Ermənistanda Nikol Paşinyanın “küçə inqilabı” vasitəsilə hakimiyyətə gəlməsi fonunda düşmən ölkədə yaranan eyforiya getdikcə səngiməkdə, baş verənlərin ölkə üçün əslində müsbət heç nə vəd etmədiyinə dair verilən proqnozlar özünü doğrultmaqdadır. Məsələ burasındadır ki, Nikol Paşinyanın istər daxili, istərsə də xarici siyasətdə çox naşı bir mövqe nümayiş etdirməsi özünü kifayət qədər qabarıq formada büruzə verməkdədir. Bu hal isə Dağlıq Qarabağ münaqişəsinə də təsirsiz ötüşmür. Söhbət ondan gedir ki, məhz Paşinyanın hakimiyyətə gəlişi ilə Ermənistan artıq Rusiyanın dəstəyini daha sürətlə itirir.
Ölkə daxilində baş verənlər öz növbəsində erməni cəmiyyətini daha zəif hala gətirir və Qarabağ məsələsində burada getdikcə qabarıq bir parçalanma müşahidə olunur. İndi Ermənistanın əksər ekspertləri hesab edirlər ki, cəmiyyət “klan prinsipi” üzrə parçalanır. Bu proses təhlükəli miqyas alıb və situasiya tam nəzarətdən çıxa bilər. Vəziyyət getdikcə bütün sahələrdə daha da kriminallaşır. Buna paralel olaraq, siyasi dairələr repressiyaya məruz qalır və hətta əsrlərlə siyasətlə iç-içə olan kilsə ilə hakimiyyət arasında ziddiyyət dərinləşir. Hadisələrin bu səpkidə inkişafını şərtləndirən başlıca faktor isə məhz Paşinyan iqtidarı və onun gedişləridir. Çünki bu iqtidar ölkədə siyasi qarşıdurmanın əsasını qoyub. Eyni şeyləri xarici siyast barədə də demək olar. Məhz xarici siyasət sahəsində Ermənistanda getdikcə daha ağrılı bir durumun yarandığı özünü göstərir və bu, Paşinyanın Brüssel səfəri fonunda özünü daha aydın göstərdi.
Məsələ burasındadır ki, Rusiyadan üz döndərməklə Paşinyan Qərbin onu bağrına basıb hər deydiyinə hə cavabı verəcəyini gözləsə də, tamam başqa mənzərə ilə üzləşdi. Məsələn, hələ hakimiyyətə yeni gəldiyində ölkədə yeni seçkilər keçirmək üçün Avropadan maliyyə yardımı istəsə də, burada Paşinyana, necə deyərlər, qapının dalını göstərdilər. Eyni mənzərə ilə Paşinyan Brüssel səfərində də üzləşdi. Paşinyan burada Ermənistana demokratiya gətirən şəxs kimi böyük izzət və ehtiramla qarşılanacağını gözləsə də, tamam fərqli proseslər baş verdi. Onun Brüsseldə görüşdüyü ən yüksək ranqlı məmur Avropa İttifaqının xarici siyasət və təhlükəszilik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini oldu. Daha Paşinyan və onu səfərdə təmsil edən komanda üzvlərindən kimsə Avropa İttifaqının hansısa yüksək təmsilçisi ilə görüş imkanı qazanmadı. Daha doğrusu, onları saya salıb qəbul edən olmadı. Bu fonda Avropadan ölkəyə vəd olunan böyük investisiya axını ilə bağlı da hansısa yenilik olmadı. Əksinə, Brüsseldə Paşinyana Qarabağ məsələsinə dair, belə demək olarsa, bir qulaqburması da verildi. Məsələn, Avropa İttifaqı bildirdi ki, tərəflərin Minsk Qrupu həmsədrlərinin himayəsilə danışıqlar prosesində ilkin şərtlər olmadan tam şəkildə iştirak etmələri olduqca vacibdir. Bununla qurum Dağlıq Qarabağ danışıqlarında Ermənistanın separatçı rejimi daxil etmək istəyinə qarşı olduğunu göstərdi. Beləliklə, Federika Moqerini ilə görüşündə Ermənistandan gəlmiş qonaq gözlənilmədən Brüsselin soyuq duşuna məruz qaldı. Bunlar Brüsselin diplomatik məsələlərdə hələ kifayət qədər təcrübəsi olmayan Nikol Paşinyana açıq mesajı və uşaqcasına “Qarabağ hakimiyyəti adından və onun əvəzinə” danışıqlar aparılmayacağı ilə hədələyən Ermənistanın baş nazirinə cəfəngiyyatla məşğul olmamaqla bağlı məsləhəti sayıla bilər. Eyni zamanda Avropa İttifaqı və Azərbaycan arasında imzalanan Tərəfdaşlıq Prioritetləri Sənədində Avropa İttifaqı tərəfindən növbəti dəfə Azərbaycanın ərazi bütövlüyü, suverenliyinə dəstək ifadə olundu. NATO-ya üzv ölkələrin liderlərinin Brüsseldəki sammitinin yekunlarına dair bəyənnaməsində yer alanlar da Ermənistan üçün daha bir diplomatik zərbə oldu. Burada da Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olundu. Belə vəziyyət Paşinyanın əslində Brüsseldə böyük uğursuzluğa düçar olduğunu qabarıq şəkildə meydana qoydu. Ümuiyyətlə, görünən odur ki, indiki mərhələdə Ermənistan iqtisadi, siyasi, geosiyasi və hərbi sferalarda çox çətin duruma düşüb. Hər tərəfdə yaranmış problemlərin altında əzilən ölkənin hansısa çıxış yolu tapacağı məlum deyil.
