Krım vilayətinin Sevastopol şəhər radiosunun “Qobustan” proqramının aparıcısı, tanınmış jurnalist Həbib Əliyev bu gün özünün çox ağır günlərini yaşayır. Bir ilə yaxındır ki, Naxçıvan MR-in Babək rayonunun Cəhri kəndində, ata evində ağır xəstə yatan Həbib Əliyev ümidlə gözlərini qapıya dikib. Sağalmaz dərdinə çarə axtaran Həbib müəllim mübtəla olduğu xəstəlikdən gözlərinin işığını, dizlərinin taqətini itirib, nə görür, nə də yeriyə bilir.
H.Əliyev kimdir? Onu uzaq Sevastopola hansı məqsəd aparıb, o, niyə bu şəhərdə fəaliyyət göstərən Azərbaycandilli (həmçinin də rus dilində - İ.S.) “Qobustan” proqramını yaradıb?
Əvvəlcə qeyd edək ki, H.Əliyevin müəllifi və aparcısı olduğu “Qobustan” proqramı 1997-ci ilin martından fəaliyyət göstərməyə başyaıb, o, bu ağır duruma düşənə qədər həmin verilişin 250 sayı efirə gedib. Azərbaycan mədəniyyətini, incəsənətini, tarixini, ölkəmizin müasir inkişafını, eləcə də xalqımızın haqq işini yorulmadan təbliğ edən “Qobustan”ı yaradana qədər H.Əliyev Bakıda yaşayıb, burada müəllimlik fəaliyyəti ilə məşğul olub. Sevastopola getdikdən sonra isə belə bir proqram ərsəyə gətirmək niyyətinə düşüb. H.Əliyev bizimlə ötən söhbətlərində proqramın yaranma səbəblərini belə izah edirdi: “Mən 1996-cı ildə Bakının Xətai rayonunda müəllim işləyirdim. Ermənistanın Azərbaycana qarşı işğalçılıq planının reallaşdırılmasına başladığı 1988-ci ildən etibarən xalqımızın başına gətirilən müsibətlər, ərazilərimizin bir-birinin ardınca işğalı məni çox narahat edirdi. Hələ bu azmış kimi, cilddən-cildə girməkdə mahir olan ermənilər bizi borclu çıxarır, xarici ölkə mətbuatında ünvanımıza böhtanlar yağdırır, Azərbaycan xalqını vəhşi, qaniçən qəbilə kimi təqdim edirdilər. Ən çox təəssüf doğuran o idi ki, torpağı işğal edilən, hər şeyi ermənilər tərəfindən talan edilən, oğurlanan biz olduğumuz halda, xarici ölkə mətbuatı ermənilərin uydurmalarına inanıb azərbaycanlıları vəhşi adlandırırdı. Həmin dövrdə Ulu Öndər Heydər Əliyev xarici ölkələrdəki Azərbaycan diasporunun qarşısında ermənilərin bu fitnə-fəsadlarına qarşı yumruq kimi birləşməyi, Azərbaycan həqiqətlərini, xüsusilə ermənilərin zaman-zaman azərbaycanlılara qarşı törətdikləri soyqırımı və işğalçılıq siyasətini dünya ictimaiyyətinə olduğu kimi çatdırmağı əsas vəzifə kimi qoymuşdu.
Açığını deyim ki, Ümummilli Liderin bu çağırışına qədər xaricdəki Azərbaycan diasporunun nümayəndələri pərakəndə fəaliyyət göstərir, yaşadıqları ölkələrdə Azərbaycan mədəniyyətinin təbliği ilə məşğul olmurdular. Nəticədə tarixi düşmənlərimiz bu boşluqdan istifadə edərək hər yerdə azərbaycanlıları vəhşi, mədəniyyətsiz xalq kimi təqdim edirdilər. Belə bir vaxtda Ulu Öndərin çağırışına cavab olaraq mən də qarşıma belə bir məqsəd qoydum ki, bu prosesdə yaxından iştirak etməliyəm. İş elə gətirdi ki, həmin vaxt Krımın Sevastopol şəhərində yaşayan bir tanışımdan məktub aldım. O məni Sevastopolda yaşayan azərbaycanlı balaları üçün məktəb açmaq məqsədilə həmin şəhərə dəvət edirdi. 1996-cı ilin yanvarında bu dəvət əsasında Ukraynaya getdim. Burada yerli diasporumuzun nümayəndələri ilə birlikdə azərbaycanlı uşaqlar üçün məktəb açdıq. Sevastopolda yaşadığım ilk gündən yerli radionun proqramlarını ardıcıl izləyirdim. Şəhər radiosunda ermənilərin xüsusi proqramı yayımlanırdı. Onlar vaxtaşırı verilişlərində haqqımızda təxminən belə deyirdilər: “Azərbaycanlılar vəhşi xalqdır. Onlar Sumqayıtda bizi kabab edib yemişlər. İndi isə Qarabağda demokratiya qalib gəlib. Qarabağ erməniləri Azərbaycanın zülmündən azad olublar. Özlərinin azad, demokratik respublikalarını qurublar”.
