23/08/2019 00:56
728 x 90

Türkiyə-Rusiya sövdələşməsinin Qarabağ proseslərinə təsiri Ermənistanda şok effekti yaradır

img

Qardaş Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksi almasından bu gün ən çox narahat olan tərəflərdən biri də işğalçı Ermənistandır. Bu ölkədə hesab edirlər ki, Türkiyə artıq aldığı bu raketlər vasitəsilə Ermənistana da çox asanlıqla nəzarət edəcək. Hətta belə iddialar da səslənir ki, S-400-lər vasitəsilə toplanan məlumatlar Ankara tərəfindən Bakıya da ötürüləcək və bu hal Dağlıq Qarabağ münaqişəsinin mümkün hərbi həllində Azərbaycan tərəfi üçün xüsusi əhəmiyyət kəsb edəcək.

Amma erməniləri qorxuya salan təkcə S-400 zenit-raket kompleksi deyil.

Məsələ burasındadır ki, Rusiya müasir elektronika vasitələrilə təchiz edilmiş yeni döyüş təyyarələrini də Türkiyəyə satmağa hazır olduğunu bildirir. Xüsusən də  F-35 qırıcı təyyarələrin artıq Türkiyəyə satılmayacağının dəqiqləşməsindən sonra bu ehtimal daha da artıb. ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında bildirib ki, F-35 qırıcı təyyarələri Ankaraya verilməyəcək. Onun sözlərinə görə, Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksi alması ən çox ABŞ-ı narahat edir. O, Barak Obamanın zamanında “Patriot” qurğularının Türkiyəyə satılmamasının yanlış qərar olduğunu, bu səbəbdən də türklərin Rusiyaya yönəldiyini deyib. ABŞ dövlət başçısı, həmçinin, iki dövlət arasındakı münasibətlərin gərgin olduğunu, hər şey aydınlığa çıxmadan Türkiyəyə F-35 qırıcı təyyarələrini satmayacaqlarını bildirib: “Rusiyadan raket sistemi aldığı üçün NATO üzvü Türkiyəyə qırıcı satmayacağıq. Biz də çətin vəziyyətdə qalmışıq, onlar da, hətta bu təyyarələri istehsal edən firma da. Danışıqlar davam edir, görək qarşıdakı günlərdə nə baş verəcək”. Məhz belə bir vaxtda Rusiya baş nazirinin köməkçisi Yuri Borisov bildirib ki, Rusiya Türkiyəyə istehsal etdiyi döyüş təyyarələrini satmaq təklifi verib. O bildirib ki, Türkiyə tərəfi ilə rus istehsalı döyüş təyyarələrinin tədarük edilməsini ehtiva edən bir razılaşma üçün görüşməyə hazırdırlar. Yuri Borisov Türkiyəyə hava hücumundan müdafiə sistemi ilə yanaşı, döyüş təyyarələrinin tədarükü üçün görüşlərin mümkün olub-olmadığı sualına belə cavab verib: “Niyə mümkün olmasın? Artıq əlimizdə bunun mümkün olduğuna dair nümunə var”. Qeyd edək ki, daha əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın F-35 təhdidlərinə görə Rusiyadan təyyarə də ala biləcəklərini bəyan edib.

