Fikrət Sadıqov: “NATO sammitində Azərbaycanın ərazi bütövlüyü xüsusi olaraq dəstəklənirsə...”
“Azərbaycanla NATO arasında güclü tərəfdaşlıq əlaqələri regional təhlükəsizlik və sabitlik məsələlərində mühüm rol oynayır”. Məlum olduğu kimi, bu sözləri Prezident İlham Əliyev NATO-nun Əfqanıstanda həyata keçirdiyi əməliyyata töhfə verən tərəfdaş ölkələrin dövlət və hökumət başçılarının və potensial əməliyyat tərəfdaşlarının iştirakı ilə Qətiyyətli Dəstək missiyası üzrə Şimali Atlantika Şurasının görüşündəki çıxışında deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycan Qətiyyətli Dəstək missiyasına nəqliyyat və logistik dəstək də göstərir. Ötən ilin oktyabr ayında Bakı-Tiflis-Qars dəmir yolunun istifadəyə verilməsi bu missiyaya tranzit dəstəyi göstərilməsinə xeyli dərəcədə kömək edib. Ölkə başçısı Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğunu bildirib.
Qeyd edək ki, Azərbaycan ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində dünya siyasətində fəal, konstruktiv iştirak edən ölkələrdən biridir. Azərbaycan üçün dünya ölkələrinin, xüsusilə hazırda qarşıdurma şəraitində olan Rusiya və NATO-nun beynəlxalq və regional məsələlər barədə ümumi razılığa gəlməsi həm də ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlar nəticəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin öz həllini tapacağına ümidverici ola bilər. Bu isə nəinki Cənubi Qafqazda, ümumilikdə bütün regionda və dünyada strateji sabitlik və təhlükəsizliyin bərqərar olması üçün olduqca vacibdir.
Azərbaycan Qoşulmama Hərəkatına üzv dövlət olduğu üçün, onun NATO-ya üzvlüyü hazırda müzakirə predmeti deyil. Eyni zamanda, ərazisində həll olunmamış münaqişə olan ölkələr NATO-ya üzv ola bilməz. Lakin ölkəmiz Alyansla geniş əməkdaşlıq əlaqələrinə malikdir. Azərbaycan bu gün həm də Əfqanıtanda yerləşən NATO qüvvələri üçün humanitar yüklərin daşınması və lojistik dəstək üçün əsas tranzit ölkələrdən biridir. Bütün bunların fonunda, Azərbaycanla NATO arasında güclü tərəfdaşlıq əlaqələri regional təhlükəsizlik məsələlərində mühüm rol oynayır.
Maraqlıdır, bəs ekspertlər bunu necə dəyərləndirirlər?
Məsələyə münasibət bildirən keçmiş diplomat, politoloq Fikrət Sadıqovun sözlərinə görə, Prezident İlham Əliyevin Azərbaycanla NATO arasında olan əməkdaşlığa verdiyi qiymət reallığı əks etdirir: “Məsələ ondadır ki, Azərbaycanla NATO arasında əlaqələr uzun illərdir davam edir. Müxtəlif layihələr çərçivəsində treninqlər, təlimlər və digər bu kimi tədbirlər keçirilir. Bizim NATO-da daimi nümayəndəliyimiz var və siyasi sahədə də yaxın əməkdaşlıq edirik. NATO sammitində Azərbaycanın ərazi bütövlüyü xüsusi olaraq dəstəklənirsə, bununla bağlı xüsusi deklarasiya qəbul olunursa, bu özü-özlüyündə o deməkdir ki, Alyans Azərbaycan maraqlarına uyğun siyasi addım atır. NATO Azərbaycanın bu regionda əhəmiyyətini, güclü oyunçu rolunu həm dərk, həm də qəbul edir. Eyni zamanda, bunu dəstəkləyir. Çünki Azərbaycan NATO-nun üzvü olmayaraq, həm də Alyansla tərəfdaşlıq çərçivəsində əməkdaşlıq edir. Bu həm Azərbaycanın, həm də NATO-nun maraqlarına cavab verən bir amildir. Çünki dünyanın aparıcı dövlətləri NATO-da cəmləşib. Bunu, əlbəttə ki, biz çox yüksək qiymətləndiririk. Həmçinin, müsbət bir amil kimi qiymətləndiririk. O baxımdan hesab edirəm ki, Azərbaycanla NATO arasında müxtəlif səviyyələrdə olan əlaqələr bundan sonra da inkişaf edəcək. Bu da regionda sabitliyə və təhlükəsizliyə öz müsbət töhfəsini verəcək. Ona görə də tərəflər arasında əlaqələrin inkişaf etməsinə müsbət yanaşıram”.
Vidadi ORDAHALLI