Azər Allahverənov: “Hazırkı vəziyyətdə AB həmin məsrəfləri qarşılamağa məcburdur”
Avropa Birliyi liderləri miqrant siyasəti məsələsində çətin razılıq əldə ediblər. Razılaşma Brüsseldə aparılan 12 saatlıq gərgin danışıqlardan sonra əldə olunub. Almaniya kansleri Angela Merkel miqrasiya məsələsinin birliyin daxilində ən çətin, vacib problem olduğunu vurğulayıb.
Razılaşmaya əsasən, hər bir Avropa ölkəsi qaçqınları ayırd etmək üçün öz ərazilərində xüsusi “nəzarət mərkəzləri” yaratmalıdır. Qaçqınlar isə Avropa Birliyi ölkələrində əvvəlki kimi kvota ilə yox, könüllülük prinsipi ilə bölünəcək. Avropa Birliyi, həmçinin, birliyin xaricində, Şimali Afrika və Balkanlarda da bu cür mərkəzlər yaradılmasına çalışacaq. Qeyd edək ki, yeni İtaliya hökuməti bu yaxınlarda öz limanlarını dənizdə xilas edilən qaçqın gəmilərinin üzünə bağlayıb. Bu məsələ birliyin əsas üzvlərindən olan Fransanın ciddi narazılığına səbəb olmuşdu. Şimali Afrika və Yaxın Şərq ölkələrindəki hərbi münaqişələrə görə bir neçə ildir Avropaya qaçqın axını gəlir. Təkcə Almaniya 1 milyondan çox qaçqın qəbul edib. Eyni zamanda, Avropa İttifaqının liderləri Türkiyədə məskunlaşan miqrantlar üçün 3 milyard avro ödəmək haqqında qərar qəbul ediblər. Bu barədə Aİ-nin iclasında açıqlama verilib.
Qəbul olunan bu qərarlar Şimali Afrika və Yaxın Şərqdən olan miqrantların Avropaya köçünün qarşısını nə dərəcədə ala biləcək?
Miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov qəzetimizə açıqlamasında bildirdi ki, AB miqrant axınından və ondan doğan nəticələrdən əziyyət çəkdiyi üçün belə profilaktik tədbirlərə əl atmağa borcludur: “Hətta elə ölkələr var ki, qəti şəkildə miqrant qəbulundan imtina edirlər. Miqrantlarla dolu gəmilərin ölkəyə girişinə qadağa qoyulub. Fransanın isə bir sıra limanları miqrantları qəbul edir, bəziləri isə etmir. Avropada belə fikir formalaşıb ki, bəzi tədbirlərlə miqrant axınının qarşısını əhəmiyyətli şəkildə azaltmaq olar. Hesab edirlər ki, miqrantları ölkələrindən qaçmağa vadar edən səbəblər araşdırılsa, bunun qarşısı əhəmiyyətli şəkildə alına bilər. Buna görə də daha çox miqrant axınına səbəb olan ölkələrlə işlərin aparılması zəruri sayılıb. Belə tədbirlər sırasına həm də filtr rolunu oynayan qaçqın düşərgələrinin yaradılması da aid edilir. Belə düşərgələrin yaradılması özünü Türkiyə praktikasında aydın göstərdi və dünya bunun səmərəsini gördü. Suriyadan Türkiyəyə axın edən qaçqın ordusu bir müddət sərhəddə yaradılan qaçqın düşərgələrində yerləşdirildi. AB hətta həmin vaxt Türkiyəyə vəd olunan maddi yardımı da əməlli-başlı ödəmədi. Aparılan araşdırmalardan sonra bu qənaətə gəlinib ki, belə kampları Şimali Afrika və Balkanlarda da qursunlar. Bunun çox müsbət təsiri olacaq. Həmin düşərgələrdə qaçqınların ölkələrini niyə tərk etmələri, xarakterləri, nəyə meylli olmaları dəqiq müəyyən olunacaq. Bir sözlə, proses idarəedilən hala gətiriləcək və miqrantların xaotik halda bir ölkəyə doluşması mümkün olmayacaq. İstərdik ki, bu təşəbbüs tezliklə tətbiq olunsun. Düzdür, burada böyük məsrəflər tələb olunur. Amma belə bir vəziyyətdə AB həmin məsrəfləri qarşılamağa məcburdur. Çünki bu istiqamətdə olan qeyri-müəyyənlik daha böyük problemlərə yol açmış olur. Türkiyəyə miqrantlarla bağlı maliyyənin ayrılması da sevindirici xəbər oldu”.
Məhəmmədəli QƏRİBLİ