Qabil Hüseynli: “Mediaya rəsmi qurumlar tərəfindən təqdim olunan informasiyalar da istintaqın gedişi zamanı əldə edilib”
Gəncədə baş verən silsilə hadisələr və onlarla bağlı aparılan cinayət işləri nəticəsində ortaya çıxan detallar bu planın birbaşa Azərbaycan dövlətçiliyinə qarşı yönəlmiş olduğunu aydın şəkildə büruzə verir.
Yayılan rəsmi məlumatlardan da görünür ki, cinayətlərin törədilməsində xarici faktor izi danılmazdır. Ortaya konkret dəlil və sübutlar qoyulur. Həmin təkzibedilməz faktlarda ölkəmizlə qonşu olan ölkələrlə əlaqəli olan detallar aydın nəzərə çarpır. Bilirik ki, Ermənistan istisna olmaqla, Azərbaycanın bütün qonşuları ilə yaxın münasibətləri var və dövlətimiz bu siyasətin davamında maraqlı olduğunu daim bəyan edib. Bu baxımdan da Gəncə hadisələri ilə bağlı müəyyən izlərin qonşu dövlətlərə aparıb çıxarması heç də sözügedən qonşu ölkələrin rəsmi mövqeyi kimi səciyyələndirilə bilməz. Ancaq düşünürük ki, həmin ölkələrin özləri bu məsələnin araşdırılmasında maraqlı olmalıdırlar. Artıq bir qonşumuz baş verən hadisələrlə bağlı rəsmi mövqeyini açıqlayıb. İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi keçirdiyi mətbuat konfransında Gəncə icra başçısına qarşı terror edən şəxsin İranda yetişdirilməsi ilə bağlı xəbərlərə münasibət bildirərkən deyib ki, İran İslam Respublikası zorakılığı həmişə pisləyir, biz bu hərəkəti qınayırıq və ümid edirik ki, onun səhhəti tezliklə yaxşılaşacaq: "Ümid edirik ki, dünyada, xüsusən də qonşu ölkələrdə belə hadisələrin baş verəcəyini müşahidə etməyəcəyik. Biz qonşu ölkələrin sülh və sabitlik şəraitində inkişaf etməsində maraqlıyıq. Düşünürük ki, qonşu ölkələrin sabitliyi bütün regionun sabitliyidir. Bu hadisəni pisləyirik və bildiririk ki, son həftələr ərzində İran İslam Respublikası əleyhinə müəyyən mərkəzlər tərəfindən hesablanmış, konkret psixoloji müharibə başladılıb. Hazırlıq işləri görərək, yalan xəbərlər quraraq İslam Respublikası əleyhinə müxtəlif ittihamlar irəli sürürlər. Dostlarımızdan istəyimiz budur ki, İranın düşmənlərinin psixoloji müharibəsinə diqqət yetirsinlər və ayıq olsunlar”.
Baş vermiş hadisələrlə bağlı İranın səsləndirdiyi rəsmi mövqeyi necə dəyərləndirmək olar?
Politoloq Qabil Hüseynli qəzetimizə bildirdi ki, İranın bu məsələyə rəsmi şəlkildə münasibət bildirməsi normal və yerində atılan addımdır: “Bilirsiniz ki, bizim İranla çox yaxın münasibətlərimiz mövcuddur. İndiyə qədər Gəncə hadisələri ilə bağlı səslənən rəsmi məlumatların heç birində rəsmi İran dövləti ittiham edilmir. Buna xüsusi fikir vermək lazımdır. İran rəsmisi yayılan məlumatları ölkəsinə qarşı psixoloji müharibənin tərkib elementi adlandırıb. Onun diqqətinə çatdırmaq lazımdır ki, Azərbaycanın İranla heç bir düşmənçiliyi yoxdur və belə bir psixoloji müharibənin aparılmasına zərurət görmür. Gəncə hadisələri ilə bağlı zəruri istintaq hərəkətləri aparılır. Mediaya rəsmi qurumlar tərəfindən təqdim olunan informasiyalar da istintaqın gedişi zamanı əldə edilib. İfadələrdən bəlli olub ki, İran ərazisində yaşayan və əslən Azərbaycandan olan bir nəfər Gəncə hadisələrində əli olan şəxsləri Quma dəvət edib, oradan da Suriya ərazisindəki müharibəyə göndərib. Bizim rəsmi qurumlar bu cür ciddi faktları ictimaiyyətə təqdim etməlidirlər. Əslində, bu təqdimat İranın özü üçün də faydalıdır. İndi iş onların üzərinə düşür ki, öz ərazilərində baş verən hadisə ilə bağlı səslənən fikirlər üzrə araşdırma aparsınlar. Biz bu faktları kimlərləsə düşmənçilik apardığımız və ya kimlərinsə xoşlarına gəlmək üçün ictimailəşdirmirik. Bu bizim təhlükəsizliyimiz üçün önəmli olan məsələdir və faktla bağlı zəruri sayılan məlumatlar bundan sonra da ictimaiyyətin diqqətinə çatdırılmalıdır”.
Məhəmmədəli QƏRİBLİ