Ermənistanda keçirilən Avrasiya İqtisadi Birliyinin (AİB) sammitinin İrəvan üçün tam fiasko ilə nəticələnməsi özünü kifayət qədər qabarıq şəkildə büruzə verməkdədir. Məsələ burasındadır ki, iqtisadi mahiyyətli bu qurumda iştirakçılıqla Ermənistan düşdüyü ağır vəziyyətdən xilas olmağı düşünsə də, proseslər tamamilə bunun əksi istiqamətdə cərəyan etməkdədir.
Hazırda İrəvanın əsas niyyətlərindən biri Rusiya və İranla əməkdaşlığı dərinləşdirmək, xüsusən də nəqldiyyat əlaqələrinin inkiaşfına nail olmaqdır. Amma Avrasiya İqtisadi Birliyinin sammitində səslənən fikirlərdən belə bəlli oldu ki, Rusiya və İran kimi ölkələri daha çox Azərbaycan üzərindən keçən nəqliyyat dəhlizləri maraqlandırır. Ermənistan bu mənada tamam arxa plandadır. Elə İrəvanda keçirilən sammitdə İran prezidenti Həsən Ruhaninin mövqeyi də bunu təsdiq edir. Belə ki, Həsən Ruhani çıxışında Birliyə üzv olan dövlətləri İranın tranzit imkanlarından faydalanmağa çağırıb. İran prezidenti bildirib ki, İranın körfəz, Oman və Xəzər dənizləri sahillərində böyük infrastruktura malik limanları var. O qeyd edib ki, həmin dənizlərin sahillərindəki Astara, Əmirabad, Ənzəli, Bəndər-Abbas, İmam Xomeyni, Çabahar limanları istənilən həcmdə yükləri qəbul edib yola salmaq imkanına malikdir. Bu limanlar isə məhz “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin formalaşmasında mühüm rol oynayır.
Ruhaninin çıxışında maraq doğuran məqam ondan ibarətdir ki, adıçəkilən limanlara daxil olan yüklər “Şimal-Cənub” dəhlizi ilə daşınacaq. Cənub-Şərqi Asiya ölkələri Rusiya və Avropa ilə yük mübadiləsini və idxal-ixrac əməliyyatlarını məhz bu limanlar vasitəsilə həyata keçirəcəklər. Cənub-Şərqi Asiya ölkələrindən İranın Çabahar, Bəndər-Abbas, İmam Xomeyni limanlarına daxil olan yüklər Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu vasitəsilə tranzit olaraq Azərbaycan ərazisindən keçməklə Rusiyaya, oradan isə Qərbi Avropaya daşınacaq. Məlum olduğu kimi, Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun Qəzvin-Rəşt hissəsi artıq istismara verilib. Yolun Rəşt-Astara hissəsində işlər davam edir. İran Astarası ilə Azərbaycan Astarasını birləşdirən 8 kilometrlik dəmir yolu da iki ildir ki, fəaliyyətə başlayıb və bu yolla İran Rusiya ilə ticarət əlaqələrini davam etdirir. İran prezidentinin bu çıxışında irəli sürdüyü təklif öz ölkəsi ilə bərabər Azərbaycanın da xeyrinədir. Bunlar həm də o deməkdir ki, Avrasiya İqtisadi Birliyinin son tədbiri də Ermənistan üçün heç bir əhəmiyyət kəsb etməyəcək. Hətta əksinə, İran Ermənistanda dolayı yolla olsa da bəyan edir ki, Azərbaycan üzərindən keçən dəhlizlərlə yükdaşımaların artımını istəyir. Xatırladaq ki, Ermənistan, bölgədə reallaşan digər beynəlxalq iqtisadi layihələrdə olduğu kimi, “Şimal-Cənub” dəhlizindən də kənarda qalıb.
Hazırda Azərbaycan “Şimal-Cənub” dəhlizinin tam olaraq formalaşmasında fəallıq göstərir. Digər tərəfdən, İran kimi Rusiya da tranzit məsələsində Ermənistana yox, Azərbaycana xüsusi maraq göstərir. Elə bundan irəli gəlir ki, Azərbaycanın dəmir yollarının yaxın tezlikdə "Transsibir" magistralı ilə birləşməsi də gözlənilir. Artıq bu xüsusda Moskvada Azərbaycan və Rusiya dəmir yolları idarələrinin nümayəndələri arasında müzakirə aparılıb. Müzakirələrdə Rusiya ərazisindən keçməklə Çin, Yaponiya və Koreyadan yüklərin "Transsibir" magistralı ilə Azərbaycana, buradan isə Bakı-Tiflis-Qars dəmir yolu xəttilə Türkiyə istiqamətində daşınması məsələsi gündəmə gəlib. Məhz bu vəziyyət o deməkdir ki, Azərbaycan dəmir yolları dünya miqyasında böyük bir şəbəkənin mühüm halqalarından birinə çevrilir. Qeyd edək ki, "Transsibir" magistralı dünyanın ən uzun dəmir yoludur. 9300 kilometrə yaxın bu yol Moskvanı Rusianın Uzaq Şərqi ilə birləşdirir və son məntəqəsi Vladivostok şəhəridir. "Rusiya Dəmir Yolları" ASC-nin baş direktorunun birinci müavini Aleksandr Mişarin də bu günlərdə belə bir açıqlama ilə çıxış etmişdi ki, Rusiya Azərbaycan və Gürcüstandan keçməklə Türkiyəyə, oradan da Avropaya çatdırılma məqsədilə yük daşımalarının, o cümlədən konteyner daşımalarının bir hissəsini "Transsibir" dəmir yolu xəttinə keçirməyi planlaşdırır: "Bu layihə reallaşdırılır. O, Azərbaycan, Gürcüstan və Türkiyə arasındakı razılığa əsasən həyata keçirilir. Söhbət axının bir hissəsini "Transsibir" magistralı üzrə Azərbaycan və Gürcüstandan keçməklə Türkiyəyə, oradan da Avropaya yönəltməyə imkan verəcək iki müxtəlif enlikli dəmir yolu xəttindən gedir".
