Beynəlxalq müstəvidə Dağlıq Qarabağ münaqişəsinə yanaşmada bu gün Azərbaycanın istədiyi hüquqi mənzərənin formalaşması birmənalı həqiqətdir və belə vəziyyət Ermənistana kifayət qədər böyük zərbə sayılır. Söhbət ondan gedir ki, müxtəlif təşkilat və dövlətlərin qəbul etdikləri sənədlərdə, qərarlarda, qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü birmənalı şəkildə tanınır.
Bütün bunlar, təbii ki, Azərbaycanın diplomatik uğuru, dünya ictimaiyyətində artan nüfuzunun real göstəricisidir. Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu məsələyə Prezident İlham Əliyev də xüsusi toxunaraq, ölkəmizə beynəlxalq dəsətyin artdığını vurğuladı. Dağlıq Qarabağ münaqişəsinin həll yollarına toxunan dövlət başçısı bu xüsusda bildirdi: “Münaqişənin həllinə gəldikdə, bunun bir yolu var: işğalçı qüvvələr işğal edilmiş torpaqlardan çıxarılmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra olunmalıdır. Bu qətnamələr qüvvədədir və bu qətnamələrdə açıq-aydın göstərilib ki, - əgər kimsə bunu unudubsa, xatırlada bilərəm, - erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Bu qətnamələr qüvvədədir və qüvvədə olacaq. Ona görə bu münaqişənin həlli bu qətnamələrin icrasından asılıdır və əlbəttə ki, Azərbaycan öz prinsipial siyasətini aparacaq. Qeyd etdiyim kimi, beynəlxalq əlaqələrimiz möhkəmlənir, Azərbaycanın ərazi bütövlüyünə dəstək artır. Demək olar ki, bir çox ölkələrlə imzaladığımız sazişlərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunması tezisi öz əksini tapır. Əməkdaşlıq etdiyimiz beynəlxalq təşkilatlarla da təmaslar əsnasında daim bu mövzu qaldırılır və bizim siyasətimiz böyük dəstək alır. Dağlıq Qarabağ bizim əzəli tarixi torpağımızdır və biz ərazi bütövlüyümüzü bərpa etməliyik. Bu istiqamətdə çox böyük işlər görülüb”.
Qarabağ məsələsində Azərbaycana beynəlxalq dəstəyin artmasına Brüsseldə Avropa İttifaqı və NATO çərçəivəsində keçrilən görüşlər də təsdiqlədi. Yeri gəlmişkən qeyd edək ki, elə Brüsseldə Azərbaycanın və Ermənistan rəsmilərinin görüşü də baş tutub. Belə ki, Brüsseldə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə ilk görüşü keçirilib. Görüş 4 saata yaxın müddət ərzində davam edib. Bundan əvvəl xarici işlər naziri Elmar Məmmədyarovla həmsədrlər arasında ayrıca görüş keçirilib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, görüş əsnasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi ətraflı müzakirə olunub və mövcud danışıqlar formatının davam etdirilməsi qeyd edilib. Həmçinin danışıqlar prosesinin irəli aparılması üçün növbəti addımlara və həmsədrlərinin fəaliyyət planlarına dair fikir mübadiləsi aparılıb. Ekspertlər müəyyən parametrlər baxımından görüş və əldə olunan razılığı mühüm sayır. İlk növbədə o baxımdan ki, görüşdə mövcud danışıqlar formatının davam etdirilməsinin vacibliyi qeyd edilib. Bu isə o deməkdir ki, İrəvan Qarabağ danışıqlarında Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan separatçı rejimin də iştirak etməsinə dair əsassız tələbindən əl çəkib. Aydındır ki, bu da Azərbaycanın düşmən üzərində yeni diplomatik üstünlük əldə etməsi deməkdir. Amma Brüsseldə erməni tərəfinə vurulan zərbə bununla bitmir. Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəszilik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini Brüsseldə Ermənistanın baş anziri Nikol Paşinyanla keçirdiyi görüşdə Dağlıq Qarabağ münaqişəsinə dair maraqlı fikirlər sələndirib. Onun sözlərinə görə, Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına güclü dəstək verəcəyini bir daha təsdiq edir: “Bu kontekstdə tərəflərin Minsk Qrupu həmsədrlərinin himayəsilə danışıqlar prosesində ilkin şərtlər olmadan tam şəkildə iştirak etmələri olduqca vacibdir”. Deməli, Avropa İttifaqı da Dağlıq Qarabağ məsəəlsində Ermənistanın hansısa şərt irəli sürməsiən qarşıdır. Digər önəmli məqam Prezident İlham Əliyevin Brüsselə işgüzar səfəri fonunda Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla görüşü və Avropa İttifaqı və Azərbaycan arasında Tərəfdaşlıq Prioritetləri Sənədidir. Sənəd birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü ehtiva edir. Xarici İşlər Nazirliyinin bu xüsusda yaydığı bəyanatda deyilir ki, İlham Əliyevin səfəri çərçivəsində dövlət başçısı Avropa İttifaqı Şurasının mənzil-qərargahında Aİ Şurasının prezidenti Donald Tuskla görüşüb və görüş əsnasında hərtərəfli əməkdaşlığın inkişafına dair geniş fikir mübadiləsi aparılıb: "Prezident İlham Əliyev və prezident Donald Tuskun müşayiəti altında Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi, Aİ Komissiyasının vitse-prezidenti Federika Mogerini tərəfindən Avropa İttifaqı və Azərbaycan arasında Tərəfdaşlıq Prioritetləri Sənədi paraflanıb. Tərəfdaşlıq Prioritetləri sənədində qeyd olunduğu kimi, Avropa İttifaqı tərəfindən növbəti dəfə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, o cümlədən sərhədlərinin toxunulmazlığına hörmət və dəstəyin ifadə olunmasını təqdir edirik. Beynəlxalq hüququn norma və prinsipləri, Helsinki Yekun Aktı əsasında dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına hörmət edilməsi və dəstək beynəlxalq münasibətlərin əsasını təşkil edir, davamlı sülh və təhlükəsizliyi şərtləndirən vacib amildir". Beləliklə, aydın görünür ki, Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə tanıyır. NATO-ya üzv ölkələrin liderlərinin Brüsseldəki sammitinin yekunlarına dair bəyənnaməsində səslənən fikirlər də Ermənistan üçün zərbə sayılır. Bəyənnamədə qeyd olunur: "Biz Azərbaycan, Gürcüstan, Ermənistan və Moldova Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə dəstəyimizə sadiqliyimizi bir daha vurğulayırıq". Qeyd olunur ki, NATO bütün tərəfdaşlarının heç bir təzyiq və məcburiyyət olmadan öz xarici siyasət kurslarını, həmçinin təhlükəsizlik siyasətində müstəqil və suveren qərarlar vermək hüququnu dəstəkləyir: "Bu kontekstdə biz Cənubi Qafqazda, həmçinin, Moldova Respublikasında münaqişələrin beynəlxalq hüququn prinsip və normaları, BMT nizamnaməsi və Helsinki Yekun Aktı əsasında dinc yolla həllinə istiqamətlənən səyləri dəstəkləməyə davam edirik. Biz tərəfləri münaqişələrin sülh yolu ilə həlli üçün gücləndirilmiş siyasi iradə göstərərək konstruktiv şəkildə işləməyə çağırırıq". Beləliklə, Qərb birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüynə dəstək verir. Eyni mövqe Qafqazda güclü təsir imkanlarına malik Rusiya təərfindən də sərgilənir. Bunu “KavkazPlus” saytında məşhur rusiyalı jurnalist Maksim Şevçenkonun fikirlərinə istinadən yer alan məqamlar da təsdiqləyir.
