İrəvanda baş tutan Avrasiya İqtisadi Birliyinin (AİB) sammitinə qatılan dövlət başçılarının mövqeyi bir daha göstərdi ki, onlar, Ermənistanla eyni təşkilatda təmsil olunmalarına baxmayaraq, Azərbaycanla münasibətləri inkişaf etdirməkdə olduqca maraqlıdırlar. Bu, xüsusən Belarus prezidenti Aleksandr Lukaşenkonun Ermənistan paytaxtında səsləndirdiyi fikirlər fonunda özünü qabarıq şəkildə büruzə verdi.
Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə Belarus prezidenti Azərbaycan dövlət başçısı ilə yaxın dostluq münasibtlərinə malik olduğunu bildirib. Lukaşenko Paşinyanla söhbəti zamanı deyib: “Siz mənim üçün çox yaxşı dostsunuz, Azərbaycan prezidenti isə uzun müddətdir yaxşı dostdur. Yaxşı, bu gün mən nə etməliyəm? Mən həm Ermənistanla, həm də Azərbaycanla çox yaxşı münasibətdəyəm". Bütün bunlar, erməni mediasının yazdığına görə, Nikol Paşinyanın xoşuna gəlməyib. Paşinyan Lukaşenkoya deyib ki, Ermənistan və Belarusun kollektiv maraqları var və bunu unutmaq olmaz. Erməni baş nazir bu fikrində Ermənistan və Belarusun da daxil olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) nəzərdə tutub. Bununla yanaşı, Minsk Bakıya silah satır və bu, İrəvanın narazılığına səbəb olur. Beləliklə, Qarabağa qanunsuz səfərlər etmiş bloger Aleksandr Lapşini Azərbaycana təhvil verməklə, həmçinin, KTMT baş katibi postuna iddia etməsinə baxmayaraq, Paşinyanın istəklərinə “yox” deməklə Ermənistan rəhbərliyini peşman etmiş Belarus lideri bu dəfə də ölkəmizlə əməkdaşlığı inkişaf etdirəcəyini İrəvanın nəzərinə çatdırdı. Paşinyanın bütün narazılığına baxmayaraq, Minsk Bakı ilə münasibətləri daha da dərinləşdirmək istədiyini açıq dilə gətirir. Məsələ ilə bağlı belaruslu politoloq Petr Petrovski isə bildirir ki, İrəvanın narazılığının Minsk üçün heç bir əhəmiyyəti yoxdur. O qeyd edib ki, Aleksandr Lukaşenko hər hansı millətçi şüar və fikirlərə pis münasibət bəsləyir: “Belarus Respublikasını başqa bir ölkə naminə digər ölkə ilə müqayisə etməyi Belarus prezidenti qəbul etməyəcək. Aleksandr Lukaşenko yalan, “siyasi qarışıqlıq” cəhdlərini sevmir”. Onun sözlərinə görə, erməni tərəfinə açıq şəkildə bildirilib ki, Ermənistanla əməkdaşlıq ediləcək, ancaq bu, Azərbaycanla əməkdaşlığa zidd olmayacaq. Həmçinin, Minskin Bakı və İrəvanla ikitərəfli ticarət əlaqələrinin müqayisəsi təklif edilib.
Petrovski “media.az” portalına açıqlamasında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzvlərinin qarşılıqlı əməkdaşlığına müdaxilə etmək adətinə görə Ermənistanı səbətdəki “beşinci təkər” adlandırıb. Onun sözlərinə görə, məhz İrəvana görə bu gün KTMT-nin rəhbəri yoxdur: “Belarus prezidenti deyib ki, Ermənistan rəhbərliyi Azərbaycanla öz problemlərini həll etmək üçün Belarus Respublikasından istifadə etməyə çalışmamalıdır. Bu problemləri Belarus yaratmayıb. ATƏT-in Minsk Qrupu çərçivəsində müəyyən beynəlxalq mexanizmlər və razılaşmalar mövcuddur. Və Belarus həmişə bildirib ki, Ermənistanın problemi varsa, bunu beynəlxalq mexanizm çərçivəsində həll etmək mümkündür”. Onun sözlərinə görə, Minsk əlverişli şərtlərlə Ermənistana silah satmağa hazırdır, lakin İrəvana kredit vermək üçün pulu yoxdur: “Ermənistan rəhbərliyinin iddiaları ölkəmizin Bakı ilə bağladığı müqavilələr üzrə öhdəliklərini yerinə yetirməməsi üçün Belarusa təsir etmək cəhdidir”. Amma o, bu cəhdlərin iflasa uğradığını da açıq vurğulayır.
