15/10/2019 18:35
728 x 90

Paşinyançı elitanın ABŞ-da rəsmi rəyi dəyişməyə yönəlik növbəti uğursuz səfəri...

“Ermənistan parlament spikerinin rəhbərlik etdiyi nümayəndə heyətinin ABŞ səfəri nəyisə dəyişə bilməyəcək”

img

Ermənistan parlamentinin spikeri Ararat Mirzoyanın rəhbərlik etdiyi nümayəndə heyətinin ABŞ-a səfəri başlayıb. Məlumata görə, nümayəndə heyətinin tərkibinə “Mənim addımım” blokunun rəhbəri Lilit Makunts, “İşıqlı Ermənistan” fraksiyasının rəhbəri Edmon Marukyan, “Çiçəklənən Ermənistan” fraksiyasının katibi Arman Abovyan və parlamentin hüquqi məsələlər üzrə komissiyasının sədr müavini Anna Karapetyan daxildirlər.

Erməni nümayəndə heyətinin səfəri iyulun 14-də başlayıb. 12 gün davam edəcək səfər zamanı ermənilər təkcə Vaşinqtonda görüşlər keçirməyəcəklər. Onlar Boston və Nyu-Yorka da gedəcəklər. Paşinyanın bu səfərdən gözləntisi böyük olsa da, əslində, Ermənistan parlament sədrinin səfəri nəyisə dəyişməyəcək.

Hətta erməni mətbuatının belə, sözügedən səfərdən elə bir gözləntisi yoxdur. Məsələn, Ermənistanın “Jamanak” qəzeti yazıb ki, parlamentin spikeri Ararat Mirzoyanın ABŞ səfərinin Ermənistan üçün əhəmiyyəti yoxdur. Qəzet bunu belə əsaslandırıb: “Səfər çərçivəsində Respublikaçıların Konqresdəki lideri Miç Makkonel və Nümayəndələr Palatasının spikeri Nensi Pelosi ilə Mirzoyanın görüşü gözlənir. Mirzoyan bunun vacib səfər olduğunu, səfərdən sonra isə onun faydalı və məhsuldar olduğunu deyə bilər, amma əvvəlcədən bəllidir ki, bu kimi səfərlər daha çox turistik xarakter daşıyır və Ermənistan üçün, praktik olaraq, heç bir əhəmiyyəti yoxdur”.

Maraqlıdır, bəs siyasi ekspertlər Mirzoyanın ABŞ səfərini necə dəyərləndirirlər?

  • Arzuxan Əlizadə: “Birləşmiş Ştatlar gördü ki, Paşinyan verdiyi vədlərə əməl etmədi”

Məsələyə münasibət bildirən AMİP-in baş katibi Arzuxan Əlizadənin sözlərinə görə, Ermənistan parlament sədrinin ABŞ səfəri nəyisə dəyişməyəcək: “Nəzərə almaq lazımdır ki, Ermənistanda inqilab eyforiyası başa çatıb. Ötən bir ildə ABŞ gördü ki, Paşinyan verdiyi vədlərə əməl edə biləcək qüdrətdə deyil. Qərbin xeyir-duası ilə hakimiyyətə gələn Paşinyan Avropanın, ən azından, Ermənistana üzləşdiyi ağır sosial-iqtisadi durumdan çıxmasına ciddi yardım edəcəyinə ümid edirdi. O, eyni zamanda, Amerikadakı və digər Qərb ölkələrindəki erməni lobbisinə böyük ümidlər bəsləyirdi. Bütün bunlarla yanaşı, Rusiyanın Ermənistana olan böyük təsir imkanlarını bildiyindən, Moskva ilə də oynayaraq mümkün təsirlərindən yayınmağa çalışırdı. Həm Qərb, həm Moskva, həm də erməni lobbisi Paşinyanın bu siyasətinin nə ilə nəticələnəcəyini bildiyinə görə onunla məsafəli davranırlar. Birləşmiş Ştatlar gördü ki, Paşinyan verdiyi vədlərə əməl etmədi. Ona görə də nə ABŞ, nə də Qərbdəki erməni lobbisi ona istədiyi dəstəyi vermədi. Bu baxımdan Ararat Mirzoyan ABŞ-a səfər etməklə mövcud reallığı dəyişə bilməyəcək. İnanmıram ki, Ermənistan parlament spikeri ABŞ rəsmiləri ilə yüksək səviyyəli görüşlər keçirə bilsin. O əsasən erməni lobbisinin təsiri altında olan konqresmenlərlə görüşlər keçirəcək. Nəzərə almaq lazımdır ki, indiyə qədər Ermənistanın bir sıra rəsmi şəxsləri ABŞ-da səfərdə olsalar da, eyni səviyyəli həmkarları ilə görüşlərə nail ola bilməyiblər. Bir müddət əvvəl Ermənistan müdafiə naziri ABŞ-da səfərdə oldu, amma o, Pentaqonda görüşlər keçirə bilmədi. Bir neçə dəfə erməni lobbisi Tramp-Paşinyan yüksək səviyyəli görüşünün keçirilməsinə cəhd etsə də, buna nail ola bilməyiblər. ABŞ Paşinyana yüksək etimad göstərsəydi, o zaman bütün bunlar yaşanmazdı. Ona görə də Ermənistan parlament spikerinin rəhbərlik etdiyi nümayəndə heyətinin ABŞ səfəri nəyisə dəyişə bilməyəcək”.

Vidadi ORDAHALLI

Son xəbərlər