Erməni ekspert Varujan Qeqamyan isə bildirir ki, Türkiyə S-400 zenit-raket kompleksindən sonra Moskvadan ən müasir Su-57 döyüş təyyarələrini ala bilər. Həmin təyyarələr və S-400 zenit-raket kompleksi vasitəsilə Ermənistan ərazisinə də Türkiyəyə çox asanlıqla nəzarət etmək imkanı qazanacaq. O bildirib ki, rəsmi olaraq Rusiyadan tədarük edilən zenit raket kompleksinin Suriya ilə sərhəddə yerləşdiriləcəyi bildirilsə də, son dövrlərdə yayılan məlumatlara görə, kompleksin Ankara çevrəsində və Ermənistan sərhədində də yerləşdiriləcəyi ehtimal edilir: "Kompleks real müharibə bölgəsində yerləşdirilməməsi ehtimalına görə hələlik ABŞ tərəfindən kəskin tənqid edilmir. Rusiyadan alınan S-400 raket kompleksi Türkiyənin daxil olduğu NATO-nun sisteminə qoşulmayacaq və ayrıca fəaliyyət göstərəcək. Bu sistem sırf Türkiyə Silahlı Qüvvələri tərəfindən istifadə ediləcək. Bu addım Türkiyə Silahlı Qüvvələri tarixində ciddi dönüşdür. S-400 zenit-raket kompleksi və Su-57 döyüş təyyarələri ən müasir elektronika və müşahidə sisteminə malikdir. Onların Ermənistana yaxın ərazilərdə yerləşdirilməsi Türkiyənin ölkəmizə nəzarət etməsinə imkan yaradır. Toplanan məlumatların Azərbaycana ötürülməyəcəyinə isə heç kim zəmanət verə bilməz". Erməni ekspert xatırladır ki, S-400-lərin idarəçiliyini yalnız Türkiyənin özü həyata keçirəcək və əvvəldən gözlənildyi kimi, sistemə həm də ruslar nəzarət etməyəcək. Xatırladaq ki, bu faktı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da təsdiq edib: "Türkiyəyə gətirilən S-400 zenit-raket kompleksləri tamamilə bizim nəzarətimizdə olacaq.  Aldığımız S-400 sistemi F-35 də daxil olmaqla NATO sistemlərinə heç bir təhdid yaratmır. Tamamilə bizim nəzarətimizdə olacaq bir sistemdir. Lazımsız gərginlik yaratmağa ehtiyac yoxdur. Onsuz da yekunlaşmış razılaşmadır. Artıq onların gətirilmə prosesi başlayıb". Varujan Qeqamyan isə bildirir ki, məhz bu vəziyyətdə Türkiyənin istənilən məlumatı Azərbaycana ötürməsi daha asan şəkildə reallaşacaq. Onun fikrincə, hərbi sahə ilə yanaşı, Rusiya və Türkiyə arasında “Türk axını” qaz kəməri, atom stansiyalarının inşası sahəsindəki əməkdaşlıq taktiki xarakter daşıyır və hər iki ölkə üçün əlverişlidir. O bu vəziyyətin, Azərbaycandan fərqli olaraq, Ermənistanın regionda mövqeyinə mənfi istiqamətdə təsir göstərdiyini də vurğulayır. Erməni mediası isə yazır ki,  Türkiyənin S-400 sistemlərini Ermənistan sərhədində yerləşdirməsi qaçılmaz olacaq. Çünki Türkiyə və Rusiyanın S-400-lərin alınması ilə bağlı anlaşmasında “məhdudiyyətin olmaması” detalı mövcuddur. Məsələ burasındadır ki, NATO Türkiyənin Avropa İttifaqı ölkələri və ABŞ-dan aldığı silahlarla bağlı bəzi məhdudiyyətlər qoyur. Məsələn, bunlardan biri də bu silahların Yunanıstan sərhədinə yerləşdirilməməsidir. Rusiya isə Türkiyənin qarşısında belə bir məhdudiyyət qoymayıb və bu, Ankaranın S-400 batareyalarından birini Ermənistan sərhədinə yerləşdirməsinə heç bir maneənin olmaması deməkdir. Ekspertlər də qeyd edir ki, S-400-lərin bir batareyasının Yunanıstan sərhədinə yerləşdirilməsi Türkiyəyə bu istiqamətdən gələn təhdidlərin qarşısını almağa imkan verəcək. Bir batareyanın Ermənistan sərhədinin yaxınlığına yerləşdirilməsi isə həm İran, İraq, həm Suriyadan gələ biləcək təhdidlərə qarşı etibarlı müdafiəyə şərait yaradacaq, həm də Şərqi Aralıq dənizinə nəzarət etmək mümkün olacaq. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri, general İsmail Hakkı Pekinin də bu xüsusda fikirləri xüsusi diqqət cəlb edir: “Yunanıstandan mümkün hava hücumu ola bilər. İsrail təyyarələrinin də hücumları mümkündür. Digər tərəfdən İran var, hazırda düşmən deyil, amma gələcəkdə nə olacağını bilmirik. Nəticədə əllərində 2000-2500 kilometr mənzilli ballistik raketləri var. Təhdidlər Ermənistan tərəfdən də ola bilər. Bütün bunlara qarşı Türkiyənin hava müdafiəsi yoxdur. Bizim 7-8 kilometr mənzilli “Stinqer“lər və zenit raketlərimiz var, lakin bunlar quru qoşunlarının yaxın müdafiəsini təmin edir. Hərbi Dəniz Qüvvələrində gəmilərin yaxın müdafiəsini təmin edən sistemlər var. O da hər gəmidə yoxdur. Hərbi Hava Qüvvələrində də təyyarələrin bir qismi bombardmançı, bir qismi isə kəşfiyyatçıdır. Yəni təyyarələri qarşı tərəfə göndərirsiniz, gələn təyyarələri də ya havada, ya da yerdə olarkən məhv edirsiniz. Lakin indi şərtlər çox dəyişib. Təyyarələr 150-200 kilometr mənzildən bomba ata bilir. Misal üçün, Təl-Əvivdən qalxan təyyarə heç bir sərhəd pozuntusu etmədən Türkiyəyə 150-160 kilometr mənzilli raket ata bilər. İndi belə hücumların qarşısını alacaq sistemlərə ehtiyacımız var”. Türkiyəli generalın bu açıqlaması S-400 sistemlərindən birinin niyə Ermənistanla sərhədə yerləşdirilməsi ehtiyacını aydınlaşdırır. Digər tərəfdən belə vəziyyət Türkiyənin hava müdafiəsini təşkil etməklə yanaşı, bölgədə Azərbaycanın da hava üstünlüyünə əlavə dividendlər gətirəcək.
Burada ekspertlər xatırladır ki, Azərbaycan və Türkiyə arasında mövcud Strateji Əməkdaşlıq Sazişi iki ölkədən birinə qarşı hərbi təhdidin yarandığı vaxt digərinin dəstəyini şərtləndirir. Doğrudur, Azərbaycan ordusunun Ermənistanla baş verə biləcək müharibədə buna ehtiyacı olmayacaq. Hərbi arsenalımızda mövcud olan raket kompleksləri də istənilən təhdidin qarşısını almaq gücündədir. Lakin S-400-lərin Ermənistan sərhədinin yaxınlığında yerləşdirilməsi ölkəmizə əlavə üstünlüklər qazandırır. Çünki bu vəziyyət mümkün müharibədə bölgənin hava məkanının Ankara və Bakının nəzarətində olması deməkdir. Baş verənlər fonunda

