Oktyabrın 8-də, saat 12-də “Milli Şura” və Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında sərbəst toplaşmaq hüququnun bərpası ilə bağlı etiraz aksiyası keçirəcək. Bu barədə AXCP məlumat yayıb.
AXCP sədri Əli Kərimli bildirib ki, aksiyada AXCP və “Milli Şura”nın fəalları iştirak edəcək:
"Biz Bakı Şəhər İcra Hakimiyyətinə məktub təqdim edib, sərbəst toplaşmaq haqqımızı tələb edəcəyik. Sərbəst toplaşmaq azadlığının təmin edilməsi bütün problemlərin açarıdır. Etirazımızı bildirmək hüququmuzu təmin etmək üçün sərbəst toplaşmaq azadlığı lazımdır”.
Xatırladaq ki, “Milli Şura”nın sentyabrın 28-də mitinq keçirmək barədə xəbərdarlıq məktubuna Bakı Şəhər İcra Hakimiyyəti qadağanedici cavab verməyib. Belə ki, “Milli Şura”nın mitinq keçirmək üçün paytaxtın mərkəzi hissələrində təklif etdiyi 3 yerdən heç birinə Bakı Şəhər İcra Hakimiyyəti müsbət cavab verməyib. İcra Hakimiyyəti aksiyanın şəhərdən kənardakı Lökbatan qəsəbəsində keçirilməsini təklif edib.
“Milli Şura” İcra Hakimiyyətinin təklifini qəbul etməyib, mitinqin paytaxtın mərkəzi hissəsindəki meydanlardan birində keçirilməsində israrlı olduğunu bildirib.
Xatırladaq ki, müxalifətin icazəli aksiyaları uzun illərdir Bakının Yasamal rayonundakı “Məhsul” stadionunda keçirilirdi. Bu yaxınlarda həmin stadionda təmir işlərinə başlanıb. AXCP-nin mövqeyindən belə anlaşılır ki, onlar meriyanın mitinqə verdiyi icazəyə icazəsiz aksiya ilə etiraz etmək istəyirlər. Çünki meriya cavabında “Milli Şura”ya mitinq keçirməyi qadağan etməyib. Sadəcə, təklif etdiyi yeri təşkilatçılar bəyənməyib. AXCP-nin bu etiraz metodunu nə dərəcədə əsaslı saymaq olar?
“Lökbatan bəyəm Mazandaran zaddır...”
“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə “Bakı-Xəbər”ə bildirdi ki, AXCP-nin hansı dərəcədə fırıldaqla idarə olunduğunu öz funksioneri videomüraciətində dedi: “Vallah, mən bunlara fırıldaqçıdan başqa ad tapıb deyə bilmirəm. Meriyanın qarşısında etiraz aksiyası keçirmək nəyə lazımdır? Məgər meriya onlara mitinq keçirməyə rədd cavabı verib? Onlara rəsmi şəkildə cavab verilib və izah olunub ki, gedib mitinqi Lökbatanda keçirə bilərlər. Bunlar isə həmin yeri bəyənmirlər. Mən başa düşmürəm, Lökbatan bəyəm Mazandaran zaddır. Ora da Bakının bir rayonudur. Niyə oradan qorxduqlarını deyim. Bilirlər ki, ora toplamağa elektoratları yoxdur. Bunlar istəyirlər ki, şəhərin mərkəzində şou göstərsinlər, əhali də ora toplaşıb bunların tamaşasına baxsın. Sonra həmin adamları sayıb, mitinq iştirakçısı kimi təqdim edib, ağalarından daha çox qrant alsınlar. Mahiyyət bundan ibarətdir. Həmişə fırıldaq adamlar fırıldaq vasitələrə əl atırlar. YAP-ın özü həmin yerdə çox möhtəşəm aksiyalar keçirib. Siz niyə keçirmirsiniz? Meriyanın qarşısında aksiya keçirməklə növbəti şounu nümayiş etdirmək istəyirlər. Belə bir aksiya üçün heç bir əsas yoxdur. Sadəcə, həmin qüvvələr ictimai sabitliyi pozmağı düşünürlər. Bütün təxribatların qarşısı alınacaq. Çünki Azərbaycan dövləti üçün onun vətəndaşının təhlükəsizliyi, əminamanlığı hər şeydən üstündür. Bununla radikal müxalifət necə tükəndiyini bir daha sübut etmiş olur”.
Məhəmmədəli QƏRİBLİ