Hələ ki, heç bir nəticəsi olmayan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların bundan sonra davam etdirilməsinə, ekspertlərin böyük əksəriyyətinin fikrincə, hansısa lüzum yoxdur. Çünki reallıq bundan ibarətdir ki, işğalçı Ermənistan hansısa təzyiq görməyənə qədər təcavüz siyasətinə son qoymayacaq. Ermənistana təzyiqin isə iki forması mümkündür. Bunlardan biri beynəlxalq ictimaiyyətin, xüsusən də ATƏT-in Minsk Qrupunun təzyiqləridir. Amma ötən dövr ərzində qeyd olunan istiqamətdə hansısa əməli addım atılmayıb.
İkinci, özü də daha təsirli və real təzyiq isə Azərbaycan ordusunun zəbt edilmiş ərazilərdə hərbi əməliyyatlara başlamasıdır. 2016-cı ilin aprel olayları belə təzyiqlərin Ermənistan üçün çox keçərli olduğunu göstərir. Məhz həmin döyüşlərdən sonra buna qədər danışıqlardan qaçan Ermənistan dərhal masa arxasına qayıdıb Azərbaycanla danışıqlara başladı. Hadisələrin indiki inkişaf axarı da bunun belə olacağını qətiyyən istisna etmir. Çünki Ermənistanda mövcud Nikol Paşinyan iqtidarının Qarabağ məsələsində mövqeyi savaşdan başqa seçim yeri qoymur. Elə Paşinyanın BMT Baş Assambleyasının 74-cü iclasında çıxışı zamanı Qarabağ münaqişəsinə daitr əvvəlki sərsəm mövqeyini yenidən təkrarlaması da bu arqumenti əsaslı surətdə gücləndirir. Düzdür, Paşinyanın çıxışı Ermənistanın özündə də istehza ilə qarşılanır. Məsələn, politoloq Qaqik Hambaryan bu xüsusda bildirir: “Paşinyanın BMT Baş Assambleyasının 74-cü iclasında çıxışı zamanı zalın yarıboş olmasını nəzərə alsaq, çıxış o qədər də önəmli olmayıb”. Politoloqun sözlərinə görə, “kulis” görüşlər böyük fayda verə bilərdi, lakin onlar yalnız NATO-nun baş katibi və Hindistan baş nazirinin görüşləri ilə məhdudlaşdırıldı: “Bununla Paşinyan hər hansı ikitərəfəli əhəmiyyətli görüş də keçirə bilmədi. Mən Paşinyanın Qarabağ məsələsində dedikləri ilə bağlı nəyi nəzərdə tutduğunu bilmək istərdim. Bu utopiyadır və həyata keçirilməsi mümkünsüzdür, çünki Azərbaycan heç nəyi güzəştə getməyəcək”.
Ümumiyyətlə, ekspertlər bu qənaətdədir ki, Paşinyanın sərsəmləmələri, sadəcə, Qarabağ münaqişəsinin tezləşməsinə rəvac verə bilər. Elə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da həmin BMT Baş Assambleyasının 74-cü sessiyasının ümumi müzakirələrində bəyan edib ki, danışıqlar sonsuza qədər davam edə bilməz: “Azərbaycan münaqişənin tezliklə siyasi yolla həllinə sadiqdir. Eyni zamanda, danışıqlar sonsuzadək davam edə bilməz və güc tətbiqi, işğal və etnik təmizləmə nəticəsində yaranmış vəziyyətin davam etməsinə və saxlanmasına xidmət etməməlidir. Beynəlxalq ictimaiyyəti və öz xalqını yanıltmaq səylərinə vaxt itirmək əvəzinə, Ermənistan dayanıqlı olmayan status-kvo vəziyyətini uzatmaq üçün faydasız cəhdlərindən əl çəkməli və beynəlxalq öhdəliklərinə əməl etməlidir. Öz destruktiv siyasi gündəliyinin perspektivlərinin olmadığını İrəvan nə qədər tez başa düşərsə, bir o qədər tez bölgənin bütün əhalisi sülh, sabitlik və əməkdaşlıqdan faydalanacaq və Ermənistanın bölgədə yürütdüyü təcavüzkar və düşmən siyasəti səbəbindən üzləşdiyi ciddi siyasi, iqtisadi və sosial problemləri dəf etmək şansları daha çox olacaq”.
