Azərbaycana qarşı söyüş kampaniyasında iştirak edən saxta mühacirlərin ən fəalları məhz Fransada oturum alıblar. Dəfələrlə Fransa hökuməti qarşısında onların ölkəyə ekstradisiya olunması ilə bağlı məsələ qaldırılsa da, buna əməl olunmayıb. Vidadi İsgəndərli, Elşad Abdullayev kimi dələduzlara qucaq açan Fransa bilməlidir ki, həmin adamlar ölkədə heç bir siyasi fəaliyyətlə məşğul olmayıblar. Çox yaxşı haldır ki, artıq Fransa da ən ali səviyyədə bu problemlə mübarizənin zəruriliyini vurğulayır və digər dövlətləri əməkdaşlığa çağırır. Aydındır ki, Azərbaycan məmnuniyyətlə bu əməkdaşlığa öz töhfəsini verə bilər. Ortada Fransanın ən yüksək səviyyədə siyasi iradəsi və Azərbaycanın əlində kifayət qədər sübut və dəlilləri varsa, onda bu araşdırmaların Azərbaycandakı siyasi partiyalara qədər gəlib çıxacağına şübhə yeri qalmır. Böyük ehtimalla, bu əməkdaşlıq çərçivəsində bir sıra saxta mühacirlərin Azərbaycana ekstradisiyası da reallaşa bilər. Yəqin ki, Azərbaycanın əlaqədar qurumları Makronun bu təklifini dəyərləndirib müəyyən addımlar atacaqlar. Bu, transmilli cinayətkarlığa aid olan bir fəaliyyət növüdür və terror təşkilatlarının mənsub olduğu qədər maliyyəsi ola bilir. Bu səbəbdən də yalnız dünya birliyinin birgə səyləri ilə deyilən istiqamətdə irəliləyişlərin əldə olunması mümkündür.
Məhəmmədəli QƏRİBLİ