Hər bir jurnalistin həyatı oxucu, dinləyici və tamaşaçı ilə yaxından bağlıdır. Həyatını, taleyini jurnalistikaya, bu nəcib və çətin sənətə bağlayan insanlar, sözün həqiqi mənasında, fədakarlardır. Ömrünün çox hissəsini jurnalistikaya həsr edən, özü də Vətəndən uzaqlarda fəaliyyət göstərən, Azərbaycanın haqq səsini dünyaya yayan həmkarlarımız daha çox diqqətə layiqdirlər. Çünki onlar yad dil içində ana dilimizin təbliğatçıları, yad millət içində xalqımızı yaşadanlar, varlığını təsdiq edənlərdir. Krım vilayətinin Sevastopol şəhər radiosunun “Qobustan” proqramının aparıcısı, tanınmış jurnalist Həbib Əliyev kimi.
1997-ci ilin mart ayından Sevastopol radiosunda yayımlanan Azərbaycandilli “Qobustan” proqramının müəllifi və aparıcısı H.Əliyev bu proqram vasitəsilə Azərbaycan mədəniyyətini, incəsənətini, tarixini, ölkəmizin müasir inkişafını, eləcə də xalqımızın haqq işini yorulmadan təbliğ edib, Qarabağ həqiqətlərini dünyaya yayıb. İndiyə qədər “Qobustan” verilişində 250 proqram efirə gedib və hər proqramda da, ən azından, Azərbaycanın 4 görkəmli ədəbiyyat, mədəniyyət, elm xadimi çıxış edib.
Canını, fəaliyyətini və həyatını Azərbaycana həsr etmiş tanınmış jurnalist H.Əliyev bu gün ağır xəstəlikdən əziyyət çəkir. Hazırda anadan olduğu Naxçıvan MR-in Babək rayonunun Cəhri kəndində ağır vəziyyətdə xəstə yatan H.Əliyevin hər birimizin dəstəyinə ehtiyacı var. H.Əliyev bizimlə söhbətində bildirdi ki, 1 ilə yaxındır ağır vəziyyətə düşüb, bir müddət xəstəxanada müalicə aldıqdan sonra evə buraxılıb. Hazırda boyun nahiyəsində ciddi ağrılar olduğunu deyən H.Əliyevin sözlərinə görə, ağrının şiddətindən gözləri də gün işığına həsrət qalıb, həmçinin, yeriyə bilmir. Özünün ən ağır günlərini yaşayan H.Əliyevin bu vəziyyəti, sözün əsl mənasında, ürəyimizi parçalayır.
Məlum olduğu kimi, indiyə qədər səhhətində ciddi problemlər olan həmkarlarımıza Azərbaycan Mətbuat Şurası (MŞ) ciddi dəstək göstərib, dar ayaqda vəziyyəti ağır olan jurnalistləri tək qoymayıb, onlara həyan olub.
“Bu cür hallar baş verdikdə, adətən, həmkarlıq kampaniyası keçirilir və eyni zamanda da müvafiq qurumlara müraciət olunur”
Tanınmış jurnalist H.Əliyevin səhhətində yaranan ağır problemlə bağlı Azərbaycan Mətbuat Şurasına müraciət etdik. MŞ sədrinin müavini, Jurnalist Həmkarlar Təşkilatının rəhbəri Müşfiq Ələsgərli H.Əliyevin xəstəlik xəbərini təəssüflə qarşıladı. O bizimlə söhbətində bildirdi ki, H.Əliyevin səhhəti ilə bağlı yaranan problemin həlli istiqamətində qurum lazımi addımları atacaq və ona dəstək olacaq. “Mən Həbib müəllimin ağır xəstəlikdən əziyyət çəkdiyini indi sizdən eşitdim. Allah kömək olsun. Bilirsiniz ki, Azərbaycan Mətbuat Şurası hər zaman jurnalistlərin yanındadır, mümkün qədər onların problemlərini ictimailəşdirir, lazımi tədbirlərin görülməsi üçün əlaqədar qurumlara müraciət ünvanlayır. Bu cür hallar baş verdikdə, adətən, həmkarlıq kampaniyası keçirilir və eyni zamanda da müvafiq qurumlara müraciət olunur. Müalicəyə ehtiyacı olan jurnalistlərin müalicəsinin nəzarətə götürülməsi ilə bağlı Mətbuat Şurası sədri xəstəxanalara, tibb müəssisələrinə müraciət edir. Bizə müraciət indi daxil oldu və biz Həbib müəllimin vəziyyətini nəzarətə götürməyə, əlimizdən gələn köməyi etməyə çalışacağıq. Hesab edirəm ki, bu məsələ ilə bağlı müxtəlif təşkilatlara, o cümlədən də yerli qurumlara müraciətlər edilə bilər. Prosedur qaydaları belədir. Çalışacağıq ki, onun səhhətini diqqətdən kənarda qoymayaq” - deyə M.Ələsgərli bildirdi.
İradə SARIYEVA