Azərbaycan Prezidenti İlham Əliyev yaxın zamanda Fransaya səfər edəcək. Trend-in məlumatına görə, bu barədə Fransanın Azərbaycandakı səfəri Orelia Buşez Fransanın milli bayramı - Bastiliyanın alınması gününə həsr olunmuş tədbirdə deyib.
O.Buşez qeyd edib ki, səfər zamanı Prezident İlham Əliyev Fransa Prezidenti Emmanuel Makron ilə ilk rəsmi görüş keçirəcək: "Bu səfər bizim tərəfdaşlığımızın keyfiyyətini, ikitərəfli siyasi münasibətlərin gücünü və Fransanın ATƏT-in Minsk Qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində fəal iştirakını göstrəcək".
Səfir qeyd edib ki, bu səfər iki ölkə arasında iqtisadi əməkdaşlığın gücləndirilməsinə təkan verəcək.
Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev öz növbəsində bildirib ki, Prezident İlham Əliyevin Fransaya səfəri zamanı müzakirə mövzularından biri, gözlənildiyi kimi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi olacaq.
Nazir müavini qeyd edib ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi, Avropada və dünyada liderlik edən ölkədir: "Gözləyirik ki, Ermənistanla Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar ədalətli və beynəlxalq hüquq prinsiplərinə riayət edilməklə keçiriləcək".
Xarici işlər nazirinin müavini Azərbaycanın öz ixrac potensialının genişlənməsində Fransa təcrübəsindən istifadə etməkdə maraqlı olduğunu da deyib. Nazir müavini qeyd edib ki, Fransa Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub: "İki ölkə arasında əməkdaşlıq diplomatik münasibətlərin yarandığı gündən dinamik inkişaf edib. Düşünürəm ki, əməkdaşlığımızın daha da genişlənməsi üçün böyük potensial var".
M.Məmməd-Quliyev bildirib ki, Azərbaycan qeyri-neft sektorunun inkişafında da Fransanın təcrübəsindən istifadə etməkdə maraqlıdır.
Fransanın Azərbaycandakı səfiri Orelia Buşez öz növbəsində qeyd edib ki, 2018 il Fransa ilə Azərbaycan münasibətlərdə xüsusi bir ildir: "Bu il Fransanın xarici işlər naziri Le Drian Azərbaycan Xalq Cumhurriyətinin yaranmasının 100 illiyi ilə bağlı Azərbaycana ilk səfərini edib. Bundan sonra, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Fransaya səfər edib".