Günel Fərhadqızı: “Xarici borc 4 dəfə artaraq ümumdaxili məhsulun 60 faizi səviyyəsinə - ən təhlükəli həddə çatıb”
Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan Nyu-Yorka səfər edib. Erməni mətbuatının verdiyi məlumata görə, Mnatsakanyanın BMT-nin baş katibi Antonio Quterreşlə görüşü nəzərdə tutulub. Həmçinin, bildirilir ki, Nyu-Yorkda Ermənistanla bağlı milli hesabat təqdim olunacaq. Hesabatda Ermənistanın “dayanıqlı inkişafı” əldə etməsi ilə bağlı təcrübənin bölüşülməsi və bu yolda hansı yolların qət edildiyi öz əksini tapıb.
Ermənistandakı real sosial-iqtisadi vəziyyət göz qabağında olduğu halda, hansı dayanıqlı inkişaf nəzəriyyəsindən söhbət gedə bilər? Bu, ermənilərin dünyaya növbəti yalanı sırımaq cəhdi anlamına gələ bilərmi?
İqtisadçı Günel Fərhadqızı qəzetimizə açıqlamasında bildirdi ki, bunu da Ermənistanın növbəti ağ yalanı adlandırmaq olar: “Bilirsiniz ki, erməni təbliğat maşını yalan uydurmaq üzrə tam ixtisaslaşıb. Amma onların tarixi təhrif etmələrini sübut etmək bir qədər asan olmur. Çünki bunun üçün arxivlərə müraciət edilməli, çoxlu işlər aparılmalıdır. İqtisadi inkişafla bağlı real mənzərəni təhrif edib yalan danışmağın isə bir adı var - həya hissini itirmək. Ermənistanda hakimiyyətə gələn yeni qüvvələr özlərini Qərbdə, ABŞ-da daha kreativ göstərməyə can atırlar. Buna görə də belə sərsəm iddiaları gündəmə daşımaqla özlərini biabır edirlər. Onların öz daxillərindəki auditoriyanın iqtisadi vəziyyətlə bağlı səsləndirdiyi ittihamlardan xəbəri yoxdur. Həmin məlumatları ABŞ-da bir nəfər onlara üzündən oxusa, bəlli olar ki, ermənilərin dayanıqlı inkişafdan deyil, yalnız dayanıqlı rəzillikdən danışmağa haqları çatar.
Ötən il Ermənistanda iqtisadi böhranın daha da dərinləşməsi ilə yadda qalıb. Ermənistanın Statistika Xidmətinin məlumatına görə, sənaye və kənd təsərrüfatı sahələri tamamilə çöküb. İqtisadi geriləmə biznes mühitinə də zərər vurub. Əhalinin 90 faizinin istehlak həcmi əhəmiyyətli dərəcədə azalıb. Hər 10 nəfərdən doqquzu pis vəziyyətdə yaşamağa başlayıb. Ermənistanın “İrs” partiyasının sədr müavini Armen Martirosyan yerli televiziyaya müsahibəsində bildirib ki, 2018-ci ildə ölkədə sosial-iqtisadi vəziyyətin pisləşməsi qaçılmazdır. Bunun qarşısını almaq üçün hökumətin strateji planı yoxdur. O, bu il də Ermənistan iqtisadiyyatının inkişafının sıfıra enəcəyini bildirib. Qeyd edib ki, ölkənin iqtisadiyyatı məhvolma həddindədir. Son 10 ildə 300 mindən çox vətəndaş və ya əhalinin 10 faizi ölkəni birdəfəlik tərk edib. Yoxsulluq həddində yaşayan vətəndaşların sayı isə 30 faizədək yüksəlib. Xarici borc 4 dəfə artaraq ümumdaxili məhsulun 60 faizi səviyyəsinə - ən təhlükəli həddə çatıb. Ermənistanda yalnız fərdlər dəyişib, acınacaqlı vəziyyət isə olduğu kimi durur. Bunlar isə işləməyə deyil, yalan danışmağa güc verirlərsə, ölkədə Sovet dönəmindən qalma miras tamamilə tükənəcək və Ermənistan iqtisadiyyatı birdəfəlik çökəcək. Bu mənzərə hansısa dayanıqlı inkişafın əlamətlərini büruzə verirmi? Xeyr! Yaxşı olar ki, ermənilər növbəti yalanları ilə özlərini biabır etməsinlər”.
Məhəmmədəli QƏRİBLİ