Qeyd edilənlərdən aydın görünür ki, hətta Ermənistanın özündə belə Azərbaycanın Belarus tərəfindən dost ölkə olaraq ifadə edilməsi Bakının İrəvan üzərində daha bir qələbəsi sayıla bilər. Ermənistanın “İrates” qəzeti də yazır ki, Azərbaycan, təmsil olunmamasına baxmayaraq, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında və Avrasiya İqtisadi Birliyində mühüm çəkiyə malikdir və bu da İrəvanın qurumlarda manevr imkanlarını daraldır.
Rusiyalı ekspert Yevgeni Mixaylov isə bildirir ki, Ermənistanın narazılığa baxmayaraq, Azərbaycan istəsə, sözügedən qurumlarda çox asanlıqla müşahidəçi statusu ala bilər: “Məsələn, Azərbaycan KTMT-də müşahidəçi statusu alsa, bu, postsovet məkanında təhlükəsizliyin əldə edilməsi üçün böyük bir addım ola bilər. Siyasi stabillik və iqtisadi inkişafın hökm sürdüyü Azərbaycan bu təşkilata lazımdır. Bakının öz siyasi kursu var və dünya dövlətləri onunla hesablaşır. Hətta müşahidəçi qismində belə bir müttəfiq əldə etməyə bir çoxları can atır. Moskva buna sadəcə şad ola bilər. Məhz Rusiya təşkilatın əsas oyunçusudur. Azərbaycana silah satılması barədə İrəvanın küskünlüyü və ittihamları məsələsinə gəldikdə, Ermənistandan fərqli olaraq, Rusiya və KTMT-yə üzv olan digər dövlətlər Azərbaycanla dostluq münasibətindədir. Buna uyğun olaraq da, Moskva lazım olan silah və hərbi texnikanı satmaq hüququna sahibdir”.
Erməni ekspert Aleksandr Sarkisyan da qeyd edir ki, İrəvanda baş tutan Avrasiya İqtisadi Birliyinin sammiti Ermənistana heç nə qazandırmadı: “Əksinə, Paşinyanın bütün dediklərinə rəğmən, Rusiya ilə münasibətlərin soyuması özünü açıq büruzə verir. Özü də o vaxtda ki, Bakı-Moskva münasibətləri sürətlə yaxşılaşır. Bunun əvəzində Ermənistanın daxili siyasi sistemində uzunmüddətli varlığını təmin etmək üçün Rusiya Ermənistanda bir-birinə qarşı olan iki inqilabçı və əks-inqilabçı düşərgə yaratmağa çalışır. Buna görə Putin üçün, Kremlin maraqlarına və mənafelərinə xidmət etmək üçün həbsxanadan effektiv mübarizəyə başlaya bilməyən Köçəryanın azadlığı çox vacibdir. Paşinyan əvvəlkitək Putinin dostu Köçəryanı həbsdə saxlayır. Bu isə Kreml sahibini narahat etməyə bilməz. Biz qarşıdakı dövrdə Moskvanın İrəvana təzyiqlərinin sadəcə artmasına şahidlik edə bilərik. Digər tərəfdən, İrəvanın istəyinə baxmayaraq, Rusiya Ermənistana satdığı qazın qiymətini ucuzlaşdırmaq istəmir. Belə vəziyyət Putinin Paşinyana hansı münavsibət bəsləməsinin aydın təzahürləridir”.
Nahid SALAYEV