Ermənistanın əksər sahələrdə Azərbaycandan geridə qalması danılmaz reallıqdır. Kimin nə deməsindən asılı olmayaraq, reallıq ortadadır. O cümlədən, Azərbaycan və Ermənistan dövlət başçılarının nüfuzunu da müqayisə etdikdə, məlum qarşı tərəfin nüfuzu çox aşağıdır. Bu günlərdə Ermənistan Avrasiya İqtisadi İttifaqına evsahibliyi etdi. Həmçinin, Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun iclası başlayıb. “Valday” klubunda İlham Əliyevə olan münasibəti İrəvan sammitində Paşinyana olan münasibətlə müqayisə etdikdə arada nə qədər böyük fərqin olması aydınlaşır.
Ermənistan Aİİ-nin tədbirinə evsahibliyi etsə də, üzv ölkələrin rəhbərləri Baş nazir Nikol Paşinyana saymazyana münasibət bəslədilər. Bu, müxtəlif formalarda özünü büruzə verdi. Məsələn, Belarus Prezidenti Aleksandr Lukaşenko Paşinyanla görüşündə çəkinmədən Azərbaycanın mənafeyini müdafiə etdi, Prezident İlham Əliyevlə olan yüksək münasibətləri qeyd etdi. Bundan başqa, Rusiya Prezidenti Vladimir Putin Paşinyanla sanki ayaqüstü görüş keçirdi. Aİİ-nin üzvü olan bir sıra dövlətlərin başçıları, ümumiyyətlə, Paşinyanla ikitərəfli görüş keçirmədilər. Əslində, protokol qaydalarına görə, zirvə görüşünü təşkil edən ölkənin rəhbəri ayrı-ayrılıqda hər bir dövlət və hökumət başçısı ilə görüşür. Bir çox hallarda bu görüş geniş tərkibdə keçirilir, ikitərəfli münasibətlər müzakirə olunur. İrəvanda Paşinyan tədbir boyu hər fürsətdə özünü aşağılayaraq, harada gəldi dövlət başçıları ilə selfi çəkdirdi.
Başqa bir tərəfdən, Paşinyan istədi belə bir rəy yaratsın ki, guya toplantı ona görə İrəvanda keçirilib. Halbuki, təşkilatın toplantısı, sadəcə, növbəlilik prinsipinə görə orada keçirilib və bunun Paşinyanla əlaqəsi yoxdur. Toplantıdan dərhal sonra parlamentdə çıxış edən Paşinyan tədbirin “uğurlu nəticələrindən” və rusiyalı həmkarı Vladimir Putinlə görüşdən ağız dolusu danışıb. Ancaq deputatlardan birinin “Rusiya Ermənistana satdığı qazın qiymətini bahalaşdırmayacaq ki” sadə sualına cavab verə bilməyib. Ən nəhayət, Paşinyanın nüfuzu olsaydı, Putin onun əzəli düşməni olan Robert Köçəryanın həyat yoldaşı ilə görüşməzdi. Yəni Paşinyanla olan münasibətləri nəzərə alardı.
Ancaq gəlin “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasına dəvət olunan Prezident İlham Əliyevə olan böyük hörmətə baxaq. Nəinki bu tədbirdə, digər beynəlxalq görüşlərdə bir sıra dövlət başçıları Prezident İlham Əliyevlə ikitərəfli görüşə xüsusi səy göstərirlər. Eyni zamanda, dəfələrlə bu kimi tədbirlərə evsahibliyi edən Azərbaycanda ölkə başçısı dövlət və hökumət başçıları ilə ayrı-ayrılıqda, geniş tərkibdə görüşlər keçirib. Ölkədən kənarda keçirilən tədbirlərdə iştirak edən dövlət başçıları, Nobel mükafatçılarının hər biri çalışır ki, Azərbaycan Prezidenti ilə görüşsün. Soçidə Prezident İlham Əliyevin sözügedən tədbir çərçivəsində çoxsaylı yüksək vəzifəli dövlət xadimi ilə görüşləri planlaşdırılır. Ümumən, Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər beynəlxalq aləmdə ciddi rezonans doğurur. Aİİ-də, KTMT-də təmsil olunan dövlətlərin başçıları Prezident İlham Əliyevə daha çox hörmət edirlər. Ermənistanın həmin qurumda təmsil olunması nəyisə dəyişə bilmir. O baxımdan, Prezident İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyandan olduqca böyük nüfuza malik olması ortadadır.
“Ölkə başçısı bütün beynəlxalq tədbirlərə dəvət olunmaqla yanaşı...”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən keçmiş diplomat, politoloq Fikrət Sadıqovun sözlərinə görə, Azərbaycan Prezidentinin dünyada və regionda olan böyük nüfuzu danılmaz reallıqdır: “Ermənistanın bu məsələdə bizimlə hansısa rəqabətindən söhbət belə gedə bilməz. İrəvanda və Soçidə keçirilən görüş bunu bir daha sübut etdi. Aİİ-nin sammiti olmasaydı, Putin heç İrəvana səfər etməzdi. Çünki Putin Paşinyana görə ora getmədi. Putin Aİİ-nin iclasında iştirak etmək və digər dövlət başçıları ilə görüşmək üçün ora getdi. Paşinyan isə İrəvanda keçirilən tədbirdə əksər vaxtını selfi çəkməklə keçirdi. Avtobuslarda, küçələrdə selfi çəkirdi. Sanki bu adam siyasətçi yox, fotoqrafdır. Bu da təbii ki, gülünc təsir bağışladı. Ölkənin Baş naziri özünü elə aparırsa, o zaman belə dövlətin gələcəyi yoxdur. Bütün hallarda, İlham Əliyevin nüfuzu Paşinyanla müqayisəolunmaz dərəcədə böyükdür. Məsələ ondadır ki, ölkə başçısı bütün beynəlxalq tədbirlərə dəvət olunmaqla yanaşı, həmin tədbirlərdə Prezidentə böyük diqqət göstərilir. Sözügedən tədbirlər çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilir. Prezident İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasına dəvət edilməsi, orada bir sıra dövlət başçılarının olması ölkə başçısının nüfuzunun göstəricisidir. Bu onu göstərir ki, Prezident İlham Əliyev dünya siyasi arenasında çox böyük hörmətə malikdir. Bu həm də Azərbaycanın beynəlxalq arenadakı mövqelərini daha da gücləndirir. Azərbaycana olan yüksək münasibətin göstəricisidir. Azərbaycan artıq bir sıra dövlətlər arasında aparıcı bir oyunçuya çevrilib. Ona görə də Prezident İlham Əliyevin istənilən beynəlxalq tədbirdə iştirakı böyük önəm kəsb edir”.
Vidadi ORDAHALLI