Bütün bunlardan aydın görünür ki, Bakı daha İrəvanın nazı ilə oynamaq niyyətində deyil. Ermənistanın indiki destrkutiv mövqeyini davam etdirməsi, yuxarıda qeyd olunduğu kimi, savaşın tezləşməsindən başqa heç nəyə xidmət etmir. Bunu rus hərbi ekspert Vladimir Yevseyev də xüsusi olaraq vurğulayır:“Düşünürəm ki, müharibə təhdidi ümumiyyətlə aradan qalxmayıb, təhlükə var”. Onun sözlərinə görə, yaxın gələcəkdə bu məsələ ətrafında razılaşma gözlənilmir, bu kimi fürsətlər bundan əvvəl olub, lakin istifadə edilməyib, hazırda isə belə bir imkan sadəcə yoxdur: “Ermənistan yaxşı anlayır ki, Azərbaycan ərazi bütövlüyünün pozulmasına yönələn istənilən addım və fikirlərə qarşı çıxacaq, çünki Azərbaycan münaqişəni yalnız ərazi bütövlüyü prinsipində həll etmək istəyir. Əminəm ki, Azərbaycan danışıqlar prosesinin aparılması ilə yanaşı, yeni Ermənistan və onun ətrafında baş verən hadisələrin inkişafını izləyir. Qeyd etdiyim kimi, müharibə təhdidi ümumiyyətlə aradan qalxmayıb, təhlükə var. Amma burada mütləq nəzərə alınmalıdır ki, Azərbaycan mühüm istiqamətlər, o cümlədən hərbi müstəvidə kifayət qədər güclənib”.
Eyni mövqeni Belarusdan olan hərbi ekspert Leonid Spatkay da bölüşür. O bildirir ki, müasir silahlara malik Azərbaycan ordusu Qarabağda istənilən nəticəyə asanlıqla nail ola bilər: “Azərbaycan son illərdə kifayət qədər müasir hərbi texnikalar alıb. Elə Belarus Təhlükəsizlik Şurasının katibi Stanislav Zasın Azərbaycana son səfəri çərçivəsində Belarus silahlarının bu ölkəyə tədarükü və Azərbaycandan neft alınması imkanları müzakirə olunub”. Ekspert, Belarusla yanaşı, Rusiyanın da Azərbaycanla hərbi-texniki və digər sahələrdə əməkdaşlığa üstünlük verdiyini bildirib: “Belarus və Rusiya Ermənistanı KTMT-dən qovar, nəinki Azərbaycanla hərbi-texniki əməkdaşlığı pozacaq addım atarlar. Bu baxımdan, Belarusun Azərbaycana təklif edəcəyi bir çox şey var. Bu yalnız “Polonez” hava hücumundan müdafiə sistemləri ilə bağlı deyil, Belarus Azərbaycana istənilən pilotsuz uçan aparatları (PUA) zərərsizləşdirmək gücündə olan silahları da sata bilər. Azərbaycanın hazırda malik olduğu hərbi texnika, əslində onun Ermənistan üzərində böyük üstünlük əldə etməsinə gətirib çıxarıb. Aydındır ki, Qarabağ danışıqları nəticəsiz qaldığı halda bu texnikadan istifadə olunacaq. Hadisələr də elə bu istiqamətdə inkişaf edir”.