Xatırladaq ki, Maksim Şevçenko rusiyalı siyasətçilər və ictimai xadimlərdən ibarət nümayəndə heyətinin tərkibində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində təşkil edilmiş konfransda iştirak etmişdi. Burada qeyd olunan fikirlərində Maksim Şevçenko birmənalı şəkildə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı faktını vurğulayıb: “Biz işğal edilmiş rayonlara gedirdik. Bütün beynəlxalq hüquq normalarına görə, Füzuli, Laçın, Cəbrayıl, Ağdam və başqa bu kimi rayonlar Azərbaycan Respublikasının ərazisidir və erməni silahlı qruplaşmaları tərəfindən Rusiyadakı Yeltsin rejiminin dəstəyi ilə 1990-cı ilin əvvəllərində işğal olunub. Ermənilərdən kim deyə bilər ki, bu belə deyil, bu Ermənistan ərazisidir? Mən qeydləri oxuyuram ki, “buralar bizim qədim torpaqlarımızdır, biz orada həmişə yaşamışıq” – bilirsinizmi, bu söhbətləri bir kənara qoymaq lazımdır. Erməni qoşunları Azərbaycanın işğal edilmiş rayonlarından çıxmalı və oraya təxminən 1 milyon nəfərə yaxın azərbaycanlı qayıtmalıdır. Bundan sonra Bakı Dağlıq Qarabağa azərbaycanlı qaçqınların qayıtması şərtilə Dağlıq Qarabağın statusunu müzakirə etməyə razıdır”. Rusiyalı analitik daha sonra qeyd edir ki, hakimiyyətdən uzaqlaşdırılmış keçmiş prezident Serj Sarkisyanla bu ərazilərin işğaldan azad olunması ilə bağlı razılıq əldə edilmişdi, lakin erməni “maydan”ı bu razılaşmanın həyata keçirilməsinə imkan yaratmadı. O da qeyd olunur ki, Ermənistandakı faktiki dövlət çevrilişindən sonra Rusiya buraya hər cür yardımı dayandırarsa, bu, ölkədə yalnız ABŞ-ın nüfuzunu artırar. “KavkazPlus” hesab edir ki, Amerika artıq Ermənistanı özünə tabe edib. “Bundan əlavə, onlar Rusiyada yaşayan erməni diasporunun timsalında Rusiyaya düşmən mövqeyində dayanan “beşinci kolon” əldə ediblər. O da aydın məsələdir ki. bundan sonra Sarkisyan və tərəfdarları işğaldan azad olunma ilə bağlı sazişin mövcudluğunu inkar edəcək. Onları anlamaq olar. Çünki bu onlar üçün ölüm hökmünə bərabərdir. Onsuz da hazırda Sarkisyanın ailə üzvlərinə qarşı “ov” başlayıb. Belə bir fakt da meydana çıxsa, “xainlər”lə hesablaşma qaçılmazdır. Erməni siyasətçilər qonşuları ilə barışıq istiqamətində düşünülmüş addımlar atmağa hazırlaşan kimi onları ya fiziki olaraq məhv edirlər, ya da hakimiyyətdən uzaqlaşdırırlar. Özü-özlüyündə Ermənistan təbiətinə görə terrorçu dövlətdir. O, terrorçu daşnaklar tərəfindən yaradılıb, terrorçular tərəfindən idarə olunub, hazırda fakt üzrə orada hakimiyyətdə olanlar terrorçudur. Onlar sahiblərini dəyişiblər, hazırda tamamilə Amerikanın oyuncaqlarıdır, lakin bununla belə terrorçu mahiyyətləri dəyişilməyib”.
Digər rusiyalı yazıçı Zaxar Prilepin də eyni mövqeni bölşür: “Baxın, Ermənistanda indi çevirilişdi, gəlin Ermənistanla bağlı qərar verək. Nə qərar verək? Ermənistan Rusiya ilə ticarət balansını aparan ölkələr sırasında 35-cidir, o bizə lazım deyil. Hərbi bazalara getmək olmur. Ermənilərin hamısı Rusiyada yaşayır, ümumiyyətlə orada onların az bir qismi yaşayır. Tarixən Rusiya Qafqaz, Mərkəzi Asiya, Şərqi Avropada əsas oyunçu hesab edilir və bu regionların ölkələri ya Rusiya ilə hesablaşır, ya da okeanın o biri tayından özlərinə tərəfdaş tapırlar. Ermənistan indi özünə okeanın o tayından müttəfiq tapıb və bu vəziyyətdə Rusiya bu ölkə ilə münaisbətlərini nəzərdən keçirməli, Azərbaycanla əlaqələri möhkəmləndirməlidir”. Beləliklə, qeyd edilənlərdən göründüyü kimi, həm Qərbdə, həm də Rusiyada Qarabağ məsələsinə Azərbaycanın istədiyi baxış mövcuddur və bu hal Ermənistan üzərinə əlavə diplomatik təzyiqlərə imkan verir.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.