Bütün bunların fonunda Azərbaycanın Brüsselə səfərindən hansı nəticələr əldə etməsi xüsusi maraq doğurur. Əvvəla, qeyd edək ki, erməni tərəfindən fərqli olaraq, Azərbaycan rəhbərliyi Brüsseldə çox yüksək səviyyədə qarşılandı. Burada Prezident İlham Əliyev ilk olaraq Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla görüşdü. Azərbaycanla Avropa İttifaqı arasında siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə uğurlu əməkdaşlığın həyata keçirilməsi xüsusi diqqətə çatdırıldı. Ən önəmli məqam isə Azərbaycanla Avropa İttifaqı arasında Tərəfdaşlıq Prioritetləri Sənədi oldu. Sənədin birinci bəndində qeyd edildiyi kimi, əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə qarşılıqlı maraq və birgə dəyərlərə əsaslanaraq Azərbaycan və Avropa İttifaqı tərəfindən birgə tərəfdaşlıq prioritetləri razılaşdırılıb. Eyni zamanda, birinci bənddə hər iki tərəfin ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi ilə yanaşı, dövlətlərin beynəlxalq sərhədlərin toxunulmazlığının dəstəklənməsinə sadiqliyi ifadə olunur. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycana münasibətdə Avropa İttifaqı ilk dəfə olaraq qəbul etdiyi sənəddə ərazi bütövlüyünün toxunulmazılığının vacibliyini rəsmən bəyan edir və bunu konkret sənəddə əks etdirir. Məhz bu amil Azərbaycanın Brüsseldə əldə etdiyi ən böyük nailiyyət sayılır. Digər tərəfdən, Ermənistandan fərqli olaraq, Avropa İttifaqı başqa müstəvilər, o cümlədən iqtisadi sahədə Azərbaycanla əməkdaşlığı genişləndirməyə hazır olduğunu bəyan edir. Rəsmən bildirilir ki, Azərbaycanın əlverişli geostrateji mövqeyə malik olması, ölkəmizin “Şərq-Qərb“ və “Şimal-Cənub“ nəqliyyat və enerji layihələrinin həyata keçirilməsinə verdiyi töhfə Avropa İttifaqı tərəfindən yüksək qarşılanır. Eyni zamanda, “Cənub Qaz Dəhlizi” layihəsinin tezliklə tam yekunlaşmasının və bunun nəticəsində Avropa bazarlarına təbii qazın çatdırılmasının əsas prioritetlər sırasında olduğu bildirilir. Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafına verdiyi töhfənin əhəmiyyəti və bu sahədə Avropa İttifaqının Azərbaycanla əməkdaşlığa xüsusi marağı olduğu da xüsusi diqqətə çatdırılır. Bütün bunlar əslində, Avropa İttifaqını Bakı və İrəvana hansı münasibətdə olduğunu da aydın göstərir.
