Dağlıq Qarabağ münaqişəsi ətrafında beynəlxalq diplomatik müstəvidə vəziyyətin birmənalı şəkildə Azərbaycanın lehinə olması birmənalı həqiqətdir. Özü də söhbət burada təkcə ölkəmizin ərazi bütövlüynə dair müxtəlif təşkilat və ölkələr tərəfindən qəbul edilən sənədlərdən, qətnamələrdən getmir.
Son vəziyyətin təhlili istər Qərb dünyasında, istər Rusiyada, istərsə də dünyanın digər ölkələrində Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində göstərilən dəstəyin artan xətt üzrə getdyini, Ermənistanın isə tam təklənmiş bir vəziyyətə düşdüyünü üzə çıxarır. Elə bu halın özü də diplomatiya müstəvisində Azərbaycanın növbəti böyük üstünlüyü hesab edilir.
Qeyd olunduğu kimi, həm Rusiya, həm də Qərb cəbhəsində Qarabağ məsələsində Azərbaycana dəstək xeyli artıb. Bunu Beynəlxalq Böhran Qrupu Türkiyə və Rusiya arasında yaxınlaşma və bunun Cənubi Qafqaz bölgəsində münaqişələrin nizamlanmasına təsiri fonunda təqdir edir. Qeyd edək ki, Beynəlxalq Böhran Qrupu bununla bağlı yeni araşdırma aparıb. Qrupun təhlilçisi Zaur Şiriyev “Amerikanın Səsi” radiosuna müsahibəsində Türkiyə və Rusiya arasında münasibətlərin yeni səviyyəsi və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesindən danışarkən maraqlı məqamlara toxunub. Onun sözlərinə görə, Beynəlxalq Böhran Qrupunun apardığı son araşdırmada Rusiya və Türkiyə arasında iqtisadi rəqabətin olmasına baxmayaraq, əməkdaşlığın mümkün olduğu sahələr, xüsusilə də münaqişələrin həllində iki ölkənin apara biləcəyi əməkdaşlıq və ata biləcəyi addımlar təhlil edilib. Ekspert bölgədə fərqli maraqlara malik olan Türkiyə və Rusiyanın regional münaqişələrin həllində mümkün əməkdaşlığı ilə bağlı verilən tövsiyələri qeyd edib: “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ən böyük tövsiyə odur ki, iki ölkə – Türkiyə və Rusiya münaqişə tərəflərinin iki fərqli strateji müttəfiqləri olduqlarından, hazırkı mövcud şərtlərdə müharibənin qarşısını ala bilərlər. İkincisi, Rusiya və Türkiyə ortaq olaraq Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlara töhfə verə, onları dəstəkləyə bilər”.
Zaur Şiriyev Dağlıq Qarabağ danışıqlar prosesində Minsk Qrupunun gücləndirilməsinin vacibliyini vurğulayıb: “Bu ondan irəli gəlir ki, MQ danışıqlar prosesinə daha effektiv təsir göstərməlidir. Yalnız müharibə risqi olduqda tərəfləri bir araya gətirmək funksiyası yerinə yetirməli deyil, eyni zamanda münaqişə ilə, danışıqlarla və münaqişənin vacib aspektləri ilə bağlı olduqca vacib məqamlar var ki, bunlara müdaxilə edilməlidir. Məsələn, humanitar məsələlər gündəlikdədir. Burada dəyişikliklər olumalıdır və ya tərəflər daha çox bir araya gəlməlidir. Yalnız iki ölkənin rəhbərlərinin, xarici işlər nazirlərinin bir araya gəlməsi ilə bağlı olmamalıdır”.
Zaur Şiriyev Beynəlxalq Böhran Qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi ilə bağlı tövsiyələrindən danışıb: “Son üç-dörd ayda baş verən dəyişikliklər, xüsusilə də Ermənistanda hakimiyyət dəyişikliyindən sonra bütün ekspertlərin və Beynəlxalq Böhran Qrupunun münaqişənin həlli ilə bağlı baxışları və tövsiyələri dəyişdi. Düzü, ilk baxışda böyük, müsbət gözlənti var idi. Xüsusilə də yeni baş nazirin təyin olunmasından sonra. Amma hazırki situasiyada görünən o oldu ki, Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilənə qədər münaqişə ilə bağlı hakimiyyətdən köhnə hökumətdən fərqli bir şey gözləmək mümkün deyil. Çünki bunun əsas səbəbi odur ki, hazırkı hakimiyyətin seçkilərə qədər bütün marağı daha çox daxili auditoriyaya yönəlib”. Danışıqların formatına gəldikdə, Zaur Şiriyevin bildirdiyinə görə, Beynəlxalq Böhran Qrupu müzakirələrin mövcud formatda davam etdirilməsini dəstəkləyir və bu formatın genişləndirilməsinin mümkün olduğunu hesab edir: “Danışıqların formatı ilə bağlı Ermənistanda hakimiyyət dəyişəndən sonra bir çox ideyalar ortalığa atılıb. Burada, xüsusilə Dağlıq Qarabağ ermənilərinin prosesin tərkib hissəsi olması qabardıldı ki, bu da Azərbaycan üçün qəbuledilməzdir. Beynəlxalq Böhran Qrupunun tövsiyəsi ondan ibarətdir ki, hazırki mövcud format ən ideal format sayılır. Yəni prezidentlərin görüşü və xarici işlər nazirlərinin görüşü. Bu formata əlavə üçüncü elementlər daxil etməklə o daha çox genişləndirilə bilər. Bu genişləndirilməyə gəldikdə, məsələn, əvvəlki illərdə hər iki ölkənin prezidentlərinin xüsusi nümayəndəsi mövcud idi. Xatırlıyırıqsa, onlar Vəfa Quluzadə və Ermənistan tərəfədən Jerar Libardyan idi. Eyni formatın geri gətirilməsi olduqca faydalı ola bilərdi. Bu, format dəyişikliyinə yol açmayacaq, bu yalnız formatı, danışıqlar prosesini gücləndirə bilər. Daha çox inam yaratmaq prosesinə köməklik etmiş ola bilər. Əks halda, Ermənistan tərəfindən səslənən “Dağlıq Qarabağ erməniləri danışıqlara daxil olunsun” kimi fikirlər ortaya atıldıqca, bu, prosesə müsbət təsir göstərməyəcək”.
İndilikdə isə real vəziyyət göstərir ki, Rusiya - Türkiyə yaxınlaşması Qarabağ məsələsinin gedişinə müsbət prizmadan təsir edə bilər. Daha doğrusu, Rusiyanın Ermənistana verdiyi dəstəyin tədricən azalması, Azərbaycanla yanaşı, Türkiyənin də Qarabağ məsələsində Rusiyadan daha çevik addımlar atılmasını istəməsi Ermənistanı daha çox güncə sıxışdırılmış vəziyyətə salır. Rusiyanın dəstəyini sürətlə itirən İrəvana Qərbdən də hansısa yardım gözlənilmir. Bu hal Brüsseldə özünü qabarıq şəkildə göstərdi. Həm NATO, həm də Avropa İttifaqı Azərbaycana açıq dəstək nümayiş etdirdi. Burada daha bir maraqlı məqam həm də ABŞ-ın Azərbaycana münasibəti oldu. Qeyd edək ki, Azərbaycanın xarici işlər və müdafiə nazirləri Brüsselə səfərləri çərçivəsində ABŞ-ın Dövlət katibi Mayk Pompeo və Müdafiə naziri Ceyms Mettislə görüşüblər. Bu görüşdən sonra Pompeo və Mattis Azərbaycana səfər edəcəklərini bildiriblər. Sabiq dövlət müşaviri Qabil Hüseynli bildirir ki, ABŞ-ın yüksək dövlət rəsmilərinin ölkəmizə səfər edəcələrini bildirmələri çox böyük hadisədir. Politoloqun sözlərinə görə, bu səfərlər Bakının geostrateji əhəmiyyətindən xəbər verir: “Bakı ABŞ-ın Əfqanıstan və Orta Asiya siyasətində bir körpü rolunu oynamaqla bərabər, həm də Əfqanıstan probleminin tənzimlənməsi və danışıqlar prosesinin davam etdirilməsi üzrə seçilmiş paytaxt statusunu qoruyub saxlayır. Bundan öncə ABŞ və Rusiya Baş Qərargah rəislərinin Bakıda görüşü də sırf ölkəmizin geostrateji mövqeyindən xəbər verirdi. Bakının seçilməsi həm Rusiya, həm də ABŞ-ın istəyi idi. Ancaq bu məsəldə ən çox təkid edən tərəf ABŞ olub. Hesab edirəm ki, bu siyasət indi də davam etdirilir. Bu fonda Bakıda Əfqanıstanda sülhyaratma prosesi, bununla bağlı danışıqların keçmişi və gələcəyi ciddi surətdə müzakirə olunacaq. İki nazirin Bakıya səfərinin planlaşdırılması o deməkdir ki, Əfqanıstan məsələsində müəyyən gəlişmələr var və bu gəlişmə sülhyaratma prosesi ilə bağlıdır. Üstəlik, ABŞ bu prosesdə Bakının və Azərbaycan siyasi rəhbərliyinin göstərdiyi yardımı və təşəbbüskarlığı yüksək qiymətləndirir. Şərqlə Qərb arasında dəhliz statusunu qazanan Bakı gələcəkdə BMT-nin ikinci Cenevrəsinə çevrilə bilər. Bu həm də Azərbaycanın artan statusuna dəlalət edir”.
Politoloq bildirib ki, ABŞ Dövlət katibi Mayk Pompeonun Bakıya gəlişi Dağlıq Qarabağ məsələsi ilə bağlı daha dərin müzakirələrə fürsət yaradacaq: “Bu, Azərbaycan üçün də mühüm fürsətdir. Hesab edirəm ki, Azərbaycan diplomatiyasi bunu ciddi dəyərləndirəcək və gələcəkdə Qarabağ prosesinin tənzimlənməsində ABŞ-ın rolunun daha təsirli olması üçün istifadə edəcək. Bu, Bakı prosesi adlanır və Bakının BMT və ABŞ-ın Yaxın və Orta Şərq problemlərinin çözülməsində əsas mərkəz olaraq seçilməsi anlamına gəlir. Bakı prosesi Azərbaycanın və dövlətçiliyimizin uğurudur və bu uğurlu gediş mütləq Dağlıq Qarabağ probleminin həllində istifadə ediləcək”. Beləliklə, qeyd edilənlərdən görünür ki, Qərb dünyası da Ermənistanla müqayisədə Azərbaycana daha çox diqqət yetirir və belə vəziyyət istənilən halda Qarabağ münaqişəsinin gedişinə öz təsirini göstərir.
Rusiyanın “regnum.ru” portalı yazır ki, belə vəziyyət Ermənistanın manevr imkanlarını daraldır və onu qeyri-konstrukutiv mövqeyini davam etdirməyə qoymur. Portal Brüssel görüşləri fonunda bu xüsusda yazır: “Brüsseldə ATƏT Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan XİN başçıları Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanın ilk rəsmi görüşü baş tutub, tərəflər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini müzakirə edib. Məmmədyarov bunadək ATƏT Minsk Qrupu həmhəsdrlərilə ayrıca görüş keçirib. Ermənistan XİN nəticələr üzrə məlumat verib ki, xarici siyasət idarələri başçılarının söhbəti “tanışlıq xarakteri daşıyıb”. Amma Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev önəmli bir ayrıntı haqda xəbər verib: söhbət dörd saata yaxın çəkib. Bu da hər halda ciddi dialoq, ya da mühüm problemlər üzrə diskussiyanı nəzərdə tutur. Amma nələr üzrə? Heç bir məlumat verilməyib.
Bununla yanaşı, Hacıyevin “görüşün gedişində Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi üzrə danışıqlar prosesinin dolğun müzakirə olunduğu” və “danışıqların mövcud formatda davam etdirilməsinin önəmi qeyd olıunduğu” haqda sözləri mühüm bir ayrıntını aydınlaşdırır: İrəvan indiki mərhələdə Dağlıq Qarabağdakı rejimi danışıqlar prosesinə daxil etmək cəhdindən imtinaya qərar verib…Danışıqlar formatı əvvəlkitək qalıb ki, bunu da Azərbaycan diplomatiyasının müəyyən uğuru saymaq olar.
Azərbaycan XİN başçısı Brüssel danışıqları ərəfəsində deyib ki, münaqişə edən tərəflərin Qarabağ münaqişəsinin mərhələli tənzimlənməsində, “yol xəritəsi” var və “2018-in əvvəlində əldə edilmiş anlaşma bundan ibarət idi ki, Ermənistan və Azərbaycanda seçkilərdən sonra mövcud gündəlik əsasında müntəzəm danışıqlar davam etdirilsin”.
Bunu Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın o zamankı prezidenti Serj Sarkisyan arasında hansısa razılaşımanın olduğu kimi qəbul etmək olar. Amma İrəvanda tezliklə siyasi böhran başlanıb, hakimiyyətə Paşinyan gəlib. İndi əlbəttə, çox şey Əliyevlə Paşinyanın şəxsi görüşü zamanı aydınlaşacaq, amma belə bir görüşün haçan olacağı və onu hazırlamaq üçün Minsk Qrupu və Azərbaycan və Ermənistan xarici siyasət idarələrinin başçılarına nə qədər vaxt gərəkdiyini heç kim bilmir. Dağlıq Qarabağ münaqişəsinin dinc tənzimlənməsi üzrə danışıqlar davam etdiriləcək və görünən odur ki, Bakının istədiyi şərtlərlə”. O da qeyd olunur ki, Azərbaycan indi özünü daha əmin hiss edir və hərbi, diplomatik sahədə Ermənistandan irəlidə olmasından faydalanmağa çalışır. Bildirilir ki, Bakı Brüsseldə bunu bir daha nümayiş etdirdi.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.