Mehman Muradlı: “Ölkəmizin bu cür qlobal əhəmiyyətli məsələlərlə bağlı təşəbbüs irəli sürməsi artıq dünya düzəninin vacib aktoruna çevrilməsindən xəbər verir”
BMT-nin İnsan Hüquqları Şurasının bu günlərdə davam edən 38-ci sessiyası çərçivəsində Azərbaycanın təşəbbüsü, 126 BMT-yə üzv dövlətin, o cümlədən Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatının bütün üzvlərinin həmmüəllifliyi ilə birgə Bəyanat səsləndirilib.
Bəyanat BMT-nin İnsan Hüquqları Şurası üzvlərinin üçdə ikisi tərəfindən dəstəklənib.
Azərbaycanın BMT-nin Cenevrə Ofisi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Vaqif Sadıqov tərəfindən səsləndirilən bəyanatda cari ilin avqust ayında BMT-nin baş katibi tərəfindən təyin edilməsi gözlənilən BMT-nin insan hüquqları üzrə yeni ali komissarından BMT-yə üzv dövlətlərin gözləntiləri əksini tapır.
Bəyanatda silahlı münaqişə qurbanlarına xüsusi yer ayrılır və təyin olunacaq yeni ali komissar silahlı münaqişələr nəticəsində yurd-yuvasından didərgin düşmüş şəxslərin pozulmuş hüquqlarına xüsusi diqqət yetirməyə çağırılır. Təyin olunacaq ali komissardan öz fəaliyyəti müddətində BMT Nizamnaməsini rəhbər tutmağa və BMT-yə üzv dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşmağa dair gözlənti ifadə olunur.
Azərbaycanın bu təşəbbüsünü və ona verilən reaksiyanı necə dəyərləndirmək olar?
Beynəlxalq hüquq üzrə ekspert Mehman Muradlı qəzetimizə açıqlamasında bildirdi ki, Azərbaycan bütün beynəlxalq platformalarda fəallıq nümayiş etdirir: “Biz ölkə olaraq, eyni zamanda, dünyanı narahat edən bəşəri problemlərin həlli ilə də bağlı böyük təşəbbüskarlıq göstəririk. Azərbaycanın evsahibliyi etdiyi beynəlxalq tədbirlərin mahiyyəti bunu aydın şəkildə büruzə verir. Bu günlərdə Əfqanıstan böhranı ilə bağlı böyük bir tədbirin ölkəmizdə keçirilməsi də deyilənlərin sübutu sayıla bilər. BMT-nin insan hüquqları üzrə yeni ali komissarından Azərbaycanın gözləntiləri təbii ki, çoxdur. Bu gün elə bir vəziyyət yaranıb ki, dünyada insan haqlarından daha çox danışan böyük ölkələr BMT-nin sözügedən qurumunu tərk edirlər. Azərbaycanın isə fəaliyyəti göz qabağındadır. Biz, haqlı olaraq, öz nümunəvi davranışımıza adekvat münasibət tələb edirik. İstəyimiz budur ki, Ermənistan tərəfindən milyonlarla insanın haqqının pozulması məsələsi öz hüquqi və siyasi həllini tapmış olsun. Ölkəmizin qaldırdığı məsələ lokal deyil, bəşəri əhəmiyyət daşıyır. Məhz buna görədir ki, BMT-nin əksər üzv dövlətləri və digər təsisatlarda təmsil olunan ölkələr tərəfindən məsələ dəstəklənib. Ölkəmizin bu cür qlobal əhəmiyyətli məsələlərlə bağlı təşəbbüs irəli sürməsi artıq dünya düzəninin vacib aktoruna çevrilməsindən xəbər verir. Bilirsiniz ki, ölkəmiz yalnız beynəlxaq hüquq, insan haqları deyil, iqtisadi platformalarda da təşəbbüskarlıq göstərir və bunun ciddi nəticəsi olur. Azərbaycanın təşəbbüsü ilə reallaşan iqtisadi meqalayihələrin ərsəyə gəlməsi də buna sübutdur. Bu baxımdan da ölkəmizin BMT-dəki son təşəbbüsünü və ondan doğan nəticəni təqdirəlayiq hal kimi qiymətləndirirəm”.
Məhəmmədəli QƏRİBLİ