Məlumdur ki, bu gün Azərbaycan Qərb üçün çox mühüm tərəfdaşdır. Ümumiyyətlə, Qərblə Azərbaycan arasındakı münasibətlərin xarakterinə diqqət yetirəndə görmək olar ki, münasibətlər ölkəmizin milli maraqları çərçivəsindədir. Digər məqam isə ondan ibarətdir ki, Azərbaycan Avropa İttifaqının (Aİ) enerji təhlükəsizliyinin təmin olunmasında rolunu getdikcə artırır.
Elə Avropada da Azərbaycanın enerji sahəsində potensialı yüksək qiymətləndirilir. Belə vəziyyətdə Qərb Azərbaycanın ərazi bütövlüyü məsələsində də getdikcə daha qəti mövqe sərgiləyir və bu hal Brüsseldə NATO-nun, Avropa İttifaqının toplantılarında özünü qabarıq şəkildə büruzə verdi.
Xatırladaq ki, Brüsseldə diqqət çəkən məsələlərdən biri Dağlıq Qarbağ münaqişəsi ilə bağlı erməni tərəfinin siyasi avantürasına son qoyulması oldu. Məlum olduğu kimi, Ermənistanda baş verən hakimiyyət dəyişikliyindən sonra yeni baş nazir tərəfindən qəbulolunmaz fikirlər səsləndirilir, Dağlıq Qarabağ ermənilərinin danışıqlarda tərəf olaraq təqdim olunması kimi məsələlər gündəmə gətirilirdi. Lakin Bakı İrəvanın bu istəklərinin üzərindən elə Brüsseldə də xətt çəkdi. Brüsseldə İrəvana Qarabağ məsələsinə dair reallıq yenidən başa salındı. Məsələn, Avropa İttifaqı bildirdi ki, tərəflərin Minsk Qrupu həmsədrlərinin himayəsilə danışıqlar prosesində ilkin şərtlər olmadan tam şəkildə iştirak etmələri olduqca vacibdir. Bundan başqa, NATO sammitinin yekunu üzrə kommünikedə növbəti dəfə Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə, eləcə də Ermənistan-Azərbaycan münaqişəsinin bu prinsiplər əsasında həllinə dəstək ifadə olunub. Bu isə Azərbaycanın Ermənistan üzərində növbəti diplomatik qələbəsi hesab oluna bilər. Bd urumda rəsmi İrəvan qeyri-kostruktiv açıqlamaları ilə məğlub duruma düşdüyünü gizlətməyə çalışır.
Digər tərəfdən İrəvan, Qərbə tərəf meyllənməsinə baxmayaraq, hələ də ondan istədəyini ala bilmir. Çünki Qərb Ermənistanda Nikol Paşinyanın mövqeyinə inamır. Bu səbəbdən də İrəvanın gözlədiyi maliyyə yardımlarını da ayırmır. Ümumilikdə isə Avropa İttifaqının, Qərb liderlərinin Ermənistanla bağlı mövqeyi ondan ibarət oldu ki, onlar seçkilərin real nəticələrini gözləyirlər. İslahatların nəticəsi olmadan Ermənistana hər hansı bir formada yardım olmayacaq. Çünki hazırda Ermənistanda hakimiyyətdə olanlar özlərindən öncə hakimiyyətdə olanların səhv siyasətini davam etdirir. Məhz buna görə də Ermənistanda yeni hakimiyyət Brüssel məğlubiyyətini gizlətmək üçün yeni gedişlər edir. Məsələn, Serj Sarksiyan iqtidarı kimi, Paşinyan da çətinə düşdüyündən Qarabağ kartını ortaya atıb. Brüsseldən qayıtdıqdan sonra o bildirir ki, Dağlıq Qarabağ münaqişəsi ətrafındakı hərbi-siyasi vəziyyət olduqca gərgindir: “Hərbi-siyasi vəziyyət kifayət qədər gərgindir. Təkcə atəşkəsin pozulmasını demirəm, çünki hərbi qulluqçularımızın da dediyi kimi, atəşkəs o qədər də çox pozulmur. Əvvəlki vaxtlarla müqayisədə, mən hökumətin başçısı seçiləndən bəri 3-4 belə hal olub. Amma istənilən vəziyyətdə biz hər şeyə hazır və ayıq olmalıyıq”. Bu mənada Ermənistanın baş naziri 2016-cı ilin aprel döyüşlərinin təkrarlanacağından ehtiyatlandığını gizlədə bilməyib: “Təmas xəttində Azərbaycan qoşun birləşmələrinin cəmləşdiyini görürük. Bu cür təmərküzləşmə aprel döyüşlərindən əvvəl də müşahidə olunurdu”. Ekspertlər isə Qərbə ilk səfərində istədyini ala bilməyən Paşinyanın Qarabağ kartını ortaya atmaqla vəziyyətdən çıxmağa çalışdığını bildirir.
Bundan başqa, Ermənistanda bütün ermənilərin katolikosu II Qareginin istefasını tələb edən etirazçıların onun rəhbəri olduğu Eçmiədzin kilsəsində yenidən aksiya keçirmələri də indiki halda Paşinyanın lehinədir. Çünki o, bununla Brüssel məğlubiyyətindən diqqəti yayındırır və elə bu səbəbdən dolayısı yolla aksiyaya dəstək verir. Kilsənin mətbuat katibi Vaqram Məlikyan isə bunları dəhşətli hal sayır: "Tanınmış hərəkatın ("Yeni Ermənistan, yeni katolikos" hərəkatı) üzvləri təxribatçı davranışları və katolikosun və digər ruhanilərin ünvanına təhqiredici ifadələrilə bütün ermənilərin mənəvi mərkəzində sakitliyi və ibadət atmosferini pozmağa cəhd edir". O vurğulayıb ki, erməni Apostol Kilsəsinin Ali Dini Şurası etirazçılara tövbə edərək aksiyanı dayandırmaq üçün bir həftə vaxt verib. Amma buna rəğmən, etiraz edənlər Qndevanka yola düşmək istəyən II Qareginin kortejini mühasirəyə alıb. Qndevanka geri aparan yol avtomobillərlə və daşlarla bağlanıb, etiraz edənlər təhdid dolu çağırışlar səsləndirib. Xatırladaq ki, bir neçə gün əvvəl “Yeni Ermənistan, yeni katolikos” hərəkatının üzvləri II Qareginin Eçmiədzin kilsəsindəki dəftərxanasına basqın edərək, katolikos istefa verənədək kilsədə qalacaqlarını bəyan etmişdilər. Lakin polis zorla onları kilsədən çıxardı.
Onu da qeyd edək ki, Ermənistanda Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra erməni apostol kilsəsinin bir sıra keşişlərinin təşəbbüsü ilə başlayan “Yeni Ermənistan, yeni katolikos” hərəkatının üzvləri artıq bir aydan çoxdur Eçmiədzin kilsəsinin rəhbəri II Qareginin xalqın qarşısına çıxıb indiyədək törətdiyi əməllərə görə cavab verməsini və istefasını tələb edir. Eçmiədzin kilsəsində çalışan keşişlər II Qareginin dini qurumlarda korrupsiyaya şərait yaratdığını, rahiblərin aylarla maaş almadıqlarını, etiraz səslərini qaldırdıqda isə hədələndiklərini bildirirlər. Artıq keşişlərə qoşularaq II Qareginə qarşı çıxan ermənilərin sayı durmadan artır. II Qaregin isə istefa vermək niyyətində olmadığını bildirib.
Nahid SALAYEV