Aydındır ki, yeni Qarabağ savaşının önlənməsi yolu yalnız Ermənistanın yaxın tezlikdə danışıqlarda konstrkutiv mövqe nümayiş etdirməsindən keçir. Yəni Azərbaycanın məsələyə hərbi yolla müdaxiləsini yalnız Ermənistan tərəfinin sülh danışıqlarına hazır olması şərti dayandırır. Qarşı tərəfdə sülh məramının olmaması isə Azərbaycana güc yolu ilə Ermənistan ordusunu öz ərazisindən qovması əməliyyatına başlamaqdan başqa çıxış yolu qoymur. Başqa sözlə, danışıqların dalana dirənməsi gərginliyi və hərbi əməliyyatların bərpası risqini artırır. Rusiyalı hərbi ekspert İqor Korotçenko da bildirir ki, Ermənistan siyasi rəhbərliyinin Qarabağla bağlı məsuliyyətsiz bəyanatları bu gün savaşı körükləməkdən başqa heç nəyə xidmət etmir: "Artıq məlumdur ki, İrəvanda mövcud Qarabağ yanaşması aparılan danışıqlar prosesinə böyük ziyan vurub. Halbuki, danışıqların pozuslmasından ən çox Ermənistan özü zərər görəcək. O baxımdan ki, gec-tez Ermənistan Azərbaycan torpaqlarından qoşunlarını çıxarmalı olacaq. Heç olmasa, ilkin olaraq ətraf 7 rayonu boşaltmalıdırlar. Doğma yurdlarından, evlərindən qovulan azərbaycanlı əhali Dağlıq Qarabağa qayıtmalıdır. Eləcə də Dağlıq Qarabağın mübahisəsiz Azərbaycanın ərazisi hüdudlarında olması şərtilə bu regiona xüsusi status verilməsi mümkündür. Fikrimcə, Paşinyan bunu yaxşı başa düşür. Ona görə də, onun mövcud mövqeyi başadüşülən deyil, o, ölkəni yeni savaşa sürükləyir". Rusiyalı hərbi ekspert beynəlxalq ictimaiyyətin, o cümlədən münaqişənin nizamlanmasında vasitəçi olan ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyətinin nəticəsiz olmasının da savaşı yaxınlaşdırıdığını xüsusi vurğulayır. Onun qənaətincə, Azərbaycan bu məsələdə indiyə qədər təmkinli mövqe nümayiş etdirib. Amma artıq Ermənistan rəhbərliyinin son bəyanatları məsələyə təmkinli yanaşılmasını da mümkünsüz hala gətirir və belə vəziyyətdə savaşın yenidən başlanması an məsələsinə çevrilir. Onun fikrincə, Ermənistan və Azərbaycan arasında yeni müharibənin baş vermə ehtimalının yüksək olmasını artıq beynəlxalq ictimaiyyətdə də qəbul edirlər: "Münaqişə dondurulmuş şəkildə, əlbəttə ki, mövcud ola bilər, lakin unutmayın ki, Azərbaycan torpaqlarının 20%-ni itirib. Və mən Azərbaycanın bundan sonra da bu vəziyyətlə barışacağına əsas görmürəm. Niyə o zaman öz silahlı qüvvələrinə böyük pullar yatırır? Təkcə Rusiyadan Azərbaycan xeyli sayda hücum silahları alıb: təqribən 200 ədəd T-90 tankı, ağır odsaçan sistemlər, "Smerç" reaktiv yaylım atəşi sistemi və başqa silahlar. Başqa ölkələrdən alınan silahları da bura əlavə etsək, mənzərə bir qədər də aydın olar. Bu mənada, qüvvələr nisbətinə gəldikdə bir faktı qeyd etmək bəs edər ki, hazırda Azərbaycan texnikanın sayına görə postsovet məkanında Rusiyadan sonra ikinci yeri tutur. Son hərbi təlimlər şəxsi heyətin hazırlıq səviyyəsinin də yüksək olduğunu göstərir. Bu mənada, Ermənistanın Azərbaycanla hərb sahəsində üz-üzə gəlməkdənsə, danışıqlarda razılıq əldə etməsi İrəvan üçün daha məqbul olardı. Amma təəssüf ki, biz bunu müşahidə etmirik”.
Həqiqətən də real vəziyyət göstərir ki, hazırda danışıqlar prosesinin dalana dirənməsi alternativ variant üzərində, yəni torpaqların hərb yolu ilə azad edilməsi məsələsini xeyli aktuallaşdırıb. Bu, həm Azərbaycan Müdafiə Nazirlyinin qoşun birləşmələrinin hərbi təlimləri yüksək intensivliklə davam etdirməsində, həm də ölkə rəsmilərinin Qarabağ danışıqlarının səmərəsiz olmasını açıq bəyan etməsində yaxşı sezilir. Qeyd edilənlərdən belə hesab oluna bilər ki, Azərbaycan topraqların geri qaytarılması üçün yeganə yolunu müharibədə görür və bu istiqamətdə proses son mərhələyə qədəm qoyub. Yəni yaxın tezlikdə yeni Qarabağ savaşının başlanması tamamilə mümkündür və bu dəfə müharibə son nəticəyə qədər davam edəcək.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur