ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putin Finalndiyanın paytaxtı Helsinkidə iki saata yaxın qapalı qapılar arxasında görüş keçiriblər. Tramp Putinlə təkbətək görüşdə, Rusiyanın ABŞ seçkilərinə müdaxiləsini də müzakirə edib. Lakin ABŞ lideri rus həmkarını birbaşa tənqid etməyib.
Baki-xeber.com xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ prezidenti Rusiyanın dövlət başçısı ilə Helsinki görüşünü "yaxşı başlanğıc" adlandırıb. Donald Tramp bunu Putinlə 2 saatlıq görüşdən sonra Rusiya və Amerika rəsmilərinin danışıqları zamanı bildirib.
ABŞ-Rusiya əlaqələrinə dair Tramp deyib ki, son illər Rusiya ilə münasibətlər yaxşı olmasa da, bu qeyri-adi münasibətlərə son qoyacağımızı düşünürəm: "Rusiya ilə yola getmək pis deyil, yaxşıdır".
Putin deyib ki, Trampla bir neçə dəfə telefonla, eləcə də beynəlxalq toplantılar çərçivəsində söhbətləri olub: “Əlbəttə, ikitərəfli münasibətlər və dünyadakı bir sıra ağrılı nöqtələr barədə ətraflı danışmağın vaxtı çatıb”.
Tramp Suriya münaqişəsi, Rusiyanın Krımı Ukraynadan ilhaq etməsi, Moskvanın 2016-cı ildə ABŞ-da prezident seçkisinə iddia olunan müdaxiləsi barədə bir söz deməyib.
O, ümidvar olduğunu bildirib ki, bu iki supergücün nüvə arsenalının azaldılması barədə razılaşma əldə olunacaq. Rusiya ilə Birləşmiş Ştatların dünyada nüvə silahlarının 90 faizinə malik olduğunu vurğulayan Tramp “ümid edirəm, bununla bağlı bir iş görə bilərik”, söyləyib.
ABŞ dövlət başçısı müzakirələri konstruktiv adlandırıb: "Bugünükü görüş zamanı Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi məsələsinə toxundum. Hesab etdim ki, ən yaxşısı bu mesajı birbaşa ötürməkdir".
Tramp Rusiyanın ABŞ prezident seçkisinə iddia olunan müdaxiləsi məsələsini söhbətdə qaldırdığını da təsdiqləyib. Lakin, o, həmçinin istintaqın "bizi bir-birimizdən uzaq saxladığını" deyərək, ABŞ-ı "ağılsız" olmaqda ittiham edib. "Məncə Birləşmiş Ştatlar ağılsız olub, biz hamımız ağılsız olmuşuq. Bu istintaq ölkəmiz üçün faciədir, bu bizi bir-birimizdən uzaq saxlayıb. Heç bir əməkdaşlıq olmayıb", o, əlavə edib.
ABŞ kəşfiyyatı elə hesab edir ki, Rusiya dövlət səviyyəsində qəbul edilmiş bir qərarla 2016-cı il seçkilərinə müdaxilə etməklə Trampın xeyrinə ABŞ seçkilərinə təsir göstərib. İddia olunur ki, Rusiya bu təsiri sosial media və kiberhücumlar vasitəsilə edib.
Lakin Putin mətbuat konfransındakı bəyanatında bu ittihamı inkar edərək hökumətinin Amerikanın daxili siyasətinə qarışmaq niyyətində olmadığını vurğulayıb.
Tramp da ABŞ kəşfiyyat orqanlarının bəyanatlarına zidd mövqe tutaraq Rusiyanın ABŞ seçkilərinə müdaxilə etmələrinə heç bir səbəb görmədiyini deyib.
ABŞ lideri xüsusi prokuror Robert Müllerin Rusiyanın 2016-cı il seçkilərinə müdaxiləsi ilə bağlı 14 aydır ki, apardığı apardığı təhqiqatı “ölkəmiz üçün fəlakət” adlandırıb.
Putin isə ABŞ seçkilərinə Rusiyanın iddia olunan müdaxiləsinə dair istintaqa rəhbərlik edən xüsusi prokuror Robert Mueller-i Rusiyaya dəvət edib. Əvəzində, o, Rusiyanın da ABŞ-da olan və cinayətdə şübhəli bilinənləri cəlb etməyə eyni dərəcədə imkanlar istədiyini də qeyd edib. O, 1999-cu ildə Rusiya və ABŞ arasında ekstradisiya razılığını xatırladaraq, bildirib ki, "O, (Robert Mueller) bu razılıqdan istifadə edərək bizə rəsmən müraciət edə bilər və biz onun cinayətlə əlaqələri olduqlarını düşündüyü bu şəxsləri dindirə bilərik. Bizim hüquq mühafizə orqanlarımız bunu edə bilər".
Tramp onun bu görüşü keçirməsinə dair tənqidlərə qarşı bunu deyib: "Hətta Soyuq Müharibənin təyziqli vaxtları... ABŞ-la Rusiya güclü dialoqu təmin edə bilmişdilər. Lakin bizim əlaqələrimiz heç vaxt hazırki qədər pis olmayıb. Amma bu dörd saat əvvəl dəyişdi".
O, deyib ki, "ünsiyyəti rədd etməkdən asan bir şey yoxdur" və iddia edib ki, bu "tənqidçiləri, medianı və müxalifəti" razı salsa da, o bu risqi atmağa hazırdır: "Prezident olaraq mən həmişə amerikalıların və Amerikanın xeyrinə olanı hər şeydən üstün tutacam".
Qeyd edək ki, cümə günü ABŞ Ədliyyə Nazirliyi 12 Rusiya vətəndaşını ABŞ prezident seçkisinə müdaxilədə ittiham etdikdən sonra, bəzi ABŞ siyasətçiləri Trampla Putinin görüşünün ləğvinə çağırış ediblər.
ABŞ siyasi xadimləri Trampın Putinlə keçirdiyi birgə mətbuat konfransında Moskvanın Amerika seçkilərinə müdaxiləsi barədə amerikalı kəşfiyyatçıların gəldiyi qənaəti müdafiə etməməsinə sərt reaksiyalar verməkdədirlər.
Adətən Trampın tərəfdarı kimi tanınan Respublikaçı Senator Lindzi Qraham Tvitter mesajında mətbuat konfransını “buraxılmış fürsət” kimi dəyərləndirib. “Prezident Trampın cavabı Rusiya tərəfindən zəiflik əlaməti kimi qəbul ediləcək və həll etdiyindən daha çox problemlər yaradacaq,” deyə o bildirib.
Veteran Respublikaçı Senator Con Makkeyn Trampın mətbuat konfransındakı çıxışını “rüsvayçılıq” adlandırıb: “Prezident Trampın sadəlövhlüyü, eqoizmi, saxta ekvivalentliyi və avtokratlara olan simpatiyasının vurduğu ziyanı ölçmək çətindir”.
Nümayəndələr Palatasının spikeri Paul Ryan ABŞ-la Rusiya arasında heç bir mənəvi ekvivalentliyin olmadığını və Kremlin ABŞ dəyərlərinə fundamental şəkildə zidd olduğunu vurğulayıb.
“Heç zaman ağlıma gəlməzdi ki, Amerika prezidenti Rusiya prezidenti ilə bir səhnədə dayanıb Rusiya təcavüzünə görə Birləşmiş Ştatları qınayacaq,” deyə digər Respublikaçı Senator Ceff Fleyk bildirib.
Demokrat qanunvericilərin Trampın çıxışına reaksiyası eyni dərəcədə sərt olub. Demokrat Senator Çak Şumer Trampı “KQB-nin sözlərini Mərkəzi Kəşfiyyat Agentliyində (CIA) çalışan kişi və qadınların sözlərindən üstün” tutduğunu vurğulayıb.
Virciniyanı təmsil edən Senator Mark Uorner baş verənləri Rusiyanın ABŞ demokratiyasına hücumu kimi qiymətləndirərək Trampın ABŞ kəşfiyyatçılarına qahmar çıxmamasını “tam rüsvayçılıq” adlandırıb.
Senator Elizabet Uorren ABŞ prezidentini “beynəlxalq səhnədə Amerikanı biabır etməkdə, təsisatlara zərbə endirməkdə, müttəfiqlərlə münasibətləri zəiflətməkdə və diktatora qucaq açmaqda" günahlandırıb.