“armenianreport” yazır ki, Moskva və Vaşinqton yaranmış vəziyyəti nəzərə almalı, Ermənistanı daha zəif duruma salmalıdırlar. Qeyd olunur ki, ABŞ Türkiyəyə qarşı sanksiyaları təcili tətbiq etməlidir: “Ankaranın İrəvana qarşı siyasəti məlumdur, Türkiyə Azərbaycana Ermənistanı blokadada saxlamağı üçün dəstək verir. Türkiyə-Azərbaycan hərbi-siyasi ittifaqı Ermənistanı hədələyir. Bu baxımdan, bizə dostlarımız dəstək verməlidir”. Portal Rusiyanı da Türkiyə və Azərbaycana hərbi dəstəyi davam etdirməsinə görə ittiham edir.

O da qeyd olunur ki, perspektivdə Rusiya Azərbaycana da S-400 verə bilər:“Azərbaycan bu raket kompleksini alsa, “İsgəndər”lərdən daha etibarlı müdafiə yarada bilər. Əslində bu, Moskvanın razılığı ilə baş tutacaq məsələdir. Ermənistana “İsgəndər” verən Rusiya Azərbaycana da S-400 verərək, münasibətləri qorumağı düşünür”. Bütün bunlar Türkiyə və Rusiya arasında hərbi yaxınlaşmanın artıq Ermənistan üçün əsl kabusa döndüyünü əyani surətdə təsdiq etməkdədir. Digər tərəfdən o da aydın olur ki, Ermənistanın bütün etirazlarına baxmayaraq, Moskva və Ankara hərbi müstəvidə də əlaqələri genişləndirməyi düşünür. Hadisələrin bu səpkidə inkişafından məmnun qalan tərəflərdən biri isə Azərbaycandır. Çünki qarşıdakı dövr ərzində Azərbaycan Türkiyə və Rusiyanın yaxınlaşmasından ən çox fayda götürəcək tərəflərdən sayılır. Elə erməni tərəfini də narahat edən əsas məqamlardan biri məhz budur. Bundan başqa, işğalçı ölkə onu da yaxşı bilir ki, Azərbaycan-Türkiyə-Rusiya üçbucağında intensiv şəkildə inkişaf edən münasibətlər perspektivdə Ermənistanı daha zəif mövqe sahibinə çevirəcək. Elə bu səbəbdən də hadisələrin mövcud inkişaf axarı Ermənistanda indidən böyük əndişə yaradır.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.

Son xəbərlər