Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak etmək üçün oktyabrın 1-də İrəvana gələn Rusiya Prezidenti Vladimir Putin Rusiya səfirliyində Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın həyat yoldaşı Bella Köçəryanla görüşüb. Ermənistanın sabiq prezidentinin ofisi və Rusiya səfirliyi bu məlumatı şərh etməyiblər.
Qeyd edək ki, bundan əvvəl də yayılan məlumatlarda bildirilirdi ki, Putin İrəvana səfəri çərçivəsində həbsxanada R.Köçəryanla görüşəcək. R.Köçəryana Rusiyanın belə isti münasibət göstərməsi Moskvanın Paşinyan hakimiyyətinə etdiyi bir təzyiq vasitəsi kimi qəbul edilir. Təsadüfi deyil ki, Putin bu müddət ərzində iki dəfə Köçəryana məktub yazıb, onu ad günü münasibətilə təbrik edib. Putinin Köçəryanın həyat yoldaşı ilə görüşməsi də adı hadisə sayıla bilməz. Hər halda, burada ciddi mesajlar da var. Bununla Putin nə demək istəyib?
Hatəm Cabbarlı: “Bununla Moskva post-Paşinyan dövrü üçün artıq seçim etdiyini bildirir və bu məsələdə Köçəryanın üzərində durduğuna işarə edir”
Siyasi elmlər doktoru Hatəm Cabbarlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Rusiya Prezidenti Putinin Avrasiya İqtisadi Forumunun işində iştirak etmək üçün İrəvana etdiyi səfər çərçivəsində həbsdə olan sabiq prezident Köçəryanın həyat yoldaşı ilə görüşməsinə sıradan bir hadisə kimi baxmaq olmaz: “Putinlə Paşinyan arasında da görüş olub. Onlar iki ölkə arasında iqtisadi, siyasi təhlükəsizlik məsələlərini müzakirə ediblər. Eyni zamanda, Avrasiya İqtisadi Birliyinin imkanlarının genişləndirilməsi ilə bağlı mövzulara toxunublar. Putin Ermənistana səfər etməzdən əvvəl bildirilirdi ki, Rusiya Prezidenti İrəvanda cəmi yarım gün qalacaq. Bunu daha çox erməni müxalif saytlar yayırdı. Amma Putin gəlib normal şəkildə tədbirdə iştirak etdi. Eyni zamanda, bildirilirdi ki, Putin Köçəryanla görüşə bilər. Bəlkə də Putinin belə bir niyyəti olub, ancaq Ermənistan buna icazə verməyib. İstənilən halda, Putinin onun həyat yoldaşı ilə görüşməsi də həmin hadisəyə adekvat sayıla bilər. Həmin görüşün təfərrüatı barədə məlumat verilməyib. Təxmin etmək olar ki, orada söhbət Ermənistandakı daxili vəziyyətdən və R.Köçəryanın həbsindən gedib. Bu, birmənalı şəkildə, Putinin Ermənistana etdiyi təzyiq kimi qiymətləndirilə bilər. Bununla Putin Moskvanın Köçəryanın həbsinə dözümsüz yanaşdığını büruzə verir. Eyni zamanda, ehtimal edə bilərik ki, bununla Moskva post-Paşinyan dövrü üçün artıq seçim etdiyini bildirir və bu məsələdə Köçəryanın üzərində durduğuna işarə edir. Paşinyanla görüşün olmasına baxmayaraq, hadisələrin gedişi göstərir ki, Putinin mövqeyi prinisipial olaraq qalır. Hər halda, Paşinyan bu jestdən nəticə çıxarıb Köçəryanla bağlı ciddi addımlar atmasa, ona qarşı daha tutarlı təzyiq variantlarından istifadə olunacaq. Köçəryanı həbsdə saxlamaqla Paşinyan həm də daxili auditoriyaya sübut etmək istəyir ki, guya o, Rusiyadan asılı deyil. Hazırda daxildə də Köçəryanın azadlığını tələb edənlər çoxalıb. Bu həbs həm də Köçəryanı Ermənistanın bütün narazı elektoratının liderinə çevirmiş olub. Görürsünüz ki, hətta Köçəryanın azadlığını tələb edən etiraz aksiyaları da keçirilir. Yəqin ki, yaxın zamanlarda bu daha geniş miqyas alacaq”.
Məhəmmədəli QƏRİBLİ