Nəzakət Məmmədova: “Erməni siyasi dairələrinin, Ermənistan cəmiyyətinin Azərbaycanın getdikcə artan diplomatik, hərbi, iqtisadi uğurları qarşısında narahatlığı özünü mətbuatda büruzə verir”
Məlum olduğu kimi, ötən həftə NATO və Avropa Birliyi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qərarlar qəbul etdilər. Qeyd edək ki, sözügedən təsisatlar analoji qərarları bundan əvvəl də veriblər. Amma tədbirlərdən əvvəl Ermənistanda tam başqa bir ab-hava hökm sürürdü.
Onlar Paşinyanın hakimiyyətə gəlişindən sonra məlum təsisatların bir qədər fərqli qərarlara imza atacağını gözləyirdilər. Son bir neçə gün ərzində Ermənistanın siyasi dairələrində və mətbuatında NATO və Avropa Birliyinin qəbul etdiyi qərarlarla bağlı ciddi narahatlıq yaşandığı nəzərə çarpır. Onların bu məyusluğu nə ilə izah edilə bilər?
Politoloq Nəzakət Məmədova qəzetimizə bildirdi ki, Avropa Birliyi və NATO əvvəlki illərdəki mövqelərini bir daha təkrarlayaraq qətiyyətlə Qafqaz ölkələrinin ərazi bütövlüyünü dəstəklədiklərini bir daha bəyan etdilər: “Avropa Birliyi bundan əvvəl baş tutan Şərq Tərəfdaşlığı sammitində də bu barədə müvafiq sənəd qəbul etmişdi, NATO isə artıq 12 ildir bu mövqeyində qalır. Təbii ki, Qafqaz ölkələri deyilsə də, ərazi itkisinə məruz qalan işğalçı Ermənistan yox, Azərbaycan və Gürcüstandır. NATO və AB-nin də dəstəyi məhz bu iki ölkəni nəzərdə tutur. Bu, Ermənistan siyasi dairələrini olduqca narahat edib və bu, həmin ölkənin mediasında, eləcə də Rusiyada fəaliyyət göstərən “Regnum” agentliyi kimi ermənipərəst saytlarda öz əksini tapıb. NATO və Avropa Birliyi Azərbaycana konstruktiv mövqeyinə, o cümlədən Avropanın enerji təhlükəsizliyində oynadığı rola görə və Əfqanıstanda yerləşən NATO qüvvələri üçün yüklərin çatdırılmasında alternativ tranzit roluna görə minnətdardırlar. Artıq Azərbaycan və AB "Tərəfdaşlıq prioritetləri" adlı sənədi paraflayıblar. Hazırda görünən odur ki, Ermənistan da artıq Azərbaycanın yolunu getməyə, balanslaşdırılmış siyasət yürütməyə çalışır. Lakin Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür, heç bir hərbi-siyasi blokun üzvü deyil. O daha çox qlobal enerji, nəqliyyat-kommunikasiya layihələrində iştirak etməyi öz xarici siyasət prioritetinə və inkişaf konsepsiyasına çevirib, Ermənistanı isə bütün bu layihələrdən təcrid edərək kənarda qoyub. Ermənistan isə daha çox hərbi bloklarda iştirak etməklə, xarici güc mərkəzlərinin himayəsinə sığınmaqla öz təhlükəsizliyini təmin etməyə çalışır. Görünməmiş bir haldır ki, bir dövlət iki əks, qarşıdurma şəraitində olan hərbi blokla yaxından əməkdaşlıq etsin. Belə ki, Ermənistan həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür, eyni zamanda NATO ilə yaxınlaşmağa can atır, həm Avrasiya İqtisadi Birliyinin üzvüdür, həm də Avropa Birliyi ilə tərəfdaşlıq sazişi imzalayıb, hakimiyyəti isə ABŞ-ın köməyilə çevriliş yolu ilə iqtidara gəlib. Bütün bu ziddiyyətlər Ermənistanı beynəlxalq münasibətər sistemində çıxılmaz vəziyyətdə qoyur. Paşinyanın danışıqları yeni formata keçirmək cəhdinin Avropa Birliyində narazılıqla qarşılanması və bunun xarici siyasət və təhlükəsizlik üzrə ali komissar F.Mogerini tərəfindən Paşinyanla görüşdə açıq şəkildə ifadə olunması, eləcə də Azərbaycanın ərazi bütövlüyünə dəstəyin bir daha ifadə olunması, Azərbaycanla tərəfdaşlığın prioritetlərinin təsbit edilməsi və bu barədə sənədin paraflanması, Avropanın enerji təhlükəsizliyində, xüsusilə TANAP-a görə ölkə başçısı İlham Əliyevə minnətdarlıq, Əfqanıstandakı NATO sülhməramlıları üçün yüklərin daşınmasında tranzit roluna görə Azərbaycanın NATO və AB ilə yüksək səviyyəli münasibətlərinin təqdir edilməsi Ermənistanı ciddi narahat edir. Hazırda qeyri-müəyyənlik içərisində olan, geosiyasi nəhənglərin savaş poliqonuna çevrilmiş Ermənistanda artıq “məxməri inqilab” eyforiyasının yox olduğu və reallıqların daha aydın dərk edildiyi müşahidə olunur ki, bu da ilk növbədə cəmiyyətin güzgüsü hesab olunan mediada təzahür edir. Erməni siyasi dairələrinin, Ermənistan cəmiyyətinin Azərbaycanın getdikcə artan diplomatik, hərbi, iqtisadi uğurları qarşısında narahatlığı özünü mətbuatda büruzə verir və yəqin ki, gələcəkdə biz bu narahatlığı getdikcə daha artan şəkildə müşahidə edəcəyik”.
Məhəmmədəli QƏRİBLİ