Bu düşüncələr içində radionun redaktorunun yanına getdim. Dedim ki, Bakıdan gəlmişəm, müəlliməm, ziyalıyam, sizə bir sualım var: mənə elə bir xalq göstərin ki, adamyeyən olsun? Redaktor cavabında dedi ki, dünyada belə bir xalq yoxdur. Dedim ki, əgər belədirsə, ermənilər azərbaycanlıları vəhşi, adamyeyən xalq kimi təqdim edir, siz isə susursunuz”.
H.Əliyev qeyd edirdi ki, bu söhbətdən sonra radionun rəhbərliyi ona burada Azərbaycandilli proqram yaratmağı təklif edir, o bu təklifi qəbul edir və “Qobustan” efirə çıxmağa başlayır. “Qobustan” efirə çıxdıqdan sonra Sevastopol radiosunun efirindən Azərbaycan həqiqətləri yayılır, bütün Krım ictimaiyyəti, eləcə də radio proqramlarının yayıldığı ərazilərdəki insanlar Azərbaycanın haqq mübarizəsi ilə bağlı həqiqətləri öyrənirlər. H.Əliyev proqramın hər sayında Azərbaycan torpaqlarını işğal edən, xalqımıza qarşı soyqırım və deportasiya aktları törədən erməniləri ifşa etməyə başlayır. Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında, eləcə də Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, elminin təbliğində mühüm rol oyayan, hazırda səhhətində yaranan ciddi problemlərdən dolayı xəstə yatan tanınmış jurnalist H.Əliyevin müalicəsi, ona maddi və mənəvi dəstək göstərilməsi ilə bağlı medai rəhbərləri nə düşünürlər?
Şakir Ağayev: “Əvvəla onun vəziyyəti ilə bağlı Diaspor Komitəsinin sədri Fuad Muradova məktubla müraciət etməliyik”
“Novoye vremya” qəzetinin baş redaktoru Şakir Ağayev “Bakı-Xəbər”ə bildirdi ki, həmkarımızın səhhətində yaranan ciddi problemin aradan qaldırılması ilə bağlı tədbirlərin görülməsi istiqamətində bütün media həmrəy olmaldır: “Bu bizdən asılı məsələ olsa, təklif edərdim ki, bir həmkar olaraq bütün baş redaktorlar və mətbuatda az-çox imkanı olan insanlar bir araya gəlib bir hesab açsın, yaxud başqa addımlar atsın. Yəni öz tərəfimizdən belə köməklik edə bilərik. Amma bu köməklik yəqin ki, onu tam təmin edə bilməz. Bu insan Sevastopol radiosunda işləyib və Azərbaycanın haqq səsini yayıb. Azərbaycandan xaricdə yaşayıb onun haqq səsini dünyaya yayan adamlar ölkəmizin lobbiçiliyi ilə məşğul olan adamlardır. Xaricdə yaşayan azərbaycanlılarla bağlı Azərbaycanda Diaspor Komitəsi fəaliyyət göstərir. Mən təklif edərdim ki, bütün baş redaktorlar Diaspor Komitəsinin sədri Fuad Muradova, eyni zamanda da xaricdəki diaspor qurumların rəhbərlərinə bir müraciət hazırlayaq. Təbii ki, bütün bunların başında Azərbaycan Mətbuat Şurasının rəhbərliyi, hörmətli Əflatun Amaşov olmalıdır. Əflatun Amaşovun, Mətbuat Şurası üzvlərinin və baş redaktorların imzası ilə ölkə başçısına da müraciət etmək mümkündür. Hesab edirəm ki, bu müraciət müsbət cavablanar. Çünki indiyə qədər dövlət başçısına edilən heç bir müraciət cavabsız qalmayıb, hansısa formada köməklik göstərilib. Eyni zamanda da xaricdə yaşayan çoxlu sayda imkanlı azərbaycanlılar var ki, onlara da müraciət etməliyik. Əvvəla onun vəziyyəti ilə bağlı Diaspor Komitəsinin sədri Fuad Muradova məktubla müraciət etməliyik. Yəni H.