1937-ci il təvəllüdlü ağsaqqal Quliyev Telman Bayram oğlu Gəncə hadisələrilə bağlı narahatlığını bildirən müraciətlə çıxış edib.
Onun redaksiyamıza göndərdiyi müraciət mətnində deyilir: “Son günlərdə Gəncə şəhərində baş vermiş xoşagəlməz hadisələr məni bir azərbaycanlı kimi çox narahat edib, buna görə də Dövlətimizə vətəndaş dəstəyi verməyi zəruri hesab edərək, Sizin qəzet vasitəsilə xalqımızın nümayəndələrinə müraciət etməyi qərara aldım. Bununla əlaqədar müraciətimi dərc etməyi Sizdən xahiş edirəm.
Azərbaycan və ondan kənarda yaşayan hörmətli həmvətənlərim! Tariximizi yada salaraq görmək olur ki, 1500-cu ildən bəri azərbaycanlıların dövlət qurmaq arzusu, nəhayət ki, 1993-cü ildə ümumilli liderimiz Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti nətəcəsində əbədiləşərək dönməz olmuşdur. Xalqımızın çoxəsirlik müstəqillik arzusu, nəhayət ki, reallaşmışdır. Allah bu işdə bizə yar olmuşdur. Son illər ərzində Azərbaycan Dövlətinin əldə etdiyi hərtərəfli nailiyyətlər, dinc dövlət quruculuğu bizi sevməyən və müstəqilliyimizi qəlbən qəbul etməyən qüvvələri açıq-aydın narahat etməklə yanaşı, ölkəmizdə təşəkkül tapmış əminamanlığı pozmaq üçün təxribatçı, təhrikçi və digər neqativ meylli qüvvələri öz ətrafında cəmləşdirməyə sövq edir. Əminəm ki, həmin qüvvələrin Dövlətçiliyimizə qarşı yönəlmiş bütün hərəkət və əməlləri uğursuzluqla nəticələnəcək və həmin qüvvələr buz kimi əriyəcəklər.
Əziz həmvətənlərim, analarımız, bacılarımız, atalarımız, qardaşlarımız, ziyalılarımız, din xadimlərimiz, alim və müəllimlərimiz, el ağsaqqalarımız, xaricdə yaşayan soydaşlarımız, gənclərimiz, iqtidar və müxalifət düşərgəsində olan bütün təbəqələrdən olan azərbaycanlılara müraciət edərək, hamını milli mənafelərimizi, Respublikada hökm sürən əminamanlığı qorumaq üçün Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin və konstitision orqanların ətrafında sıx birləşməyə, siyasi stabilliyi təmin etməyə çağırmağı özümə borc bilirəm.
500 illik mübarizədən sonra əldə etdiyimiz müstəqilliyimizi qorumaq üçün hamını yumruq kimi birləşməyə çağırıram.
Qoy uca Allah bizi qorusun”.