O da məlumdur ki, Brüsseldə NATO-nun Əfqanıstanda həyata keçirdiyi əməliyyata töhfə verən tərəfdaş ölkələrin dövlət və hökumət başçılarının və potensial əməliyyat tərəfdaşlarının iştirakı ilə Qətiyyətli Dəstək missiyası üzrə Şimali Atlantika Şurasının görüşü olub. Burada Azərbaycanın oynadığı rol kifayət qədər yüksək qiymətləndirilib. Diqqətə çatdırılıb ki, Azərbaycanla NATO arasında güclü tərəfdaşlıq əlaqələri regional təhlükəsizlik və sabitlik məsələlərində mühüm rol oynayır. 2002-ci ildən başlayaraq Azərbaycan sülhməramlıları NATO hərbçiləri ilə Əfqanıstanda çiyin-çiyinə xidmət edir. 2018-ci ilin yanvar ayından Azərbaycan Qətiyyətli Dəstək missiyasındakı hərbçilərinin sayını 30 faiz artıraraq 120 nəfərə çatdırıb. Azərbaycan bir neçə dəfə Əfqanıstan Milli Ordusu üçün Etimad Fonduna maliyyə dəstəyi göstərib. Azərbaycan Qətiyyətli Dəstək missiyasına nəqliyyat və logistik dəstək də göstərir. Ötən ilin oktyabr ayında Bakı-Tiflis-Qars dəmir yolunun istifadəyə verilməsi bu missiyaya tranzit dəstəyi göstərilməsinə böyük dərəcədə kömək edib. Tədbirdə çıxış edən Prezident İlham Əliyev bildirib ki, Ermənistanın təcavüzündən əziyyət çəkən və bu təcavüz nəticəsində beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizi işğal olunmuş, bir milyon soydaşına qarşı məlum acınacaqlı etnik təmizləmə törədilmiş Azərbaycan işğalın və dağıntının iqtisadi və humanitar nəticələrini yaxşı anlayır: “Azərbaycan NATO və bu təşkilatın üzv dövlətləri tərəfindən ölkəmizin siyasi müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və Ermənistanla münaqişənin bu prinsiplərə əsaslanan həllinə verdiyi davamlı dəstəyi yüksək qiymətləndirir. Azərbaycan Əfqanıstanın üzləşdiyi təhlükəsizlik təhdidlərinin aradan qaldırması, ölkədə sülh və inkişafın əldə edilməsi işinə köməyini bundan sonra da davam etdirəcək”. Qeyd edək ki, Azərbaycanın Əfqanıstan məsələsində rolu NATO ölkələri tərəfindən yüksək qarşılanıb. Eyni zamanda NATO ölkələri növbəti dəfə Azərbaycannın ərzai bütövlüyünə dəstək ifadə edib. Bu isə erməni tərəfinə ciddi zərbə olub. Yuxarıda qeyd olunduğu kimi, erməni tərəfi burada hansısa yüksəksəviyyəli görüş də keçirə bilməyib. Halbuki, Azərbaycanla bu məsələdə vəziyyət tam fərqli oldu. İlham Əliyevlə yanaşı, Brüsselə gedən digər Azərbaycan rəsmilərinin də çoxsaylı vacib görüşləri baş tutub. Məsələn, NATO-nun zirvə toplantısı çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov və müdafiə naziri Zakir Həsənov ABŞ-ın dövlət katibi Mayk Pompeo və müdafiə naziri Ceyms Mattislə görüşüblər. Görüşdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Uess Mitçel, Milli Təhlükəsizlik Şurasında baş direktor Fiona Hill, Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov və NATO yanında nümayəndəliyinin başçısı vəzifəsini icra edən Qaya Məmmədov iştirak edib.
Söhbət əsnasında regional məsələlərə dair fikir mübadiləsi aparılıb və ABŞ tərəfi NATO-nun Əfqanıstanda Qətiyyətli Dəstək missiyasına və terrorizmə qarşı mübarizədə göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib. Elmar Məmmədyarov və Zakir Həsənov ABŞ-dan olan həmkarlarını Azərbaycana səfərə dəvət edib və onlar dəvəti məmnuniyyətlə qəbul ediblər. Bu və digər faktlar isə Azərbaycanla Ermənistanın Brüsseldə əldə etdiklərinin çox fərqli olduğunu, Bakının İrəvan üzərində yeni diplomatik qələbə qazandığını göstərir. Azərbaycan beynəlxalq ictimaiyyətlə birlikdə Ermənistanın hərbi təcavüzünə son qoyulması, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında ədalətli şəkildə həll edilməsi və regionda davamlı sülhün təmin olunması istiqamətində səylərini davam etdirdiyi halda İrəvan əks gedişlər etməyə cəhd göstərir. Bakının mövqeyinə əsasən, Ermənistan rəhbərliyi başa düşməlidir ki, güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi və ya ərazi əldə edilməsi cəhdləri qəbuledilməzdir. Bu, Brüsseldə qəbul olunan bütün sənədlərdə də əksini tapdı. Bildirildi ki, Ermənistan beynəlxalq öhdəliklərinə əməl etməli, Azərbaycanın işğal olunmuş ərazilərindən qoşunlarını çıxarmalı və etnik təmizləməyə məruz qalmış azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmaq hüququnun həyata keçirilməsinə mane olmamalıdır. Elə belə vəziyyət də Brüsseldə Azərbaycanın mühüm uğurlara imza atdığını təsdiqlədi.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.