Məlum olduğu kimi, Avrasiya İqtisadi İttifaqının növbəti sammiti İrəvanda keçirilib. Rotasiya qaydasına uyğun olaraq, Avrasiya İqtisadi İttifaqına hazırda Ermənistan sədrlik edir. Maraqlıdır ki, məhz bu amilə görə erməni mətbuatı qurumun işində olan müəyyən epizodik irəliləyişləri Paşinyanın uğuru kimi qələmə verməyə çalışır.
Bu xüsusda toplantıda üzv ölkələrdən başqa, Moldovanın müşahidəçi qismində, İran və Sinqapurun liderlərinin isə qonaq qismində iştirak etməsini Paşinyanın uğuru kimi təqdim edirlər. Həmçinin, Moldova Prezidentinin qurumun gələcəkdə Avropa Birliyi ilə də yaxından əməkdaşlıq etməsi təklifini də az qalırlar öz uğurları sırasına aid etsinlər. Hətta İranla Ermənistan arasında əldə olunan xırda razılaşmaları da Avrasiya İqtisadi İttifaqının “uğuru” olaraq cəmiyyətə sırımaq istəyirlər.
Ancaq bu istiqamətdə cərəyan edən proseslər göstərir ki, məhz bu sammit öncəsi və onun keçirildiyi gündə Ermənistanı siyasi cəhətdən fiaskoya aparan ciddi hadisələr baş verib. Toplantının gedişində Rusiya ilə müzakirəsi gözlənilən qaz müqaviləsi ətrafında heç bir danışıq aparılmadı. Ermənistanı ciddi şəkildə narahat edən KTMT-də müşahidəçilik statusu ilə bağlı 13 dövlətlə danışıqların aparıldığı üzə çıxdı. Putin Paşinyanın ən qatı düşməni olan Köçəryanın həyat yoldaşı ilə İrəvanda görüşdü. Putinlə Paşinyanın arasında baş tutan görüş o qədər də səmimi atmosferdə keçmədi. Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistanın bu ərəfədə itirdiyi qazandığından çox olub.
Politoloq Nəzakət Məmmədova “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistanda Avrasiya İqtisadi Birliyinin (AİB) beşilliyi ərəfəsində bir çox mühüm qərarın qəbulu ilə nəticələnmiş sammitini İrəvan rəsmiləri, habelə Ermənistandakı Rusiyapərəst qüvvələr öz xeyrinə olan vacib əhəmiyyətli tədbir kimi qələmə verməyə çalışsalar da, prosesin mahiyyətini təhlil etdikdə bunun tamamilə yalan olduğunu görmək olar: “Əvvəla Prezident Putinin Baş nazir Paşinyana münasibətinin soyuq olması səbəbindən Rusiya dövlət başçısının sammitə qatılması müəmmalı olaraq qalmaqda idi. Bu həm Ermənistan, həm də Rusiya mətbuatında, eləcə də siyasi kuluarlarda əsas müzakirə mövzusu idi. Putinin tədbirə qatılmayacağının əsas əlamətlərindən biri olaraq İrəvandakı Rusiya səfirliyinin Prezidentin səfəri ilə bağlı heç bir hazırlıq görmədiyi qeyd olunurdu. Rusiyanın sadiq əlaltısı, son dövrlərdə Putinin şəxsi himayəsini gizlətməyə belə lüzum görmədiyi Köçəryanın həbsdə olmasından tutmuş bir sıra fikir ayrılıqları da daxil olmaqla, Paşinyanın siyasətindən narazılıq səfərin təxirə salınması ehtimalını gücləndirirdi. Lakin, görünür, ya məxfilik səbəbindən, yaxud labüd geosiyasi ambisiyalar və şərtlər yaranması zərurətindən Rusiya Prezidentinin səfəri reallaşdı və o, İrəvana gələrək ondan icazəsiz Ermənistanın heç bir addım ata bilməyəcəyi mesajını verdi, öz təbirincə desək, "buranın sahibinin kim olmasını" bir daha sübut etdi. Düşünürəm ki, İsrail Baş naziri Netanyahunun Moskva səfəri zamanı onun Putindən seçkilərdə dəstək alması müqabilində İsrail dövləti ilə Ermənistan məsələsində razılığa gəlməsi istisna olunmamalıdır”.
Politoloqun sözlərinə görə, ABŞ yəhudi icmasının bu səbəbdən Paşinyana dəstəyini azaltması mümkündür ki, İsraildə Ermənistan səfirliyinin açılması, Avrasiya İqtisadi Birliyinin sammitinə İranın dəvət olunması, İsrailin ərəb və islam dünyasında yaxın müttəfiqi Misirlə Avrasiya İqtisadi Birliyi arasında azad ticarət sazişinin imzalanması barədə razılıq bunun təzahürləri sayıla bilər: “Sammitin mühüm geosiyasi nəticəsi ondan ibarətdir ki, planetin 63 faiz əhalisinin yaşadığı böyük bir coğrafiyanı əhatə edən Çinin "Bir qurşaq, bir yol" meqalayihəsi Avrasiya İqtisadi Birliyi məkanına nüfuz etməyi, onunla inteqrasiyanı təsbit etdi. Bu, dünyada və bizim də yerləşdiyimiz regionda tamamilə yeni geosiyasi şərait yaradır. Ermənistan AİB vasitəsilə müəyyən layihələrə qoşulmaq imkanı əldə edə bilər. Oktyabr ayının 27-də AİB-in Çinlə imzalanmış və ticarət prosedurlarını sadələşdirən mühüm sazişlərdən biri qüvvəyə minir. Lavrov bunun regionda yeni geosiyasi konturlar cızdığını vurğulayıb. Bu onu göstətir ki, Ermənistan Rusiyanın təzyiqi ilə Avrasiya meqalayihələrinə qoşulmaqdadır. Bununla da o, Paşinyanın hakimiyyətə gəlməsindən bəri həyata keçirdiyi ABŞ və Rusiya arasında manevr imkanlarından məhrum edilməkdədir, geosiyasi, geoiqtisadi və sair nöqteyi-nəzərdən nəhəng Avrasiya layihəsinin bir hissəsinə çevrilməkdədir.
İran Prezidenti Ruhaninin tədbirə dəvət edilməsi İran və Rusiyanın Ermənistanı heç zaman Vaşinqtonun Moskvaya və Tehrana qarşı istifadəsinə imkan verilməyəcəyi mesajını ötürmüş oldu. İran Prezidenti Ruhanidən savayı, Sinqapur Prezidentinin sammitə qatılması, Moldova Prezidenti İqor Dodonun müşahidəçi qismində tədbirdə iştirakı, ABŞ-ın bir vaxtlar bombardman edib ərazisində müstəqil Kosovo dövləti yaratdığı Serbiyanın şərq tərəfdaşları ilə İrəvanda kontraktlar imzalanması ilə Rusiya Qərbə vacib geosiyasi mesajlar ötürmüş oldu. Lakin bu savaşın poliqonu növbəti dəfə də ambisiyaları ilə potensialı uyğun gəlmədiyi halda böyük güclərin oyunlarına alət edilmiş Ermənistan olacaq”.
Məhəmmədəli QƏRİBLİ