Əliyev könüllü olaraq, heç kəsdən təmənna ummadan orada proqram yaradıb, Azərbaycanın haqq işini yayıb, təbliğ edib. Onun bu sahədə böyük xidmətləri olub. Hesab edirəm ki, hazırda vəziyyəti ağır olan Həbib müəllimə kömək etməyə Daspor Komitəsinin imkanları çatar. Şübhə etmirəm ki, Azərbaycanın böyük bir komitəsinin maliyyəsi buna imkan verər. H.Əliyevə dəstək göstərmək bir həmkar kimi bizim borcumuzdur. Digər tərəfdən də Azərbaycanın ölkədən kənarda təbliğində rolu olan insana dəstək bir həmkarlıq, bir insanlıq borcumuzdur. Bu bizim həm də ən böyük insanlıq vəzifəmizdir ki, belə dar gündə həmkarımızı yalqız buraxmayaq. Gələcəkdə belə işlə məşğul olan adamlar görsünlər ki, çətin vəziyyətdə onlar tək qalmırlar. Bu işləri görüb çətin duruma düşəndə ümid edə bilərlər ki, arxalarında dövlətin, həmkarlarının, başqa imkanı olan insanların köməyi var”.
Vüqar Rəhimzadə: “Mətbuat Şurası onunla bağlı Səhiyyə Nazirliyinə müraciət etməlidir”
“İki sahil” qəzetinin baş readktoru Vüqar Rəhimzadə də H.Əliyevə dəstək olmağa hazır olduğunu bildirdi. V.Rəhimzadə hesab edir ki, H.Əliyevin vəziyyətilə bağlı Azərbaycan Mətbuat Şurası Səhiyyə Nazirliyinə müraciət etməlidir: “Mətbuat Şurası onunla bağlı Səhiyyə Nazirliyinə müraciət etməlidir. Əvvəlcə onun xəstəliyinin diaqnozu qoylmalıdır, ona uyğun da nə lazımdır edilməlidir. Bizə aid nə varsa, biz də Həbib müəllimə dəstək göstərə bilərik”.
Bəhruz Quliyev: “Bütün baş redaktorlar Mətbuat Şurasına müraciət etməli və Mətbuat Şurası vasitəsilə onun vəziyyəti ölkə başçısına çatdırılmalıdır”
“Səs” qəzeti və “Səs” İnformasiya Agentliyinin rəhbəri Bəhruz Quliyev də həmkarımıza dəstək göstərməyə hazır olduğunu bildirdi. B.Quliyevin təkliflərinə gəlincə, o hesab edir ki, bununla bağlı ölkə başçısına müraciət etmək olar: “Azərbaycan jurnalistlərinin həyat, məişət, mənzil şəraitilə hər zaman Azərbaycan hakimiyyəti maraqlanıb və ən çətin anlarda belə jurnalistlərin, öz vətəndaşlarının yanında olub. H.Əliyevlə bağlı mənim təklifim budur ki, ilk növbədə, bütün baş redaktorlar Mətbuat Şurasına müraciət etməli və Mətbuat Şurası vasitəsilə onun vəziyyəti ölkə başçısına çatdırılmalıdır. Yəni Azərbaycan üçün dəyərli olan, ölkəmizin haqq işini beynəlxalq aləmdə təbliğ edən belə bir jurnalist ağır durumdadır və onun köməyə ehtiyacı var. Hesab edirəm ki, bunu edək. Eyni zamanda da, lazım olsa, baş redaktorlar olaraq da ona maddi dəstək göstərməliyik”.
İradə SARIYEVA