Soçidə keçirilən “Valday” müzakirə klubunun iclasında Rusiya xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinə toxunub. Onun sözlərinə görə, son zamanlar qoşunların təmas xəttində vəziyyət olduqca sakitdir, insidentlər azdır. Baş verən insidentlər də böyük deyil. Həlak olanların meyitlərinin dəyişdirilməsi baş verib.
Rusiya XİN başçısı əsirlərin dəyişdirilməsinə hazırlıq getdiyini vurğulayıb: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı hansısa proses gedir. ATƏT-in Minsk Qrupunun ABŞ, Fransa və Rusiyadan olan həmsədrləri çox sıx və dostcasına işləyirlər. Məncə, onlar bu il üç dəfə görüşüblər. Bu ilin aprel ayında mənim iştirakımla Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçirilib. Deyərdim ki, bu regionda vəziyyət ötən illə müqayisədə daha sakitdir. Siyasi proses tormozlanıb. Hələlik prosesi tormozdan ayırmaq alınmır. Tərəflər olduqca ciddi bəyanatlar verir. O cümlədən, Dağlıq Qarabağın Ermənistanın olması bəyanatı səslənib. Necə ki, Albaniyanın Baş naziri Kosovonun Albaniyanın olduğunu bəyan edib. Əlbəttə ki, bu bəyanatlar münaqişələrin həllinə kömək etmir, siyasi prosesi tormozdan ayırmağa kömək etmir”.
Görünən odur ki, Moskva ilk dəfə rəsmi səviyyədə “Qarabağ Ermənistandır” fikri ilə razılaşmadığını açıqladı. Düzdür, buna qədər Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova ünvan göstərmədən danışıqlar formatının dəyişdirilməsinin əleyhinə olduğunu vurğulayıb. Ancaq onun rəhbəri Sergey Lavrov “Valday” klubunun Yaxın Şərqə həsr olunan sessiyasında ünvanı gizlətmədi. Məlumdur ki, Kreml Kosovonun müstəqilliyini qəbul etmir və bu bölgəni Serbiyanın ərazisi sayır. Ona görə də Qarabağın Kosovoya bənzədilməsi İrəvanın xeyrinə deyil.
Bütövlükdə, Lavrovun məlum yanaşması nəyin göstəricisidir və Ermənistan üçün nə deməkdir?
“Hesab edirəm ki, Lavrovun açıq mesajı yeni həll variantının olmasına işarədir”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Ermənistan Baş naziri Nikol Paşinyanın Qarabağ siyasəti Minsk Qrupunun həmsədr dövlətləri tərəfindən birmənalı qarşılanmır: “Onun verdiyi bəyanatlar danışıqlara mane olmaq, vaxt uzatmaq və həll variantlarının üstündən xətt çəkməkdir. Məhz belə bir bəyanat Rusiyanın maraqlarını təhdid edir. Çünki Rusiya regionda müharibənin alovlanmasında maraqlı deyil. Lavrovun Paşinyanın məlum bəyanatlarına qarşı olması məhz Soçidə Azərbaycan və Rusiya prezidentlərinin görüşü kontekstində səsləndi. Bu, Ermənistana bir mesaj idi. Görünən odur ki, Rusiya da Paşinyanın bu məsuliyyətsiz davranışlarından narahatdır. Rusiya artıq münaqişənin həllinə belə zərbə vuran bəyanatlara qarşı olduğunu göstərməklə, bir növ, konfliktin həllinə yönəlik müəyyən yanaşmalar ortaya qoya bilər. Xüsusilə nəzərə almaq lazımdır ki, Cənubi Qafqazda geosiyasi şərtlər dəyişməyə doğru gedir. Burada mütləq şəkildə münaqişənin həlli labüdləşir. Məhz Lavrov bununla İrəvanı məsuliyyətli olmağa çağırır. Onsuz da Paşinyana Moskvada etimad etmirlər. Bundan əlavə, Kreml konfliktin həllində yeni şərtlərlə çıxış edə bilər. Hesab edirəm ki, Lavrovun açıq mesajı yeni həll variantının olmasına işarədir”.
Vidadi ORDAHALLI