Bütün sahələrdə dərin böhranın hökm sürdüyü Ermənistanda ictimai-siyasi vəziyyət gərgin olaraq qalır. Sabiq prezidentlər Röbert Köçəryan və Serj Sarkisyanın istintaqa cəlb olunması gözlənir. Onlar 1999 və 2008-ci illərdə dövlət çevrilişinə cəhddə ittiham edilirlər. Ermənistan baş naziri Nikol Paşinyan əsas rəqibi Serj Sarkisyanı növbədənkənar parlament seçkilərinə qədər həbs etdirmək niyyətindədir.
İyunun 28-də Baş Prokurorluq Sarkisyanın keçmiş mühafizə rəisi, ehtiyatda olan general-mayor Vaçaqan Kazaryanın həbsinə qərar verib. O, iki ay müddətinə azadlıqdan məhrum edilib. Ermənistan KİV-ləri Kazaryanın həbsini geniş işıqlandırırlar. Bildirilir ki, o, bank hesabından 50 min dollar çıxaran zaman tutulub. Bundan əvvəl isə Kazaryan hesabından 120 min dollar və 436 milyon dram çıxarıb. Ermənistan təhlükəsizlik xidməti Kazaryanı həmin pulları bir dövlət məmuru kimi bəyan etmədiyinə görə tutub. Serj Sarkisyan həm də 2008-ci ilin 1 mart qətliamında günahlandırılır. Bu qanlı hadisədə əli olanlar arasında Robert Köçəryan da var. Köçəryan və Sarkisyan cütlüyü həm də 1999-cu ilin 27 oktyabrında Ermənistan parlamentinə hücum əmri verməkdə ittiham olunurlar. Həmin tarixdə hökumət üzvlərinin iştirakı ilə keçirilən parlamentin növbəti iclası zamanı bir qrup silahlı zala soxularaq, parlament sədri Karen Demirçyanı, baş nazir Vazgen Sarkisyanı və daha 6 nəfəri güllələyib. Silahlı dəstənin başçısı jurnalist, “Daşnaksütyun”un sabiq üzvü, 34 yaşlı Nairi Hunanyan olub. Şahidlərin dediyinə görə, silahlılar dövlət çevrilişi baş tutduğunu elan ediblər. Hunanyan o zaman Ermənistanda ən nüfuzlu şəxs hesab edilən baş nazir Vazgen Sarkisyanın üzünə: “Bəsdir qanımızı içdiyiniz”, - qışqırıb. Sarkisyan: “Hər şey sənin və övladlarının gələcəyi üçün edilir”, - deyə cavab verib. Bundan sonar, şahidlərin ifadəsinə görə, Hunanyan atəş açıb. Karen Demirçyanın oğlu, deputat Stepan Demirçyan deyir ki, 19 ildir hər şey edilir ki, bu cinayətin üstü açılmasın. Bu cinayətkar cütlüyün daha bir əlaltısı, Ermənistanın müdafiə nazirinin sabiq müavini general Manvel Qriqoryan artıq ötən həftələrdə bağ evində qanunsuz silah və döyüş sursatlarının aşkar edilməsi ilə əlaqədar həbs edilib. İstintaq onun cinayət əməlləri ilə bağlı hər gün yeni faktlar üzə çıxarır. Ermənistan polisi oliqarx-generalla əlbir olan həyat yoldaşı Nazir Əmiryanı da iyunun 28-də həbs edib. Onun da adı korrupsiya qalmaqalında hallanır. Bütün bu yaşananlar sübut edir ki, uzun illər ərzində Ermənistanda kök salmış kriminal rejimin fəaliyyəti yalnız Azərbaycanın torpaqlarının işğalı ilə bitməyib, onlar eyni zamanda öz ölkələrini cinayətkarlara xas olan şəkildə idarə ediblər. Ermənistanda baş verən son hadisələr Köçəryan- Serj Sarkisyan cütlüyünün ölkəni cinayətkarcasına idarə etməsinin sübutu sayıla bilərmi?
Ekspert Aqşin Əliyevin sözlərinə görə, Ermənistanda yaşananlar suların bir qədər durulması anlamına gəlir: “Bilirsiniz ki, Azərbaycana qarşı həyata keçirilən etnik təmizləmə, torpaqların işğalında məhz adları çəkilən iki prezident yaxından iştirak edib. Azərbaycan onların cinayətkar olduğunu dəfələrlə bəyan edib. Hətta hər iki eks-prezidentlə bağlı cinayət materiallarını istintaqa təqdim edib. Ancaq məlum səbəblərə görə biz hələ ki, onların cəzalandırılmasına nail ola bilməmişik. Ermənistanda baş verən hakimiyyət dəyişikliyi, faktiki olaraq, həmin klanı hakimiyyətdən saldı. İndi onların ətrafına cinayət işləri qaldırılıb. Özlərinin də məsuliyyətə cəlb edilməsi gözlənir. Ermənistanın rəsmi qurumlarının verdikləri məlumatlardan görünür ki, hər iki prezident və onların ətrafı yalnız Azərbaycanın torpaqlarını işğal etməklə kifayətlənməyib, eyni zamanda öz ölkələrini talan ediblər. Onların adları bir çox cinayətə rəhbərlik edən şəxs kimi hallanır. Ermənistan hakimiyyətinin özü Azərbaycana qarşı kimlərin məkrli planlara həyata keçirdiyini açıb ortaya qoymuş olur. Bir daha xatırladıram ki, Ermənistanı indiyə qədər kriminal xislətli insanların idarə etdiyi tam sübuta yetir. Bu, Ermənistanın öz etirafıdır”.
Məhəmmədəli QƏRİBLİ