Mehman Muradlı: “Mən bu gücü şərtləndirən amil kimi dövlətçiliyə bağlılığı, zəngin ənənənin yaşadılmasını görürəm”
Məlum olduğu kimi, iyulun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında respublikanın hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə iclas keçirilib.
Prezident İlham Əliyev Gəncədə baş verən hadisələrin tez bir zamanda aradan qaldırılmasında hüquq-mühafizə orqanlarının fəaliyyətindən razılıq ifadə edib və deyib ki, bundan sonra da məlum hadisələrdə əli olan hər bir şəxs hüquq-mühafizə orqanlarının köməyi ilə məsuliyyətə cəlb ediləcək: “…Yəni bu cəhdlər əbəsdir. Bizim siyasətimizə, bizim iradəmizə şər qüvvələr heç cür təsir edə bilmir. Onların son addımları göstərir ki, terrordan başqa əllərində bir şey qalmayıb. Bu da keçməyəcək, necə ki, əvvəlki illərdə keçməyib. Azərbaycan dövləti bu dəfə də öz gücünü göstərib və göstərəcək. Bütün cinayətkarlar məsuliyyətə cəlb olunacaqlar, məhkəmə qarşısında, ədalət qarşısında, xalq qarşısında cavab verəcəklər. Bunu təmin etmək üçün bizim kifayət qədər gücümüz, imkanlarımız var. Cinayətlərdən sonra aparılan əməliyyat-axtarış tədbirləri onu göstərir ki, cinayətkarların bir hissəsi artıq saxlanıb. Operativ əməliyyat-axtarış tədbirləri davam etdiriləcək. Tam əminliklə deyə bilərəm ki, heç kim məsuliyyətdən boyun qaçıra bilməyəcək”.
Göründüyü kimi, cənab Prezident güc strukturlarını etibarlı güvənc yeri kimi bir daha cəmiyyətə təqdim etdi.
Doğrudan da, güc qurumları tez bir zamanda ölkədə stabilliyi təmin etməklə yanaşı, həm də cinayətdə əli olanları məsuliyyətə cəlb etməyi bacardılar. Bu cür ciddi uğurları əldə etmək üçün güc strukturlarının gücü nədədir?
Hüquqşünas Mehman Muradlı qəzetimizə açıqlamasında bildirdi ki, Azərbaycanın hüquq-mühafizə orqanlarının əldə etdiyi bu uğurun ilkin təməli mərhum Prezident Heydər Əliyev tərəfindən qoyulub: “Gəlin bir fakta diqqət edək, müstəqilliyin ilk illərində hüquq-mühafizə orqanlarının fəaliyyətində pərakəndəlik hökm sürürdü. Hətta faktlar var ki, bəzi adamlar həmin gücdən dövlətin maraqları üçün deyil, öz şəxsi mənfəətləri, rəqiblərini sıradan çıxarmaq üçün istifadə edirdi. Mərhum Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu sahədə ciddi struktur islahatları aparıldı. Azərbaycan hüquq-mühafizə orqanlarının başına əsl peşəkarlar gətirildi. Bu xüsusda mən daxili işlər naziri cənab Ramil Usubovun adını xüsusilə qeyd etmək istərdim. O, uzun illərdir DİN-ə rəhbərlik edir. Son hadisələr zamanı polisin nəyə qadir olduğu, hansı fədakarlığı göstərdiyi bir daha sübut olundu. Bununla yanaşı, mən digər güc nazirliklərinin rəhbərlərinin də əməyini xüsusi qiymətləndirmək istəyirəm. Bu cür prinsipial məsələlərdə hüquq-mühafizə orqanlarının birgə koordinasiyalı fəaliyyəti olmasa, ciddi uğurlara imza atmaq olmaz. Biz Azərbaycanda hər zaman bunu görürük. Azərbaycan hüquq-mühafizə orqanları sırasından şəhid olanların sayına baxsanız, deyilənlərə qətiyyən şübhə yeri qalmaz. Bizim hüquq-mühafizə qurumları daim dövlətçiliyin keşiyində durublar. Statistikaya baxsanız görərsiniz ki, Gəncə hadisələri onların ilk uğuru deyil. Prezident çox doğru olaraq qeyd etdi ki, onlar bir çox dövlət çevrilişlərinin, terror aktlarının qarşısını alıblar. Mən bu gücü şərtləndirən amil kimi dövlətçiliyə bağlılığı, zəngin ənənənin yaşadılmasını görürəm. Əminəm ki, hüquq-mühafizə orqanları bundan sonra da dövlətçiliyimizin keşiyində əzmlə, fədakarlıqla dayanacaqlar”.
Məhəmmədəli QƏRİBLİ