23/08/2019 00:59
728 x 90

Prezident postunu hədəfləmiş Paşinyan “Sarkisyan konstitusiyasını” dəyişəcəyinin anonsunu verdi...

img

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Konstitusiyasına dəyişikliklər edilə biləcəyinin anonsunu verib. Qeyd edək ki, Paşinyanın məhkəmə sistemi, xüsusilə də Konstitusiya Məhkəməsi ətrafında apardığı “islahatlar” Venesiya Komissiyası tərəfindən sərt tənqid edilib.

Buna görə də Paşinyanın məsələyə münasibət bildirəcəyi gözlənilirdi. Baş nazir bütün bu islahatların zəruriliyini əsaslandırmaq üçün, ümumiyyətlə, yeni Konstitusiyanın qəbuluna ehtiyacın olduğunu bildirib: “Hesab etmirəm ki, biz Konstitusiyanı tez-tez dəyişməliyik. Bizim hazırkı Konstitusiyamız legitim əsaslarla formalaşmayıb. Bu heç də o anlama gəlməməlidir ki, yeni hakimiyyət özünə yeni Konstitusiya qanunu formalaşdırmaq istəyir. Amma bizim elə Konstitusiyamız olmalıdır ki, ona bütün xalq səs versin. Konstitusiya Məhkəməsi ilə bağlı yeniliklərin qəbulu belə addımın atılmasını və ana qanuna bəzi dəyişikliklərin edilməsini zəruri  edir”.

Ancaq əksər ekspertlər hesab edirlər ki, Paşinyanın Konstitusiyanı dəyişməkdə başlıca məqsədi ölkəni əvvəlki idarəetmə üsuluna qaytarmaqdır. Yəni prezident üsul-idarəsini tətbiq etməyə çalışır və bununla da özünün prezident seçilməsini istəyir. Onun anonsunu verdiyi Konstitusiya islahatının arxasında bu maraq, istək dayana bilərmi?

  • Hatəm Cabbarlı: “... müəyyən siyasi-taktiki gedişlər etməyə məhkumdur”

Siyasi elmlər doktoru Hatəm Cabbarlı “Bakı-Xəbər”ə bildirdi ki, Nikol Paşinyan 2018-ci ildə hakimiyyətə gələndən sonra o, de-fakto olaraq Ermənistanı idarə etməkdə ciddi problemlərlə qarşılaşır: “Bu həm daxili, həm də xarici siyasət kursunda özünü göstərir. Paşinyan bütün dövlət strukturlarında nəzarəti tam bərpa edə bilmədiyini gözəl anlayır. Xüsusilə də Köçəryanın həbs edilməsindən sonra onun yenidən azad olunması göstərdi ki, Paşinyan daxildəki ziddiyyətləri tam yoluna qoya bilməyib. Buna görə də Paşinyan ilk olaraq onun iradəsinə tam tabe olmayan hüquq-mühafizə və məhkəmə sektorunda islahatların aparılmasını zəruri sayıb. Xüsusən də o, Konstitusiya Məhkəməsi ilə bağlı mövzunu gündəmə gətirir və həmin təsisatın Ermənistanın bugünkü reallıqlarına tam cavab vermədiyini bəyan edir. Əslində, Paşinyanın Konstitusiyanı dəyişmək üçün parlamentdə tam potensialı mövcuddur. Ancaq o hesab edir ki, ölkənin daxili ictimai rəyində və Avropa qurumlarının reaksiyasında müəyyən problemlərlə qarşılaşa bilər. Onun əsas məqsədi hakimiyyətini möhkəmlətməkdir. Onun islahatların zəruriliyi ilə bağlı verdiyi son açıqlamasında prezident olmaq istədiyinə dair hansısa açıq fikri söylədiyini görmürük. Əslində, Ermənistanın yenidən prezident üsul-idarəsinə keçmə ehtimalı olduqca zəif görünür. Bu, olduqca ağır prosesdir. Hər şeydən əvvəl daxili ictimai rəy və beynəlxalq təşkilatlar buna hazırlanmalıdır. Bu həm də Ermənistan üçün ciddi maliyyə yükü deməkdir. Oranın daxili rəyi hələ ki, bunu qəbul etmir. Buna görə də hökumətin dərhal belə bir addım ata biləcəyi inandırıcı sayılmır. Hesab edirəm ki, ilkin mərhələdə Paşinyan Baş nazir kimi hüquq-mühafizə  orqanları və Konstitusiya Məhkəməsi üzərindəki hakimiyyətini tam möhkəmləndirməyə çalışacaq. Konstitusiya islahatları da məhz həmin sahəni əhatə edəcək. Belə görünür ki, 2020-ci ildə bu istiqamətdə ciddi addımlar atılacaq. Nikol Paşinyan dərk edir ki, onun  reytinqi azalır və xalqın dəstəyindən mərhum olsa, hakimiyyəti saxlamaq çətin olacaq. Bu baxımdan da müəyyən siyasi-taktiki gedişlər etməyə məhkumdur”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər