Azər Həsrət: “Çox nadir hallarda hansısa vətəndaş hansısa redaksiyaya gedib öz etirazını bir qədər emosional şəkildə bildirə bilər”
Məlum olduğu kimi, ABŞ-ın Merilənd ştatında “Capital Gazette” nəşrinin redaksiyasına silahlı hücum olub. Adıçəkilən şəhər ABŞ-ın paytaxtı Vaşinqtona 1 saatlıq məsafədə yerləşir. Baş verən hücum nəticəsində 5 nəfər ölüb, 10-a yaxın insan xəsarət alıb. Bəzi məlumatlara görə, yaralananların sayı 20 nəfərdən çoxdur. Atəş açan şəxs saxlanıb. Bu, 38 yaşlı Jarrod Ramos adlı bir kişidir. Məlumata görə, adıçəkilən şəxs daha öncə də qəzetə sosial şəbəkə vasitəsilə təhdidlər göndərib.
“Silahlı şəxs ofisə daxil olaraq atəş açmağa başlayıb, həmkarlarımdan bir neçəsi ölüb. Silahlı şəxs əvvəlcə şüşə qapıya atəş açıb, sonra ofisə daxil olaraq, otaqdakı insanlara atəş açmağa başlayıb”, - deyə redaksiyanın əməkdaşı Fil Devis “Twitter”də bildirib. Hələlik hücumun səbəbi bilinmir.
Birləşmiş Ştatlar kimi böyük və eyni zamanda inkişaf etmiş bir ölkədə qəzet redaksiyasına bu cür hücum böyük rezonansa səbəb olub. Çünki ABŞ-da kifayət qədər böyük təhlükəsizlik resursları var. Düzdür, bu kimi vasitələr belə, 100 faiz təhlükəsizliyi təmin etmək gücünə malik deyil. Ən azından, bir neçə dəfə ABŞ məktəblərində buna bənzər qətliamlar yaşanıb. Ancaq söhbət qəzet redaksiyasında baş verən hadisədən getdiyi üçün, bu ciddi düşünməyə əsas verir. Ancaq müqayisə etsək görərik ki, Azərbaycanda indiyə qədər bənzər xoşagəlməz hal yaşanmayıb. Hansısa qəzetin kursundan narazılıq olsa belə, bu, redaksiyaya hücum olunmasına və yaxud da qətliam törədilməsinə gətirib çıxarmayıb. Yəni bu sahədə vəziyyət Azərbaycanda daha yaxşı səviyyədədir. Bu baxımdan iki ölkədə bu yöndə mediaya olan münasibəti, medianın vəziyyətini ekspertlər necə müqayisə edirlər?
Məsələyə münasibət bildirən media eksperti Azər Həsrətin sözlərinə görə, Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən biridir: “Bütün dünyada bilinir ki, Azərbaycan ən təhlükəsiz və sabit ölkələrdən biridir. Bir çox hallarda birincisidir. Yəni Azərbaycanda təhlükəsizlik ən yüksək səviyyədə təmin edilib. Bu da ondan irəli gəlir ki, həm dövlət üzərinə düşən vəzifələri yüksək səviyyədə həyata keçirir, həm də insanlarımız, bir sıra dövlətlərin vətəndaşlarından fərqli olaraq, özünüidarəetmədə yüksək səviyyəyə nail ola biliblər. Yəni bizim insanlarımız hər məsələni zor gücünə həll etməyə meylli deyillər. Ancaq, bizdən fərqli olaraq, ABŞ-da bir işi məhkəmələrdən keçirmək olduqca böyük xərc tələb edir. Eyni zamanda, insanların əsəbləri buna dözmür. Yəni ABŞ ədalət sistemi o qədər mürəkkəbdir ki, adi insanlar o məhkəmələr vasitəsilə öz hüquqlarını tələb edib haqlarını bərpa edə bilmirlər. Ona görə də Birləşmiş Ştatlarda tez-tez vətəndaşlar silaha əl atıb problemlərini özləri həll etməyə üstünlük verirlər. Bu, jurnalistlərə də qarşı baş verir, polislərə qarşı da. Ümumiyyətlə, ABŞ-da zaman-zaman orta məktəblərə, ali məktəblərə silahlı hücumlar olur. Şagirdlər çox rahat şəkildə silaha əl atırlar. Qəzetə olan hücum da bundan irəli gəlir. Yəni ABŞ daxili təhlükəsizliyi yüksək səviyyədə təmin edə bilmədiyinə görə, eyni zamanda, məhkəmə yolu ilə haqq və ədalətin təmin edilməsi üçün yetərincə şəraitin olmadığına görə insanlar bu yolu seçməyə məcbur olurlar. Bütün hallarda, belə əməllərə haqq qazandırmaq olmaz. Azərbaycanda isə bənzər halların baş verməsi sadəcə olaraq istisnadır. Ümumiyyətlə, belə hallara yol verilmir. Çox nadir hallarda hansısa vətəndaş hansısa redaksiyaya gedib öz etirazını bir qədər emosional şəkildə bildirə bilər. Ancaq kimlərinsə əlinə silah alıb jurnalistlərə və yaxud da redaksiyalara hücum etməsi, əlbəttə ki, bizim insanımızın ağlına gəlməyəcək bir şeydir”.
Vidadi ORDAHALLI