Ekspertlər bildirir ki, "Transsibir" xətti ilə gələn yüklərin sonradan Bakı-Tiflis-Qarsla birləşməsi olduqca mühüm əhəmiyyət kəsb edir. Rusiyalı ekspert Aleksandr Karavayev bu məsələyə ölkəsində artıq xüsusi maraq göstərildyini bildirir: “Faktiki olaraq, Rusiya Bakı-Tiflis-Qars layihəsinə artıq qoşulub. Bu ilin mayında Ankarada Rusiya, Türkiyə və Azərbaycanın dəmir yollarının rəhbərləri üçtərəfli memorandum imzaladılar. Məhz həmin vaxt "Rusiya Dəmir Yolları"nın başçısı Oleq Belozyorov Bakı-Tiflis-Qars dəhlizi üzrə "Transsibir" magistralı ilə Çin, Cənubi Koreya və digər Asiya-Sakit okeanı ölkələrindən gələn yüklərin gedəcəyini bəyan etdi.
Söhbət iki yük axınından gedir ki, bura ilk olaraq, Türkiyə idxalçılarına çatacaq, əsas etbarı ilə Rusiya, (kömür, ağac, buğda) bir qisim də Çin malları daxildir. Rusiya ilə Türkiyə arasında dənizlə birbaşa yolla illik yük axını 6 milyon ton, avtomobil və Avropanın tranzit dəmir yol magistralları (Bolqarıstan üzərindən) ilə 20 milyon ton səviyyəsindədir. "Rusiya Dəmir Yolları" bu yük axınlarını öz nəzarətinə götürərək yükləri birbaşa Bakı-Tiflis-Qars vasitəsilə göndərməyi planlaşdırır.
Digər tərəfdən, söhbət Cənub və Asiya-Sakit Okeanı regionunun idxalçılarına yollanan Rusiya yüklərindən gedir. Belə ki, Rusiyanın Asiya-Sakit okean regionundan yük dövriyyəsinin 50%-i "Transsibir" in payına düşür. Bu mənada, Bakı-Tiflis-Qars Rusiyanın Uzaq Şərqdəki kömür terminallarındakı yüksək səviyyəli mövsümi yüklülük problemini və Qara dənizdə buğda terminallarında (Novorosiyskdə 3 terminal, Qafqaz və Taman limanlarının hərəsində 1 terminal) yükləmə güclərinin defisitini həll edə bilər. "Rusiya Dəmir Yolları" Azərbaycan üzərindən Türkiyə və İrana tranziti əsas yüklənmənin azaldılmasının bir variantı kimi nəzərdən keçirir. Moskva və Bakı tərəfdaşlıq məramlarını artıq qeydə alıb. Belə ki, tərəflər buğda və taxta-şalban daşınması üzrə birgə müəssisə yaradıblar. O, regionda buğda məhsullarının daşınması üzrə vaqon parkına malik olan yeganə şirkətdir. Azərbaycan Rusiya buğdası və taxta-şalbanı üçün tranzit ölkəyə çevrilir ki, bu məqamda da onun büdcəsi üçün əhəmiyyətli maraq görülməkdədir. Moskva getdikcə Azərbaycan nəqliyyat habının həm Bakı-Tiflis-Qars, həm də "Şimal-Cənub" dəhlizi istiqamətində genişləndirilməsi üzrə səylərini artıracaq”.
Bütün bunlar Azərbaycanın tranzit əhəmiyytinin Rusiya üçün artdığını bir daha təsdiq edir və belə vəziyyət Ermənistanı tam şəkildə arxa plan atır. Elə bu səbəbdən hesab edilir ki, İran və Rusiyanın gedişləri nəticəsində Avrasiya İqtisadi Birliyinin İrəvan sammiti Ermənistan üçün tam fiasko ilə nəticələnib.
Nahid SALAYEV