Əkbər Qoşalı: “Dövlət-xalq birliyi sarsılmazdır”
Bu il iyulun 3-də Gəncədə terrorçunun şəhərin mərkəzi meydanında İcra Hakimiyyəti başçısına və onun cangüdəninə öldürmək məqsədilə odlu silahdan atəş açması və bundan bir həftə sonra, iyulun 10-da yenə həmin şəhərdə kütləvi iğtişaş törədən radikal dini ekstremist qrup üzvlərinin küt alətlərlə yüksək rütbəli polis işçilərini qətlə yetirmələri bir daha bəzi bəd niyyətli qüvvələrin Azərbaycana qarşı olduqlarını göstərdi.
Bəd niyyətlərini gerçəkləşdirmək istəyənlər də məhz bu kimi çirkin metodlardan istifadə edirlər. Çünki belə metodlar onların murdar xislətinə xas olan üsuldur. Ona görə də sözügedən qüvvələr hər zaman belə üsullardan istifadə etməyə çalışırlar.
Ancaq müstəqillikdən keçən dövr ərzində güclənən Azərbaycan dövləti həmin ünsürlərin fəallaşmasına, qanunazidd fəaliyyətlərini genişləndirmək istəklərinə haqlı olaraq imkan vermədi. Sevindirici haldır ki, xalq bütün mənalarda Azərbaycan dövlətinin yanında oldu və bununla bağlı görülən müvafiq tədbirləri dəstəklədi. Bununla yanaşı, müşahidələr göstərir ki, son günlər pozucu radikal dindarlara qarşı hüquq-mühafizə orqanları təırəfindən aparılan işlər, onların həbs olunması cəmiyyətdə böyük ruh yüksəkliyi ilə qarşılanır. Cəmiyyət onların məsuliyyətə cəlb olunmasını, cəzalandırılmasını, bununla bağlı daha sərt tədbirlərin görülməsini istəyir.
Maraqlıdır, ümumən bunun səbəbi nə ilə bağlıdır?
Məsələyə münasibət bildirən Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə Heyətinin üzvü Əkbər Qoşalı bunu bir sıra amillərlə əlaqələndirdi. Onun sözlərinə görə, son günlər baş verən hadisələrdə xarici dayaqlarına arxalanan radikal ünsürlərin asayişi kobud şəkildə pozmaq cəhdi fiaskoya uğradı: “Vətəndaşlarımızın yetkin siyasi şüuru, vətənpərvərlik hiss və duyğuları, müstəqil dövlətçiliyə bağlılığı bir daha gücləndi. Normal mübarizə aparan insanın davası haqq işi uğrundadırsa, o zaman ona dayaq olan olur. Yoxsa, min bir çətinlik hesabına, şəhidlərimizin qanı, neçə cavan ömrün yarımçıq qalması bahasına əldə edilmiş müstəqilliyə, dövlətçiliyə, sabitliyə zərbə vurmaq istəyən yaramazlar bilməliydilər ki, bu xalq öz müstəqilliyinin keşiyində durmağı bacarır. Aydın məsələdir ki, radikalların məlum hərəkətinə ictimai dəstəkdən söhbət gedə bilməz. Görün nə qədər səbatsız, məntiqsiz ünsürlər var ki, qanunsuz işlərlə məşğul olub özlərini fəlakətə sürükləyirlər. Azərbaycan ictimaiyyəti dövlətin yanında olduğu üçün, radikal ünsürlərin qanunauyğun olaraq cəzalandırılmasını dəstəkləyir. Düşünürəm ki, istintaqın yekunu detalları üzə çıxaracaq. Qanunsuz qruplaşmalara üzv olan, bir sıra cinayətlərdə əli olanlar haqq etdikləri cəzaları alacaqlar. Əlbəttə, istintaqın rəsmi yekun nəticəsi açıqlanmadan, bizim dediklərimiz yalnız ilkin məhdud informasiyaya əsaslanır. Ancaq bir məsələ qətidir, dövlət-xalq birliyi sarsılmazdır. Xalq öz dövlətini yalnız sevmir, yalnız ondan nəsə gözləmir. Eyni zamanda, ona töhfə vermək istəyir. Necə deyərlər, dövlətimiz xalqımızı, xalq da müstəqil dövlətimizi qoruyur. Bax, bu, qürurverici səbəbdir. Azərbaycan Prezidentinin hüquq-mühafizə orqanları mənsubları ilə keçirdiyi müşavirədə dediyi kimi, ölkəmizdə din adına, dinə münasibətdə konkret və nümunəvi bir siyasət həyata keçirilir. İlahiyyətə xidmət edəcək institut yaradılıb. Hansı ki, başqa ali təhsil ocaqlarında da müvafiq ixtisaslar var idi, amma indi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəzdində belə bir ali məktəb yaradılıb. Belə olan halda, xarici qüvvələrin təsiri altında olmaq həmin insanlara fəlakət gətirir. Onlar indidən belə şeylərdən çəkinməlidirlər, yoxsa, dövlətin sərt üzünü görəndə gec olacaq”.
Vidadi ORDAHALLI